“Exchange”lərin açılmaması ilə bağlı deputatdan ilginc iddia

24-01-2018, 10:04           
“Exchange”lərin açılmaması ilə bağlı deputatdan ilginc iddia
Vahid Əhmədov: “Ola bilər ki, ”qara bazar" elə yüksək sürətlə inkişaf edib ki, heç “exchange”lərə ehtiyac qalmayıb"

Maliyyə Bazarlarına Nəzarət Palatası yanvarın 5-də “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiqləməklə “exchange”lərin fəaliyyətinə yaşıl işıq yandırdı. Yeni qaydalarda şərtlər kifayət qədər sərtləşdirilsə də, hələ də paytaxt küçələrində valyutadəyişmə məntəqələrinin (VDM) açılması müşahidə olunmur. Bəs görəsən, VDM-lərin açılması niyə bu qədər gecikir? Sahibkarları bu sahəyə yatırım etməkdən çəkindirən səbəb nədir?

Qeyd edək ki, şərtlərdən biri də odur ki, valyuta dəyişmə əməliyyatları ilə məşğul olmaq istəyənlər lisenziya almalı, 50 min dollar və 50 min manat həcmində kapital qoyuluşu həyata keçirməlidirlər. Güman olunur ki, bu məbləğdə bir vəsaitin ilkin mərhələdə tələb olunması da investorları çəkindirən əsas amillərdən biridir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında hazırda bu fəaliyyət növünə marağın az olduğunu dilə gətirdi: “Qanun qəbul olunub, artıq valyutadəyişmə məntəqələri lisenziya alıb fəaliyyət göstərə bilərlər. Ancaq bu sahəyə maraq yoxdur. O cümlədən, bankların da VDM-lərə marağı yoxdur. Ancaq Azərbaycana turist axını artdığından şənbə və bazar günləri müəyyən qədər problem yaranır. Ona görə də əgər banklar öz valyutadəyişmə məntəqələrinin şənbə və bazar günü də işləməsini təmin edə bilsə, burada heç bir problem olmaz. Bütün dünyada şənbə və bazar günlər də ”exchange"lər fəaliyyət göstərir. Yəni istənilən vaxt valyuta dəyişmək mümkündür. Ancaq əgər bu, edə bilmirlərsə, VDM-lər üçün normal şərait yaradılmalıdır ki, onlar işləyə bilsinlər. Qanun layihəsində elə bir ciddi problem yoxdur. Yeganə olaraq, 50 min manat depozit qoyulması məsələsi var. Gözləyirik ki, “exchange”lər işə düşsün və görək ki, bu qanun işləyir ya yox. Hələ ki VDM-lərin fəaliyyəti müşahidə olunmur. Mən görməmişəm ki, haradasa valyutadəyişmə məntəqəsi işləsin. Bir də ola bilər ki, qara bazarda valyutadəyişmə elə yüksək sürətlə inkişaf edib ki, heç “exchange”lərə ehtiyac qalmayıb".

İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “exchange”lər yaxın günlərdə fəaliyyətə başlasa da, kütləvi xarakter daşımayacaq: “Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qaydalar təsdiqlənib. Ancaq buna baxmayaraq, nəzərə almaq lazımdır ki, bu fəaliyyət növü lisenziyalı fəaliyyət növüdür. Bu fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziyanın alınmasına ehtiyac var. Düşünürəm ki, hazırda bu istiqamətdə maraqlı olan investorlar var. Ancaq hələlik onlar həm yeni qaydaları təhlil etməyə, həm də aidiyyəti lisenziyaları əldə etməyə çalışırlar ki, bu da müəyyən zaman tələb edir. Yaxın gələcəkdə paytaxtda valyutaya tələbatın yüksək olduğu yerlərdə VDM-lərin fəaliyyətə başlamasını müşahidə edə biləcəyik. Ancaq bu kütləvi xarakter almayacaq. Çünki həm bugünkü gecikmədə, həm marağın aşağı olmasında, eyni zamanda növbəti dövrlərdə də sayın aşağı olmasında əsas səbəblərdən biri marjanın aşağı olması olacaq. Bildiyimiz kimi, artıq manatla ifadədə dövriyyənin dəyəri iki dəfə dəyişib. Hazırda bank sektorunda valyutadəyişmə bazarında müşahidə edilən rəqabətlilik marjanın kifayət qədər azalmasına gətirib çıxarıb. Bu da həmin sferada fəaliyyət göstərməkdə maraqlı olan iş adamlarını düşündürən məqamlardan biridir. Ancaq mən düşünürəm ki, müəyyən vətəndaşlar VDM-lərin açılması ilə bağlı qərar qəbul edəcək və biz bunu müşahidə edəcəyik”.

R.Həsənov onu da vurğuladı ki, 50 min manat depozitin tələb olunması da sahibkarları çəkindirir: “Bu depozit dövriyyədən kənarda qalan bir vəsait olacaq. Bununla yanaşı, fəaliyyətlə məşğul olan sahibkarlar üçün müəyyən hüquqi məhdudiyyətlər də tətbiq olunacaq. Valyutanın alışından və ya satışından imtina etmək mümkün olmayacaq. Yeni qaydalarda bu, qanun pozuntusu kimi qeydə alınır. Bu kimi məqamlar son nəticədə, əvvəlki dövrlərdə bu sahə ilə məşğul olmuş, hazırda yenidən həmin sferaya qayıtmaq istəyən sahibkarları düşündürən məqamlardandır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.