Etnik separatizm təhlükə mənbəyidir - TƏHLİL

30-12-2017, 12:22           
Etnik separatizm təhlükə mənbəyidir - TƏHLİL
Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin "The Jerusalem Post” qəzetinə müsahibə verib. O, müsahibəsində bildirib ki, müasir dövrdə dünyada etnik, dini, irqi və digər fərqliliklər əsasında separatizm hallarının artması regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir: "Etnik separatizm bir qayda olaraq, millətlərarası, bəzən dövlətlərarası, hətta mədəniyyətlərarası münaqişələr doğurur ki, onların da çoxu hərbi toqquşmalarla müşayiət olunur. Bu münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Təəssüflə qeyd etməliyik ki, Yaxın və Orta Şərqdə, Asiyanın digər regionlarında, Afrika, Avropa və Amerikada bu cür münaqişələr və qarşıdurmalar uzun illərdir davam edir. Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyllərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an sarsıda biləcək potensial təhlükə mənbəyidir. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxarır. Əgər beynəlxalq birlik, aparıcı dövlətlər etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasa, proses daha geniş xarakter alaraq planetimizin böyük hissəsini irqi, milli və dini münaqişələr meydanına çevirə bilər. Artıq milli-etnik münaqişələrin həllinə biganəlik və hətta proseslərin süni şəkildə körüklənməsi özünün acı nəticələrini Avropada – İspaniyanın Kataloniya vilayətində etnik separatizmin baş qaldırması ilə əyani şəkildə bir daha göstərdi. Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Azərbaycanın məruz qaldığı etnik təmizləmə və işğalçılıq siyasətinin nəticələrinin və dünyanın müxtəlif regionlarında milli zəmində cərəyan edən qarşıdurmaların təhlilinə əsasən əminliklə demək olar ki, etnik separatizm heç bir halda xalqların daxili ehtiyacından deyil, müəyyən siyasi qüvvələrin məhdud mənafelərindən və beynəlxalq dairələrin mövqeyindən qaynaqlanır”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çox ciddi bir məsələyə toxunub: "Etnik münasibətləri konflikt vəziyyətinə gətirmək, etnikliyi xüsusi olaraq bir yürüş bayrağı etmək bu gün üçün çox böyük təhlükə mənbəyidir. Bu, beynəlxalq hüquq normalarının işləməməyinə, stabilliyin pozulmasına, xalqlar arasında inamsızlığın yaranmasına səbəb olur. Məhz, bu məsələyə ən bariz nümunə kimi erməni millətçilərinin yürütdüyü etnik separatizm və etnik müstəsnalıq siyasətini göstərmək olar. Bu gün Ermənistanda əhalinin 99,9 faizi ermənilərdən ibarətdir, digər millətlər ölkədən sıxışdırılıb çıxarılıb və azərbaycanlıların orada yaşamasına imkan verilməyib. Baxmayaraq ki, hazırkı Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Həmçinin ermənilərin kompakt yaşadığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bu məsələyə milli münaqişə donu geyindirməyə cəhd də Cənubi Qafqazda illərlə həll edilməyən ağır bir problemə gətirib çıxarıb. Bu baxımdan bugünkü müasir dünya ilk növbədə etnik separatizmlə bütün vasitələrlə mübarizə aparmalıdır”.
A.Mirzəzadə əlavə etdi ki, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü məsələsi əsas fundamental prinsip olmalıdır. İkinci Dünya müharibəsindən sonra qəbul edilən bu prinsiplər uzun müddət müharibələrin qarşısını almağa imkan verdi. Bu baxımdan, Əli Həsənovun səsləndirdiyi fikir kifayət qədər aktualdır. İsrailin də bu gün Fələstinlə çox ağır bir probleminin olduğunu nəzərə alsaq, hesab edirəm ki, Azərbaycan və İsrailin, bu problemin həll edilməsi istiqamətində əməkdaşlıq imkanları çox böyükdür”.
Politoloq Fikrət Sadıxov bildirdi ki, bu gün etnik separatizm bir xəstəlik kimi Avropaya, Yaxın Şərqə və digər ölkələrə yayılmağa başlayıb: "Kataloniya və İraq Kürdüstanı misalında biz bunu görə bilərik. Əslində isə separatizm ölkələri dağıdan bir prosesdir. Bunun qarşısını dünyanın əsas siyasi elitaları almasalar, digər ölkələrə də yayılacaq.
Hazırda Böyük Britaniya Avropa İttifaqından çıxır və bu qərar verildikdən sonra Şotlandiya bəyan edib ki, o da Britaniyanın tərkibindən çıxacaq. Kataloniyada bunun qarşısını aldılar və onlara beynəlxalq hüquq və konstitusiya çərçivəsində imkan vermədilər. Əlbəttə, vaxtı ilə Dağlıq Qarabağ məsələsində də beynəlxalq hüquqa, konstitusiyaya söykənsəydilər, belə bir proses baş verməzdi. Əli Həsənov doğru olaraq qeyd edir ki, etnik separatizm dünyada həm ölkələri dağıdır, zəiflədir, həm də yeni bir təhlükə mənbəyi yaradır. Təbii ki, bu separatizmin qarşısını beynəlxalq hüquq normaları və konstitusiya çərçivəsində, qəti şəkildə almaq lazımdır. Çünki biz hər zaman bunu demişik və prinsipial mövqeyimiz də bundan ibarətdir”.
F.Sadıxov əlavə etdi ki, separatizmdən əziyyət çəkən bir ölkə kimi, Avropa ictimai dairələrində güclü iş aparmalıyıq: "Bu, təkcə diplomatik sahədə deyil, eləcə də ictimaiyyət nümayəndələri çərçivəsində də olmalıdır. Çünki Kataloniyadan sonra bizim əl-qolumuz açılıb. Etnik separatizmin nə dərəcədə təhlükəli olmasını deməyə tam haqqımız və əsasımız var. Biz gərək bu məsələ ilə bağlı ardıcıl şəkildə Avropa ölkələrində işimizi quraq. Çünki Dağlıq Qarabağ problemi də eyni məsələdir. Avropa ölkələrinin öz problemlərinə diqqəti çəkməklə, Qarabağ məsələsinin də eyni mahiyyət daşıdığını göstərməliyik. Bunun üçün də müxtəlif tədbirlər, konfranslar keçirilməli, aparıcı dövlətlərin nümayəndələrini Azərbaycana cəlb etmək, burada onlarla birgə dəyirmi masalar keçirmək lazımdır. Onlara deməliyik ki, əgər bu separatçılığın qarşısı alınmasa, yayılaraq hər bir dövlətə təhlükə yaradacaq”. \\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.