Qeyri-rəsmi məşğulluqla mübarizə başlayır - Əli Əhmədov təfərrüatı açıqladı
1-12-2017, 11:22
Baş nazirin müavini: “1,5 milyon nəfər vergi və sosial ödənişlər etməyən şəxslərdir; bu, qeyri-rəsmi iqtisadiyyatın yaranması üçün münbit zəmindir”
Azərbaycanda əmək münasibətlərini rəsmiləşdirmədən çalışanların sayı 1,5 milyon nəfərə yaxındır. Bu məlumatı baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının rəhbəri Əli Əhmədov “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə bağlı keçirdiyi brifinqdə səsləndirdi.
Ə.Əhmədovun sözlərinə görə, ölkədə 5 milyon nəfər iqtisadi fəal əhalinin 4,7 milyon nəfəri məşğuldur. Bunun 1,7 milyon nəfəri kənd təsərrüfatı ilə məşğul olanlar, 1,5 milyon nəfəri muzdla çalışanlardır. Qalan 1,5 milyon nəfər isə qeyri-rəsmi məşğul olanlardır: “Bunlar əmək münasibətlərini rəsmiləşdirməyən, ondan vergi və sosial ödənişlər etməyən şəxslərdir. Bu rəqəmlər göstərir ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması cəmiyyətin qarşısında duran çox ciddi sosial vəzifələrdən biridir”.
Baş nazirin müavini hökuməti bu sahədə narahat edən əsas məqamları da açıqladı: “Əvvəla, qeyri-rəsmi məşğulluq qeyri-rəsmi iqtisadiyyatın yaranması üçün münbit zəmindir. Buna görə də Azərbaycan hökuməti bu vəziyyətin aradan qaldırılmasını istəyir. Qeyri-rəsmi məşğulluq həmçinin böyük həcmdə vergidən, sosial ödənişlərdən yayınmalara yol açır. Bu hal əmək fəaliyyəti ilə məşğul olan insanların sosial və əmək hüquqlarının tam şəkildə həyata keçirilməsinə mane olur. Bütün bunlarla yanaşı, qeyri-rəsmi məşğulluq məşğulluq statistikamızın da qeyri-dəqiq olmasına gətirib çıxarır. Qeyri-rəsmi məşğulluq həm də insanların gələcəkdə pensiya almaq hüququndan məhrum edir. Buna görə də hökumət özünün borcu hesab edir ki, bu halların qarşısını alsın və gələcəkdə insanlarımız belə sosial problemlə üzləşməsinlər”.
Sosial ödəniş işçi ilə işəgötürən arasında bərabər bölünəcək
Ə.Əhmədov qeyri-rəsmi məşğulluğun əsas fəsadlarından biri kimi “qara mühasibatlığı” göstərdi. Bildirdi ki, “qara mühasibatlıq” bilavasitə vergi və sosial ödənişlərdən yayınmaq məqsədilə həyata keçirilən fəaliyyətdir: “Mən buradan sahibkarlara səslənirəm ki, ”qara mühasibatlıq" kimi eybəcər fəaliyyətlərdən uzaq olsunlar“.
Baş nazirin müavininin sözlərinə görə, 5 hissədən ibarət olan Tədbirlər Planında qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasının əsas istiqamətləri müəyyənləşdirilib. Bunlardan birincisi qanunvericiliyin təkmilləşdirilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməməsinə imkan verən boşluqların aradan qaldırılmasıdır.
İkinci məsələ inzibatçılıq və iqtisadi mexanizmlərin təkmilləşdirilməsidir. Ə.Əhmədov deyir ki, ölkə qanunvericiliyində qeydiyyatsız əmək fəaliyyətinə görə həm işəgötürənlərə, həm də işçilərə yönəlik ciddi cəzalar var. Lakin onların tətbiqi sahəsində müəyyən problemlər var və onların aradan qaldırılması nəzərdə tutulur: “Deyim ki, Avropa ölkələrində belə cəzalar daha ağır və daha sərtdir”.
Prezidentin təşəbbüsü ilə bir neçə istisna ilə Azərbaycanda sahibkarlıq subyektlərinin yoxlanması 2021-ci ilədək dayandırılıb. Buna görə də hökumət qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün başqa nəzarət metodlarından istifadə edəcək.
Ölkədə qeyri-rəsmi məşğulluğun ən yüksək səviyyəsi ticarət və xidmət sektorundadır: “Cəmiyyətdə belə bir yanlış rəy formalaşıb ki, qeyri-rəsmi məşğulluq tikinti sahəsində daha yüksəkdir. Amma bizim apardığımız araşdırmalar göstərir ki, bu kimi hallara ticarət və xidmət sahələrində daha çox rast gəlinir. Hazırda ayrı-ayrı sahələrdə bu problemin aradan qaldırılması üçün beynəlxalq təcrübə də nəzərə alınmaqla xüsusi tədbirlər işlənir. Məsələn, götürək ticarət sektorunu. Tutalım ki, sahəsi 1000 kvmetr olan ticarət müəssisəsində yalnız 5 nəfərin işləməsi qeyri-mümkündür. Eyni sözləri iaşə sektoru üçün də söyləmək mümkündür. Burada biz xarici təcrübəni də nəzərə almaqla, işçi sayına minimum hədd müəyyənləşdirəcəyik”.
Komissiya sədri həmçinin qeyd etdi ki, stimullaşdırıcı iqtisadi mexanizmlərin tətbiqi imkanları da araşdırılır: “Gələcəkdə vergi güzəştlərinin tətbiqi, eyni zamanda sosial ödənişlərin yükünün işəgötürənlərlə işçi arasında ədalətli paylanması imkanlarının öyrənilməsi üçün araşdırmalar aparılır”.
Ə.Əhmədovun sözlərinə görə, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün güzəşt tədbiri kimi əmək haqqından ödənilən sosial sığorta haqqının azaldılması nəzərdə tutulmur: “İnsanların pensiyalarının ödənişini bugünkü səviyyədə təmin etmək üçün Pensiya Fonduna daha az vəsaitin toplanmaması lazımdır. Yəni bugünkü səviyyədən aşağı toplanma olarsa, biz insanların pensiya ödənişlərini təmin edə bilmərik. Buna görə də əmək haqqından ödənilən sosial sığorta haqqı səviyyəsini dəyişmək nəzərdə tutulmur. Bu sahədə gələcəkdə tətbiq oluna biləcək əsas məsələ ödənişlərin iki tərəf - işçi və işəgötürən arasında bərabər bölünməsidir. Bizdə hazırda sovetlər dövründən qalma 22 faiz:3 faizdir. Biz bu nisbəti dəyişmək üçün ilk növbədə qanunvericiliyə böyük dəyişiklik etməliyik. Lakin buna da tezliklə getmək mümkün deyil. Bu iş vaxt tələb edir. Bölgü elə aparılmalıdır ki, sahibkarla yanaşı, işçi də həm psixoloji, həm də əmək haqqının səviyyəsi baxımından buna hazır olsun. Burada biz mərhələ-mərhələ irəliləməyi nəzərdə tuturuq. Sahibkarları da inandırmalıyıq ki, işçinin üzərinə düşəcək yükün bir hissəsini özü qarşılamağa hazır olsun. Bundan əlavə, kənd təsərrüfatı sahəsində məşğul olan əhalinin sosial sığorta ödənişi çox simvolik bir məbləğdir. Biz bunu da qaldırmağa nail olmalıyıq ki, gələcəkdə həmin şəxslər pensiya ala bilsinlər”.
İcbari tibbi sığortaya tam keçid niyə uzanır?
Azərbaycanın bütün ərazisində icbari tibbi sığortanın tətbiqi üçün hazırda dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərdən əlavə, ondan 2-2,5 qat artıq məbləğ tələb olunur. Bunu Ə.Əhmədov jurnalistlərin suallarını cavablandırarkən dedi. Onun sözlərinə görə, ölkədə səhiyyənin maliyyələşməsinin yeni metoduna keçid bir sıra məsələlərə görə gələn ildən mümkün olmayacaq.
Ə.Əhmədovun verdiyi məlumata görə, əsas problemli məsələlərdən biri işləyən əhalinin ödəyəcəyi sığorta haqqının müəyyənləşməsi ilə bağlıdır.
Baş nazirin müavini konkret rəqəm açıqlamasa da, deyib ki, əmək haqqından ödəniləcək icbari tibbi sığorta haqqı ilkin dövr üçün kiçik bir rəqəmi əhatə edəcək: “Birdən-birə yüksək faizlərdən başlaya bilmərik. Buna görə də başlanğıc üçün Avropa ölkələrindəki ilə müqayisədə simvolik sayıla biləcək məbləğdən başlayacağıq. Tədricən, əlbəttə ki, təkmilləşmələr gedəcək, icbari tibbi sığorta haqqı da artacaq”.
Gələn ildən Mingəçevir və Yevlaxdan başqa rayonlar da pilot layihəyə cəlb ediləcək.
Ə.Əhmədovun fikrincə, icbari tibbi sığortanın tətbiqi insanları əmək münasibətlərini rəsmiləşdirməyə stimullaşdıracaq: “Ən azı iki rayonun təcrübəsi göstərir ki, icbari tibbi sığortanın tətbiqi insanların öz əmək münasibətlərini rəsmiləşdirməsi üçün stimullaşdırıcı rol oynayır”.
Baş nazirin müavini onu da bildirdi ki, kənd təsərrüfatı sahəsində məşğul olan əhali tibbi sığorta paketini özü əldə etməli olacaq: “Kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımız var ki, qapısında 200-300 qoyunu var. İcbari tibbi sığorta haqqı üçün ondan bir quzunun pulu tələb olunacaq. Bu halda həmin vətəndaşlara qarşı haqsızlıq olunacağını düşünmürəm”.