İndi hamını günahlandıran Ayaz Mütəllibov şənbə gecəsi harada idi? - 28 il əvvəlin QANLI BAKISI

20-01-2018, 13:19           
İndi hamını günahlandıran Ayaz Mütəllibov şənbə gecəsi harada idi? - 28 il əvvəlin QANLI BAKISI
1990-cı ilin 20 yanvar faciəsindən 28 il ötür. Lakin Azərbaycanın müasir tarixinin ən qanlı hadisələrindən biri olan 20 yanvar qətliamı hələ də özünün siyasi-hüquqi qiymətini almayıb. Əslində, bu qırğının əmrini verənlər də, icraçıları da yaxşı məlumdur. Buna baxmayaraq, həmin cinayət qanlı şənbə gecəsi dinc insanları gülləbaran edənlər öz cəzasına çatacağı təqdirdə, gerçək hüquqi qiymətini almış olacaq. Bəlkə də əliyalın, dinc mitinq iştirakçılarına atəş açan əsgərləri tapıb məsuliyyətə cəlb etmək 28 ildən sonra mümkünsüz görünən bir məsələdir. Amma 136 nəfərin qətlə yetirilməsi, 80 nəfərə yaxın insanın itkin düşməsi, yüzlərlə adamın yaralanması ilə nəticələnən cinayətin bir sıra sifarişçiləri və təşkilatçıları hələ də sağdır.

Onları bəlkə də istintaqa, məhkəməyə cəlb etmək, əməllərinə hüquqi qiymət vermək indi də gec deyil. Onlar Sovet İttifaqı Kommunist Partiyasının o zamankı baş katibi Mixail Qorbaçov, Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Vəzirov, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq rəhbəri, hazırda Moskva şəhərində yaşayan Vaqif Hüseynov, 20 Yanvar faciəsi zamanı Azərbaycan Nazirlər Sovetinin sədri işləyən Ayaz Mütəllibovdur. Bakıda dinc əhalini kütləvi qətl etmək məqsədilə "Zərbə" adlı planı hazırlayan SSRİ-nin müdafiə naziri Yazov, daxili işlər naziri Bakatin və DTK-nın rəisi Kryuçkov artıq öldükləri üçün onları gözləyən ittihamdan xilas ola biliblər.
Vəzirov, Vaqif Hüseynov kimi Ayaz Mütəllibov da hələ müxtəlif yozumlar verməklə baş verənlərlə bağlı əsl həqiqətləri xalqdan gizlətməyə çalışır. Bu azmış kimi sabiq prezident məsuliyyəti Azərbaycan Xalq Cəbhəsinin üzərinə atır.

Mütəllibov qırğının səbəbkarının AXC olduğunu iddia edir və bildirir ki, əliyalın insanları rus tanklarının qarşısına guya Xalq Cəbhəsi çıxarıb. A.Mütəllibov onu da deyib ki, Bakı qarnizonunun ətrafına yığışan adamlar dağılışsaydı, qırğın olmazdı. Onun "Xalq Cəbhəsi insanları meydandan çəksə, faciə də baş verməzmiş kimi" absurd açıqlaması ilk növbədə, günahı SSRİ rəhbərliyindən yayındırıb milli-azadlıq hərəkatının, o cümlədən, gülləbaran edilmiş dinc insanların üzərinə atmağa xidmət edir. Yəni Ayaz Mütəllibov açıq şəkildə faciənin səbəbkarı kimi AXC-ni göstərməklə Qorbaçov başda olmaqla cinayətin təşkilatçılarını təmizə çıxartmağa cəhd edir. Buna isə şəhidlərin ruhuna hörmətsizlikdən başqa hər hansı ad vermək mümkün deyil. Əgər A.Mütəllibov həqiqətən səmimidirsə və Azərbaycan xalqına azacıq da olsa, rəğbəti varsa, o zaman həmin gecə yaşanan olaylara görə öz günahlarını etiraf etməyə cəsarət tapmasa da ən azı Qorbaçovun günahkar olduğunu deyə bilərdi. Lakin 28 il sonra, SSRİ-nin çoxdan tarixin zibil yeşiyində qaldığı bir vaxtda belə, Ayaz Mütəllibov 20 yanvar faciəsinə görə Kremlin o zamankı sahiblərini tənqid etməkdən çəkinir. Çünki onu susmağa vadar edən səbəblər var.

Ayaz Mütəllibov danışacağı və ya cinayətin əsl motivi ilə bağlı əsl həqiqətləri danışacağı təqdirdə, bir sıra faktların ortaya çıxacağından ehtiyat edir. Bu faktlar A.Mütəllibovun özünün 20 yanvar faciəsində iştirakının nə qədər olub-olmadığını da üzə çıxarar. Əgər Ayaz Mütəllibov həqiqətən əsl günahkarların cəzasına çatmasında maraqlıdırsa, o zaman hər şeydən əvvəl 20 yanvar gecəsi Moskvanın niyə məhz onun namizədliyi üzərində dayanması sualına aydınlıq gətirməlidir. Qeyd edək ki, Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov xalqın istefa tələbi nəticəsində qaçdıqdan sonra respublika üç gün ərzində SSRİ-nin müdafiə naziri Dmitri Yazov tərəfindən idarə edilib. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun Bakıya daxil olması, əməliyyatın icrası planı da D.Yazovun rəhbərliyi ilə Mərkəzi Komitənin binasından idarə edilib. Vəzirov Azərbaycanı gizli yolla tərk etdiyindən "Zərbə" planının həyata keçirilməsi nəzarət edənlər arasında həmin gecə Bakıda olan Yazov və Bakatinlə yanaşı, respublika hökumətinin rəhbəri kimi Ayaz Mütəllibov iştirak edib. Bu Moskvadan gəlmiş bir əmr idi və Nazirlər Sovetinin sədri "onu yerinə yetirməkdən imtina etdim" deyə bilməzdi. Amma nədənsə, A.Mütəllibov 28 ildir bu barədə susur və qanlı şənbə gecəsi harada olduğu barədə heç bir açıqlama vermir.

Ayaz Mütəllibovun küçədə dinc insanların güllələndiyi bir vaxtda Mərkəzi Komitənin binasında Azərbaycan SSR DTK-nın rəisi Vaqif Hüseynov, daxili işlər naziri Aydın Məmmədovla birlikdə Yazovun, Bakatinin yanında olduğu kimi məlumatlar var. Ayaz Mütəllibovun Azərbaycan KP MK-nın birinci katibi təyin olunmasında da D.Yazov başda olmaqla Bakıda qətliam törədən güc orqanlarının təqdimatı mühüm rol oynayıb. Ona görə də sabiq dövlət başçısının bu mövzuda günahlarını etiraf etməsi xalq qarşısındakı günahlarından peşimançılıq keçirməsi kimi qəbul oluna bilər. Məsələ burasındadır ki, həmin ağır günlərdə meydana toplaşan mitinq iştirakçıları Ə.Vəzirovun yerinə Azərbaycan KP MK-nın iqtisadiyyat məsələləri üzrə katibi Həsən Həsənovu daha real namizəd hesab edirdi. Bu faktın özü həm də 20 yanvar hadisələri zamanı AXC-nin Azərbaycanda dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək niyyətində olması barədə Dövlət Təhlükəsizlik Komitəsinin yaydığı şayiələrin həqiqətəuyğun olmadığını təsdiq edir. Sadəcə olaraq, DTK bu cür məlumatları dövriyyəyə buraxmaqla Azərbaycana ordu yeridilməsi və qan tökülməsi üçün zəmin hazırlayırdı. Ona görə də Ayaz Mütəllibov qanlı cinayətin baiskarı kimi xalq hərəkatını və onun liderlərini ittiham etməkdənsə, qeyd edilən məsələ ilə bağlı müəmmalı suala cavab versə, daha yaxşı olar. Azərbaycanda hakimiyyət dəyişikliyinin qaçılmaz olduğunu anlayan SSRİ rəhbərliyi Ə.Vəzirovun yerinə nə üçün Ali Sovetin sədri Elmira Qafarovanı, yaxud hər kəsin qəbul edəcəyi Həsən Həsənovu deyil, məhz Ayaz Mütəllibovu irəli sürürdü? Çünki Elmira Qafarova siyasi baxışlarına görə AXC-yə əks mövqedə dayanan şəxs olsa da, 20 yanvar qırğınına görə, sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış etmiş və həmin sənədi beynəlxalq səviyyədə yaymışdı.

Həmin bəyanatda deyilirdi: "SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür".

Həsən Həsənov isə xalqa yaxın şəxs sayılırdı. Ona görə də Qorbaçov başda olmaqla Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosu adları çəkilən şəxslərin Azərbaycana rəhbər təyin edilməsinə razılıq verə bilməzdi. Onlardan fərqli olaraq, Ayaz Mütəllibov Xocalı faciəsi zamanı olduğu kimi, susmağa üstünlük verdi və heç bir etiraz səsnini ucaltmadı. Nazirlər Soveti sədrinin bu sükutu onun rəhbər gətirilməsinə əsas şərt idi. Mixail Qorbaçov da A.Mütəllibovun bu “xidmətlər”ini lazımınca qiymətləndirirərək onu Azərbaycana KP MK-nın birinci katibi təyin etdi. Bütün bunlar ən yaxın tariximizin reallıqlarıdır və mövcud gerçəkliləri danmaq mümkün deyil.

Həmin planın əsas hədəflərindən biri də AXC-nin ictimai-siyasi fəaliyyətinə son qoymaq və xalq hərəkatının bütün liderlərini həbs etmək idi. Ayaz Mütəllibov bunları yaxşı bildiyi halda, nəyə görə Xalq Cəbhəsini ittiham edir? Axı 20 yanvar faciəsi üzərində hakimiyyət başına gələn AXC deyil, A.Mütəllibov özü olub.

20 yanvar qırğını zamanı yüzlərlə insanın gülləbaran edilməsinə baxmayaraq, mübarizə əzminin qırılmadığını, əksinə, aksiyaların miqyasının genişləndiyini görən Moskva bu cinayəti ört-basdır etmək üçün məsuliyyəti AXC-nin üzərinə atmağa çalışdı. “Mitinq iştirakçıları dağılışsaydı, qan tökülməzdi”, “AXC xalqı meydana toplamasa, faciə baş verməzdi” kimi aparılan məntiqsiz təbliğat ictimai rəyin yayındırılmasına xidmət edirdi. Qəribədir ki, bu hadisədən 28 il keçməsinə baxmayaraq, Ayaz Mütəllibov hələ də eyni mövqedən çıxış edir və DTK-nın maraqlarını səsləndirir. Azərbaycan KP MK-nın 9-10 yanvar tarixli qərarı ilə Ayaz Mütəllibovun müraciəti ilə Bakıya sabitlik yaratmaq adı altında əlavə qoşun hissələri yeridilmişdi. Ayaz Mütəllibov AXC-yə böhtan atmazdan əvvəl, ilk növbədə, bu məsələ barədə danışsa, daha düzgün olar. Amma eks-prezident bu faktı gizlətməyə çalışır və AXC-yə qarşı qisasçılıq düşüncəsindən əl çəkmir.

Əsas səbəblərdən biri Ayaz Mütəllibovun AXC ilə hələ də vəzifə davası aparmasıdır. 1992-ci il may ayının 15-də Ayaz Mütəllibovun dövlət çevrilişi yolu ilə hakimiyyətə qayıtmaq cəhdinin qarşısı məhz xalqın geniş dəstəyinə malik olan AXC tərəfindən alınmışdı. Azərbaycanı tərk etməyə məcbur olan A.Mütəllibov təbii ki, başqa ölkəyə yox, Moskvadakı himayədarlarının yanına qaçmağa məcbur olmuşdu. Prezidentlik kürsüsünü itirdiyinə görə Mütəllibov hələ də AXC-ni ittiham edir və 20 yanvar faciəsinin səbəblərini milli-azadlıq hərəkatının liderlərinin üzərinə atmaqla qisas alacağını düşünür...
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.