Xəzərin o tayında vuran isti ürəklər – Sona Vəliyeva
23-11-2017, 12:27
Dünya Gənc Türk Yazarlar Birliyinin “Yeni qazax şeiri antologiyası” nəşri işıq üzü görüb.
Kult.az xəbər verir ki, nəşrdə Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanıb.
“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstanın Dövlət Ödülü laureatı Temirxan Mədətbek isə “Ön söz” yazıb.
Sona Vəliyeva “Xəzərin o tayında vuran isti ürəklər” yazısında “Yeni qazax şeiri antologiyası”nın Bakıda işıq üzü görməsinin bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin - Qazaxıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib:
“Bizim sahib olduğumuz ortaq dəyərlərdən biri də Xəzərdir – göl ola-ola dünyada dəniz kimi qəbul edilmiş Xəzər..! Hər iki sahilində, eləcə də, digər sahillərində tarix boyunca (bugün də) bizə doğma dildə, doğma ləhcədə danışanların yaşadığı Xəzər! Və adını bu dənizdən götürmüş, Bakıda gün üzü görən (“üç əsrin qəzeti” fəxarət və qürur “titul”unu daşıyan!) bir qəzetin təsisçisi olaraq, mənimçün xoşdur ki, “Yeni qazax şeiri antologiyası”na ürək sözlərimi yazıram.
Belə antologiya ilk dəfədir hazırlanır. Qazax qardaşlarımızın zəngin söz sənətinin bugünkü nümayəndələrinin demək olar, bütün spektri ilə görünməsi, əlbəttə, təqdirəlayiqdir. Etiraf edək ki, bizdə Qazax ədəbiyyatı deyincə, adətən, Abay, Cambul və Oljas Süleymenov adları çəkilir, “Türk xalqları ədəbiyyatı” antologiyalarında da, əsasən bu adları görürük. Əslində, bu görkəmli adlarla yanaşı, tanımalı olduğumuz onlarla başqa qazax ədibləri vardır.
Beləliklə, çağdaş qazax ədəbiyyatı nümayəndələrini, özəlliklə perspektiv vəd edən yeni və ən yeni nəsli tanımaq, neçə neçə dostluqların, işbirliklərinin əsasını qoyacaqdır. Ədəbiyyatçıların, əli qələmlilərin dostluğu, bir başqa dostluqdur və bütün topluma geniş şəkildə sirayət edir. İlk növbədə isə öz planında ədəbiyyat təsərrüfatımızda canlanma yaradacaq, müəyyənlik gətirəcəkdir. Qazaxıstanın mövcud ədəbi mənzərəsini bir kitab boyunca izləmək imkanı fərqləndirləsi və dəyərləndiriləsi haldır.
Elə bilirəm, həm bu antologiya özü dostluğun bəhrəsidir, həm dostluq, qardaşlıq çələngidir, həm də, antologiyanın hazırlanması prosesi də yeni dostluqlara səbəb olub…
“Yeni qazax şeiri antologiyası” dövlət qurumlarının hazırladığı nəşr deyil, qardaş xalqlarımızın yeni nəsil yazarları arasında işbirliyinin məhsuludur. Məncə, bax, bu məqam da, özünəməxsus gözəllik daşıyır.
***
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidentinin dəvəti ilə 2017-ci ilin aprelində Azərbaycan Respublikasında rəsmi səfərdə olarkən keçirilən mətbuat konfransında hər iki prezidentin səsləndirdikləri fikirlərdən bəzi məqamları burada xatırlatmaq istərdim.
Prezident İlham Əliyev: “…Əlbəttə, humanitar sahədə əməkdaşlıq da müzakirə olundu. Biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin biri-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq”.
Prezident Nursultan Nazarbayev: “…Digər məsələlərə – həm iqtisadi və siyasi, həm də mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün …mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var”.
Elə bilirəm, “Yeni qazax şeiri antologiyası”nın nəşrinin nə qədər düşünülmüş, doğru qərar olması, dövlət başçılarımızın bu yolgöstərici, istiqamətverici fikirlərinin işığında daha da aydın görünür. Demək, gələcəkdə, bu kimi layihələri genişləndirmək məqsədəuyğundur.
***
“Təşəkkür sözü qısa olar” – bu, qazax qardaşlarımızın sözüdür. – Mən həm təşəkkürümü, həm də ürək sözlərimi qısa tutmaq istərdim. Elə bilirəm, bu kitabda əziyyəti olan hər kəsə təşəkkür ilk növbədə, qədirbilən oxucularımızdan gələcək. Biz də, öz növbəmizdə, antologiyanın redaksiya heyətinə də, müəlliflərə də səmimi qəlbdən minnətdarlıq edirik ki, belə bir nəcib təşəbbüslə çıxış edib və onu gerçəkləşdiriblər. Məncə, oxucuları çox da intizarda qoymadan, onları OXUya dəvət etməyin vaxtıdır. – Buyurun, qazax qardaşlarımızın qələmindən süzülüb gələnlərlə, Xəzərin o tayında vuran isti ürəklərlə tanış olun… O ürəklər və o ürəklərdəkilər sizə çox tanış gələcək. Bu ruhubirliyin, keçmişi birliyin və birgə gələcək diləklərinin ifadəsidir…”
Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı Temirxan Mədətbek isə yazdığı “Ön söz”də bunları qeyd edib:
“Çevriləcək şeir çətin bir həyat yaşar, həm də üç kərə… O, ana-atasından ilgisiz qalan bir cocuq kimidir. Artıq bu cocuğu qucağına alaraq, şəfqətlə saracaqmı, yoxsa yad dildəki (yadırğayan yetim) halında buraxacaqmı? – bax, bunlar bu özgənin, yəni çevricinin əlindədir” – demiş Bella Ahmadulina. Azərbaycan dilinə çevrilən Qazax şairlərinin şeirlərini əlimə aldığımda mənim ağlıma gələn ilk düşüncə bu oldu. Mənə görə, çevriyə asanlıqla uymayan, ən çətin varlıq da Şeirdir..! Gerçəkdən, “şeiri çevirmək, onu öldürməklə eynidir” deyən Robert Frost kimi inadçılar da vardır. “Tamam, elə olsun” deyək… ancaq bizə bu Frostun özünü tanıdan kimdir və ya nədir? Digərlərini bir yana qoysaq, kökübir qardaş – Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm kimi Azərbaycan şairlərinin bir çox əsərləriylə məhz çevricilərin hazırladığı kitablar sayəsində tanış olduğumuzu unutmamalıyıq.
…Tamam. Mənim qarşımda Xəzər Dənizinin ötəsinə doğru yola düşən qağayı kimi 57 Qazax şairinin şeirləri qanad vurur…
Yadlardan biri deyə bilməzsiniz – kökü bir, diləyi bir qardaş millətdir onlar – azərbaycanlılar!
Özümüz hər zaman anlatdığımız Nizaminin, Nəsiminin, Füzulinin torpağıdır Xəzərin o tayındakı qardaş ölkə!
Arasında alovlanan gəncləri də bulunan, zəki və bilgili şairlərimizin yaşlı Qafqaz ölkəsindən öz oxucucularını tapacağına əminik…
Bu – sorumluluğu böyük, məqsədi yaxşı, savabı bol çalışmaya vaxtını, enerjisini xərcləyən, bu gözəl işi qeyrətlə gerçəkləşdirən tərtibçilərə, çevricilərə, redaktorlara… ortaq dənizli iki qardaş ölkənin aydınlarının çox təşəkkür edəcəyi şübhəsizdir!”
Qeyd edək ki, antologiyanın baş redaktoru Əkbər Qoşalıdır.