Vüqar Bayramov: “Maliyyə Bazarlarına Nəzarət Palatası da öz strategiyasını tamamilə dəyişməlidir”

28-12-2017, 10:32           
Vüqar Bayramov: “Maliyyə Bazarlarına Nəzarət Palatası da öz strategiyasını tamamilə dəyişməlidir”
“Kreditlərin yüksək faizlə və kimə gəldi verilməsi bankların hazırda yaşadıqları böhranın əsasını qoydu”

Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunda heç bir bankın bağlanmayacağı ilə bağlı dəfələrlə açıqlama versə də, “Dəmirbank”ın lisenziyasının ləğv edilməsi bütün suallara son qoydu. Və bəlli oldu ki, daha bir neçə bank bağlana bilər. Artıq başa vurmaqda olduğumuz 2017-ci il ərzində bankların sağlamlaşdırma prosesi daim gündəmdə olsa da, görünən odur ki, ciddi bir nəticə əldə edilə bilmədi. Bankların aktivləri azaldı, problemli kreditlərin həcmi artdı. Nəticədə bank sektorunda böhran daha da dərinləşdi. Bəs görəsən, hazırda bank sektorunun batmasının səbəbi nədir? Bu sektoru xilas etmək üçün hansı işlər görülməlidir?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, “Dəmirbank”ın müflis elan olunması gözlənilən idi: “Çünki bu bank artıq öz funksiyalarını tam yerinə yetirə bilmirdi. Bankdan xırda əmanətlərin alınmasında belə çətinliklər var idi. Amma bütövlükdə problem, sadəcə, ”Dəmirbank"ın müflis elan olunması ilə bağlı deyil. Problem ondan ibarətdir ki, bank sektorunun sağlamlaşdırılmasına nail olmaq hələlik mümkün olmayıb. 2017-ci ildə bankların sağlamlaşdırılması hökumət üçün prioritet olsa belə, reallıq bundan ibarətdir ki, hələlik bankların sağlamlaşdırılması prosesi toksik aktivlərin, problemli kreditlərin sayının azalmasına gətirib çıxartmayıb. Banklar bu problemləri daha çox sektordan kənar faktorlarla bağlayırlar. Sözsüz ki, sektordan kənar faktorların da təsiri var. Bunu inkar etmək olmaz. Ancaq eyni zamanda bankların 2015-ci ilə qədər olan siyasəti də nəticə etibarilə toksik aktivlərin və problemli kreditlərin həcminin artmasına gətirib çıxardı".

İqtisadçının sözlərinə görə, kreditlərin yüksək faizlə və kimə gəldi verilməsi bankların hazırda yaşadıqları böhranın əsasını qoydu: “Uzun müddət kommersiya bankları əlçatan, ancaq bahalı kreditlər təklif edirdilər. Nəzəri olaraq, əgər nə isə bahalıdırsa, ona əlçatanlıq az olmalıdır. Ancaq Azərbaycanda neft bumu dövründə kreditlər bahalı idi, əlçatanlıq yüksək səviyyədə idi. Kreditlərin faiz dərəcəsi yüksək olsa da, kommersiya bankları kifayət qədər böyük məbləğdə istehlak kreditlərini müştərinin imkanlarını yoxlamadan təklif edirdilər. Həmin dövrdə bəzi kommersiya bankları çay evlərində belə kredit kartları paylayırdılar. Bu bahalı və əlçatan kreditlər bir tərəfdən vətəndaşların borc öhdəliklərinin çoxalmasına gətirib çıxarırdı, digər tərəfdən isə kommersiya banklarının özü üçün potensial problemlər yaradırdı. Bu problemlər də yarandı. Nəticədə devalvasiyadan sonra banklarda problemli kreditlərin həcmində kəskin artım müşahidə olundu, kredit portfelində azalmalar oldu. Əmanət portfelində də azalmalar oldu. Bu da ondan xəbər verirdi ki, bankların toksik aktivlərinin həcmi artmaqdadır. Neft bumu dövründə banklara nəzarətin gücləndirilməsinə ehtiyac var idi. Bu gün müflis olmuş ”Dəmirbank"da sığortalanmayan əmanətlərin həcmi 28 milyon manatdan artıqdır. Bu, kifayət qədər böyük rəqəmdir və o deməkdir ki, qorunmayan əmanət olduğu üçün onların geri qayıtması ehtimalı kifayət qədər azdır. Çünki bankın öhdəliyi çoxdur, aktivləri azdır. Nəticədə qorunmayan əmanətlərin geri qayıtması ilə bağlı çətinliklər var. Bu kontekstdən də bankların sağlamlaşdırılmasına ciddi ehtiyac var".

V.Bayramovun fikrincə, elə bir mərhələdir ki, banklarda problemlərin yaranma səbəblərindən daha çox, aradan qaldırılmasına fokuslaşmağa ehtiyac var: “O baxımdan toksik aktivlərin, eləcə də bank sektorunun sağlamlaşdırılması üçün xüsusi proqram qəbul edilməlidir. Xüsusi proqram vasitəsilə toksik aktivlərin payını azaltmaq, nəticədə problemli kreditlərin həcmini azaltmaq olar. 2008-ci ildəki maliyyə böhranından sonra ABŞ-da xüsusi bir proqram qəbul olundu, o proqrama ABŞ hökuməti 450 milyard dollardan artıq vəsait xərclədi ki, bankların sağlamlaşdırılması mümkün olsun. Azərbaycanda da ayrıca bir proqramla bankların sağlamlaşdırılmasına ehtiyac var. Əks halda, problemli banklar mövcud resursları ilə özlərini sağlamlaşdırmaq iqtidarında deyillər. Ona görə də növbəti mərhələdə vahid proqramın qəbul edilməsi və dövlət dəstəyinin artırılmasına ehtiyac var”.

Problemli bankların hansı səbəbdən birləşməkdən çox bağlanmağa üstünlük verməsinə gəlincə, V.Bayramov bildirdi ki, bu, birbaşa olaraq banklarda korporativ menecmentin qurulmaması ilə bağlıdır: “Müflisləşmiş bankın menecerləri üçün xüsusi məsuliyyət müəyyənləşməlidir. Bank müflisləşərkən milyonlarla manat qorunmayan əmanəti geri qaytarmaq mümkün olmur. Halbuki bank rəhbəri həmin vəsaitlərdən istifadə edir. Bank müflis olsa da, bank rəhbərinin faktiki olaraq ciddi bir məsuliyyəti olmur. Ona görə də bank rəhbərləri üçün məsuliyyətin artırılmasına ehtiyac var. Bu halda korporativ idarəetmə yaranacaq və banklar birləşməkdə maraq olacaq. Əks halda, problemli banklar müflisləşməkdə maraqlı olaraq qalacaqlar. Çünki praktiki olaraq müflisləşməklə öz problemlərini həll etmiş olurlar”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu sahədəki fəaliyyətinin effektivsizliyinə də münasibət bildirən iqtisadçı ekspert vurğuladı ki, bu məsələdə sistemli yanaşmaya ehtiyac var idi: “Palata yaranan zaman öhdəlik götürmüşdü ki, bankların sağlamlaşdırılması ilə bağlı sistemli yanaşma olsun. Hazırda məhz bu yanaşmanın həyata keçirilməsinə ehtiyac var. Dövlət tərəfindən dəstəyin artırılmasına ehtiyac var. Palata bu istiqamətdə prosesləri sürətləndirməlidir. Eyni zamanda Palatanın təsir imkanları fərqli olmalıdır. Palata da banklar kimi müzakirə aparmalıdır, bankların problemlərini öyrənməlidir, həmin problemlərin həllində dövlət dəstəyinin artırılmasına çalışmalıdır. Bütün bunların əksinə olaraq diqtə etməməlidir. Etiraf etmək lazımdır ki, biz ötən müddətdə daha çox Palatanın banklara nəyisə diqtə etməsini müşahidə etdik, nəinki konstruktiv müzakirələri... Ona görə də Maliyyə Bazarlarına Nəzarət Palatası da öz strategiyasını tamamilə dəyişməlidir”.

Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.