Rəsul Quliyevə Elçibəyin dili ilə cavab: “Tullanıb okeanın o tayına getməklə adam demokrat olmur”
3-02-2018, 10:16
Tanınmış jurnalistdən və siyasətçidən Rəsul Quliyevə Elçibəyin öz sözləri ilə cavab
Hazırda ABŞ-da yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev bugünlərdə verdiyi müsahibədə Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin seçildiyi 7 iyun 1992-ci il prezident seçkilərini şübhə altına alıb, seçkinin 50 faiz saxtalaşdırıldığını deyib.
Rəsul Quliyevin Elçibəyin saxtakarlıqla seçildiyi iddiasını irəli sürməsi etirazlara səbəb olub. AXC iqtidarının baş naziri Pənah Hüseyn, Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov Rəsul Quliyevin tamamilə əsassız iddialar səsləndirdiyini bildiriblər və eks-spikerə sərt cavab veriblər. Bu barədə “Yeni Müsavat”ın dünənki sayında yazı dərc olunub.
KXCP sədrinin müavini Xəzər Teyyublu da dünən əməkdaşımıza açıqlama verərək Rəsul Quliyevin qarayaxama ilə məşğul olduğunu deyib: “Rəsul Quliyev özü də Elçibəy hakimiyyəti zamanı zavod direktoru vəzifəsindən baş nazir müavini vəzifəsinə irəli çəkilib. Təmsil olunduğu demokratik iqtidarı və imperialistlər devrilən milli hökuməti müdafiə etmək əvəzinə, zaman-zaman qarayaxma söyləyir. Rəsul Quliyevin xalq hərəkatında rolu olmayıb, Azərbaycanın SSRİ-nin tərkibində qalmasının tərəfdarı olub.
Rəsul Quliyev təmsil olunduğu hakimiyyətə arxadan zərbə vuran şəxs olub. Yüksək vəzifə tuta-tuta hakimiyyəti dəyişməyə çalışan qüvvələrə kömək edib. Elçibəyin saxtakarlıqla prezident seçildiyini deməsi Rəsul Quliyevin hələ də düzəlmədiyinin göstəricisidir. Biz hamımız o zaman seçki məntəqələrində komissiya üzvləri olmuşuq sözün əsl mənasında çox gərgin rəqabətli həm də əhalinin aktiv iştirakı ilə tarixə demokratiya nümunəsi kimi düşən bir seçki oldu. Bunu etiraf etməmək üçün ədalətsizliyin pik nöqtəsinə yuvarlanmalısan. Elçibəy 59 faiz səslə qalib oldu. Bu o demək idi ki, xalq demokratik dəyişiklər istəyir və buna hazırlıqlara başlanmışdı. Bu prosesin qarşısının alınmasında rolu olanlardan biri də elə Rəsul Quliyev iştirak edirdi. Ona görə də hakimiyyət dəyişəndən sonra o Milli Məclisin sədri oldu. Az sonra onu gərəksiz hesab edib uzaqlaşdırdılar”.
Tanınmış jurnalist Cavid İsmayıl isə Rəsul Quliyevə Əbülfəz Elçibəydən bir zamanlar şəxsən aldığı açıqlamanı xatırlamaqla cavab verib: “Məni sənin pulların yıxdı, Rəsul” ifadəsinin tarixçəsini xatırlayıram. Demək, 1999-cu ilin əvvəlində MTN məlumat yaydı ki, Rəsul Quliyevin Elçibəyə sui-qəsd planının üstü açılıb. Eks-spiker də, rəhbərlik etdiyi ADP də dirəşmişdi ki, Elçibəy bu xəbəri təkzib etsin. Bəy isə açıqlama verməyə tələsmirdi.
Mən o vaxtlar elə indi də ADP-yə yaxınlığı ilə seçilən “Hürriyyət” qəzetində işləyirdim. “Hyatt Regency” hotelində müxalifətin keçirdiyi tədbirdən sonra Elçibəyə yaxınlaşdım. Bəy açıqlama vermək istəməsə də, birtəhər razı saldım. Gülə-gülə qayıtdı ki, “gördülər danışmıram, səni göndərdilər yanıma?” Sonra da açıqlama verib bu məşhur cümləni dedi: “Burdan tullanıb okeanın o tayına getməklə adam demokrat olmur. Məni sənin pulların yıxdı, Rəsul!”. Elçbəyin bu ifadəsi olduğu kimi “Hürriyyət”də dərc olundu.
Bu ayaqüstü müsahibə vaxtı Bəy Şeyxülislam Hacı Allahşükür Paşazadənin də onun haqqında hansısa açıqlamasına cavab vermişdi. Demişdi ki, “Allahşükür Sovet KQB-sinin ”Frolov" ləqəbli əməkdaşı olub, rütbəsi də polkovnikdir". Jurnalistlər hörmətli Şeyximizdən bu açıqlamaya münasibət öyrənmişdilər, onun cavabı isə belə olmuşdu: “Elçibəy Azərbaycanın prezidenti olub, mənim ona cavab qaytarmağım düzgün olmaz”.