Stalinin müdafiə naziri etmək istədiyi azərbaycanlı

22-01-2018, 10:12           
Stalinin müdafiə naziri etmək istədiyi azərbaycanlı
Bu gün Azərbaycanın əfsanəvi generalı, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun doğum günüdür.

Axar.az xatırladır ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyan Həzi, buranı bitirdikdən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında tağım komandiri kimi fəaliyyətə başlayıb.

Həzi Aslanov daim II Dünya müharibəsində iştirak etdiyi döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla xatırlanır. O, 1941-ci ilin dekabrında Moskva ətrafındakı döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə düşmənin 30 əks-hücumunu dəf edib, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxardıblar. Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

General-mayor H.Aslanov 1944-cü ildə Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna mane olub. Lakin Həzi Aslanova 47 il sonra - 1991-ci ildə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Onun hərbi bilikləri, təcrübəsi və döyüşü oxumaq qabiliyyəti o qədər yüksək idi ki, deyilənə görə, SSRİ lideri Stalin general Həzi Aslanovun Azərbaycanın Müdafiə naziri təyin olunmasına razılıq veribmiş. Lakin Aslanovun gözlənilməz ölümü bu tarixi olayın həyata keçməsinə mane olub. Bəzi mənbələrdə Həzi Aslanovun erməni generalı İ.Baqramyan tərəfindən öldürüldüyü də yazılır.

Qeyd edək ki, Həzi Aslanov 1945-ci il yanvarın 24-də həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.