Onlar Siyavuş Novruzovun Vidadi İsgəndərli ilə bağlı çağırışına SƏS VERDİLƏR - “Vidadiyə dedim ki, sənin ailə ilə işin olmasın!”

9-03-2018, 12:29           
Onlar Siyavuş Novruzovun Vidadi İsgəndərli ilə bağlı çağırışına SƏS VERDİLƏR - “Vidadiyə dedim ki, sənin ailə ilə işin olmasın!”
Hakim Yeni Azərbaycan partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan sensasion müraciət yayıb.

YAP funksioneri musavat.com vasitəsilə Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak etmiş müxalifət liderlərinə - Etibar Məmmədov, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Nemət Pənahlı, Cəmil Həsənli, Əli Kərimli, Arif Hacılı, Sərdar Cəlaloğlu, habelə, Əbülfəz Elçibəyin ailəsi, eks-prezident Ayaz Mütəllibov, hüquq müdafiəçisi Novella Cəfəroğlu və digərlərinə müraciətində Vidadi İsgəndərlini nəzərdə tutaraq, deyib:

“Mən Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər?

Ayaz Mütəllibova müraciət edirəm. Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli azadlıq hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o, bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciət edirəm. Onu bu hərəkatda görmüsünüzsə, deyin! Yaxud sizin haqqınızda, ailə üzvləriniz haqqında bir kəlmə söz deyilibsə, deyin! Nemət Pənahlıya müraciət edirəm. Cəmil Həsənliyə müraciət edirəm, indi onun adından müraciət edirlər, sənin ailən, uşaqların, qohumların haqqında Yeni Azərbaycan Partiyası, yaxud dövlət tərəfindən bir kəlmə söz deyən olub? Heç kəs heç nə deməyib. Kimsə deyib, o, özü bilər, özü aydınlaşdırsın, bu, dövlətin fikri deyil”.
...Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə bu adamı görmüsünüz, yoxsa görməmisiniz?
...başda Novella Cəfəroğlu olmaqla müraciət edirəm. Novella xanım, sənin ailən, uşaqların, nəslin-nəcabətin haqqında mən – neçə ildir mübarizə aparırıq - bir kəlmə demişəm? Sən hüquq müdafiəçisi olanda o, adamları tutub dama qoyurdu, prokurorluq orqanlarında işləyirdi. Xahiş edirəm, mövqeyinizi bildirin! Mənə mövqe lazımdır!
... Həm də mənim əxlaqım, tərbiyəm ona yol vermir ki, kimisə söyəm. Cəmil Həsənliyə, Əli Kərimliyə, digərlərinə müraciət edirəm, biri desin ki, bəli, Siyavuş Novruzov bizi söyüb. Bəli, tənqid eləmişəm, biz siyasi mübarizə aparırıq”.

S.Novruzov açıqlamasında deyib ki, onu bu müraciəti etməyə vadar edən səbəb V.İsgəndərlinin onun, dövlət başçısının və digər şəxslərin ünvanına həqarətlər səsləndirməsidir.

Məsələ ilə bağlı Modern.az saytı Dilarə Əliyeva adına qadın hüquqları müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu və Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunın fikirlərini öyrənib.

Novella Cəfəroğlu bildirib ki, Siyavuş Novruzov və YAP funksionerləri heç vaxt kiminsə ailəsini təhqir etməyib.

“Ümumiyyətlə, ailə haqqında tendensiyanı qutarmaq lazımdır. Mən hər zaman demişəm və yenə də deyirəm ki, tənqid etmək olar, ancaq təhqir etmək yolverilməzdir. Ailə müqəddəsdir. Siyasi vuruşmada ailənin nə günahı var axı? Həm müxalifət, həm də iqtidar bundan əl çəksin! Vidadi İsgəndərli yalandan özündən şeylər çıxarır. Mən bununla bağlı onun qardaşına da zəng vurmuşdum. Vidadi İsgəndərli Qüdrət Həsənquliyevin ailəsinə toxunmuşdu. Mən zəng vurub onun qardaşına dedim ki, utanmır o? Vidadi Göyçayda həbsxanada olanda biz hamımız yığışıb onun yanına getmişdik. O xaricdən mənə cavab verib ki, Novellaya bunu hökumət tapşırıb. Hökumətin buna nə dəxli var axı? Mən bir ana, qadın hüquqları müdafiəçisi kimi ona zəng etmişdim ki, sənin ailə ilə işin olmasın. Vidadi İsgəndərli hökumətlə işləyən insan idi. İndi onun müxalifət olmağına baxmayın. O prokurorluq orqanında işləyirdi. Əmr də verirdi, adam da tuturdu. Mən onun kimi tutub-tutmamağından danışmıram. Mən bu gün hüquq müdafiəçisi kimi hər tərəfə müraciət edirəm ki, ailəyə toxunmayın! Bir-birinizi təhqir etməyin! Nə vaxtsa üz-üzə gələcəksiniz. Onda utanacaqsınız”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Vidadi İsgəndərlini yaxından tanımır.

“Son vaxtlar bu adam fəallıq edirdi. Vidadi İsgəndərlinin Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə iştirakı barədə isə məlumatım yoxdu”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.