Şöbə müdiri: "Azərbaycanda böyrək alqı-satqısı yoxdur"
9-03-2018, 21:35
"Son 10 ildə Azərbaycanda böyrək alqı-satqısı faktı qeydə alınmayıb".
Bunu Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib: "Azərbaycanda son 10 ildir ki, xəstələrə böyrək köçürülür. İnsanlar böyrəklərin alqı-satqısı haqda çox danışırlar, lakin danışılanların heç bir əsası yoxdur. Heç bir tibb mərkəzində belə bir əməliyyat icra olunmayıb. Azərbaycan vətəndaşları Pakistanda, İranda, Türkiyədə öz böyrəklərini könüllü kiməsə verə bilirdilər. Lakin ölkəmizdə belə bir fakta rast gəlinməyib".
Səhiyyə Nazirliyinin sektor müdiri Elxan Əzizovun orqanların alqı-satqısına qanuni şəkildə icazə verilməsi ilə bağlı təklifinə də münasibət bildirən şöbə müdiri qeyd edib ki, burada müəyyən neqativ hallar baş verə bilər: "Məsələn, insanlar öz orqanlarını satmaqda maraqlı ola bilərlər. Həkimin işi böyrək köçürmə əməliyyatını icra etməkdir. Məsələnin sosial və hüquqi bazası mütəxəssislər tərəfindən hazırlanır. Böyrək köçürmə əməliyyatı da ağır əməliyyatdır. Burada düzgün böyrəyin seçilməsi vacibdir. Azərbaycan qanunvericiliyinə görə isə donorluq məsələsi ancaq ailə üzvlərinin iştirakı ilə həll olunur". (APA)