Vəkillərin kollegiyadan uzaqlaşdırılmasının pərdəarxası

23-11-2017, 09:21           
Vəkillərin kollegiyadan uzaqlaşdırılmasının pərdəarxası
İlginc siyahı, qaranlıq səbəblər - faktlar

Bu günlərdə vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılması ciddi müzakirə mövzusu oldu. Bundan öncə Azərbaycanda vəkillərin pozulan hüquqları ilə bağlı dəfələrlə çıxış edən vəkillər üçün belə bir nəticə gözlənilməz olmadı. Çünki Vəkillər Kollegiyasının təcrübəsində müxalifyönlü vəkillərlə bağlı belə hallar dəfələrlə yaşanıb. “Yeni Müsavat” bəzi nümunələri yada salır.

2016-cı ilin aprelində vəkil Müzəffər Baxışov Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilib. Bununla bağlı VK-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, onunla bağlı Ali Məhkəmənin hakimi Tatyana Qoldman VK-ya şikayət edib. Bu gün VK-da vəkillə bağlı inzibati icraata baxılıb və müvafiq qərar qəbul edilib.

M.Baxışov 16 saylı Hüquq Məsləhətxanasında çalışıb.

Qeyd edək ki, iclasda bir sıra tanınmış vəkillərin, o cümlədən Bəhruz Bayramov, Adəm Məmmədov, Elçin Sadıqov və “digərlərinin işinə” də baxılıb. Müzəffər Baxışın Vəkillər Kollegiyasından uzaqlaşdırılmasına səbəb kimi də Ali Məhkəmənin sədri Ramiz Rzayevi tənqid etməsi olub.

2016-cı ilin aprelində tanınmış vəkil Xalid Bağırov Vəkillər Kollegiyasına üzvlükdən çıxarılıb. Nizami Rayon Məhkəməsində vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından xaric olunması barədə kollegiyanın verdiyi iddia üzrə qərar verilib. X. Bağırov həmin vaxt bildirmişdi ki, bir müddət əvvəl Vəkillər Kollegiyası onun kollegiyadan xaric olunması barədə təqdimatla məhkəməyə müraciət edib. Qeyd edək ki, bundan əvvəl isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə X. Bağırovun vəkillik fəaliyyətinə xitam verilib.

Bağırovla bağlı Şəki Apelyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun Vəkillər Kollegiyasına müraciət edib. O, Şəki Apellyasiya Məhkəməsində Tofiq Yaqublu və digərlərinin məhkəməsi keçirilən zaman X. Bağırovun dövlətçilik əleyhinə çıxışlar etdiyini bildirib.

2011-ci ildə vəkil Osman Kazımov da Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmışdı. Kollegiyanın Rəyasət Heyəti bu qərarı baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb. Belə ki, O.Kazımovun hüquqlarını müdafiə etdiyi bir vətəndaş Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Kamal Talıbov tərəfindən dindirilərkən onun ifadəsi təhrif edilib. Bu səbəbdən təqsirləndirilən şəxs və vəkil protokolu imzalamaqdan imtina ediblər və bunu qeyd şəklində yazıblar. Müstəntiq bunu müdafiə hüququnu pozma kimi yozub və Vəkillər Kollegiyası tərəfindən Osman Kazımovun cəzalandırılması üçün işə prosessual nəzarəti həyata keçirən baş prokurorun müavini Rüstəm Usubov qarşısında vəsatət qaldırıb. R.Usubov isə bu haqda Vəkillər Kollegiyasına təqdimat yazıb.


Halbuki bu, tamamilə qanunsuz bir hərəkətdir. Çünki Cinayət Prosessual Məcəlləsinin 51.5 maddəsinə görə, prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, yalnız bu barədə protokolda müvafiq qeyd aparılır.

Bundan əvvəl Vəkillər Kollegiyasından İntiqam Əliyev, Aslan Ismayılov, Əlayif Həsənov, Xalid Bağırov, Qurban Məmmədov, Elçin Namazov, Ənnağı Hacıbəyli və digərləri kənarlaşdırılıblar. Bu şəxslərin hər biri ictimaiyyət arasında tanınan, vəkil kimi sayılıb-seçilən, öz işini gözəl bilən şəxslər olub.

Ekspertlər isə hesab edirlər ki, məqsəd müdafiəni müstəqil şəkildə aparan şəxslərin sırasını daraltmaqdır. Belə ki, bütün məhkəmələrdə işlərə ancaq 934 nəfər vəkillər kollegiyasının üzvünü çıxarmaq istəyirlər. Məqsəd vətəndaşı keyfiyyətli hüquqi yardımdan məhrum etməkdir. Hüquqi yardımsız qalan vətəndaş məhkəmədə pis vəziyyətə düşdüyü üçün müəyyən vasitələrlə işini həll etməyə çalışacaq. Bununla da rüşvət, korrupsiya daha da genişlənəcək. Bu əməliyyatın aparılmasında ilkin məqsəd kimi korrupsiyaya qapı açmaq istəyi göstərilir.

Daha bir ilginc məlumat isə statistikada gizlənib. Belə ki, Azərbaycanda əhalinin sayı 10 milyon, kollegiyaya üzv olan vəkillərin sayı isə 936 nəfərdir. Bu o deməkdir ki, hər 11 min 100 nəfərə bir vəkil düşür. Bu vəkillərin təxminən 600-dən çoxu Abşeron və Bakı ərazisində fəaliyyət göstərir. Hazırda Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər isə təxminən 1000 nəfərdir. Onların hamısı üzvlüyə qəbul edilsə belə, say kifayət etmir.

Azərbaycanda ildə 13 min cinayət işi olur, bu işlərə yalnız Kollegiyaya üzv vəkillər baxır. Bundan əlavə isə 100 min mülki və on minlərlə inzibati məhkəmə prosesləri də baş tutur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.