“Bölgələrdə yerli məhsullar çürüyür, alan yoxdur” ittihamına dövlət qurumlarından cavab

10-03-2018, 10:22           
“Bölgələrdə yerli məhsullar çürüyür, alan yoxdur” ittihamına dövlət qurumlarından cavab
“Kimin əlində məhsulu varsa, bazar qiymətinə uyğun olaraq o məhsulu almağa hazırıq”

Azərbaycan fermerlərinin ən başlıca problemlərindən biri də əkib-becərdikləri məhsul üçün bazar tapa bilməmələridir. Belə ki, artıq yerli məhsulların tükəndiyi bir mövsümü yaşasaq da, bəzi bölgələrdə məhsulların zirzəmilərdə qalıb çürüdüyü ilə bağlı məlumatlar gəlməkdədir. Təbii ki, bu fermer üçün çox böyük rəqəmlərlə ifadə olunan ziyan deməkdir. Həmçinin kənd təsərrüfatına marağı azaldan, kəndlini torpaqdan imtina etməyə gətirib çıxaran bir tendensiyadır.

Qeyd edək ki, hazırda bazarlarda ən çox tələbat olan yerli məhsullardan biri Gədəbəy kartofudur ki, qiyməti 80 qəpik 1 manat arasında dəyişir. Keyfiyyəti yaxşı olsa da, qiyməti baha olduğu üçün rəqabətdə xaricdən idxalı olunan məhsullara uduzur. Alıcılar əsasən 50-60 qəpiklik kartofa üstünlük verdiyindən satıcılar Rusiya, Ukrayna, İran kartoflarını idxal edib satmağa üstünlük verirlər. Nəticədə yerli məhsullara tələbat azalır. Fermerlər isə yerli məhsulun istehsalı baha baş gəldiyindən onu dəyər-dəyməzinə satmaqdan imtina edirlər. Baha qiymətə satıldıqda isə bu, alverçilərə və satıcılara sərf eləmir.

Kənd təsərrüfatı məhsullarının saxlanılması üçün bölgələrdə, o cümlədən Gədəbəydə saxlama anbarları tikilsə də, xərclər xırda və orta fermerlərin gücünə uyğun deyil. Məhsul anbarlarda saxlandıqda, müvafiq xərclər də qiymətin üzərinə gəlir ki, bu zaman alıcı tapmaq daha da çətinləşir. Nəticədə fermerlə məcbur olub məhsulu özlərinin uyğunlaşdırdıqları anbarlarda , əsasən də zirzəmilərdə saxlayırlar. Bu da bir neçə aydan sonra həmin meyvə-tərəvəzlərin kiflənməsinə, istifadəyə yararsız hala düşməsinə gətirib çıxarır. Yəni hər iki halda itirən fermer olur.

Bəs görəsən, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə hansı işlər görür? Respublikanın bir çox rayonlarında təşkil olunan həftəsonu yarmarkaları niyə bu problemi həll edə bilmədi?


Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “mən deməzdim ki, bazarlarda xarici məhsullar üstünlük təşkil edir” deyə bildirdi: “Yerli məhsul bazarda daha çoxdur. Məhsulu əlində qalan fermerlərə isə müraciət edirəm ki, bizim bayramqabağı təşkil etdiyimiz yarmarkalara gəlib, məhsullarını tam sərbəst şəkildə sata bilərlər. Bu məsələdə heç bir problem, heç bir məhdudiyyət yoxdur. Yarmarkalarda tam şərait yaradılıb”.

Rayonlarda məhsulların fermerdən alverçilər tərəfindən çox ucuz qiymətə alınmasına gəlincə, M.Hacıyev bunun tərəflərin qarşılıqlı razılaşması hesabına baş verdiyini bildirdi: “Qiymətlər sərbəst müəyyən olunur. Kənd təsərrüfatı məhsullarının qiymətləri artıq leqallaşıb, bazar özü bunu tənzimləyir. Hər bir qiymət qarşılıqlı razılaşma əsasında müəyyən olunur və biz buna müdaxilə etmirik. Kartofun satışında hər hansı bir problem varsa, bizim Gədəbəy rayon Kənd Təsərrüfatı İdarəsinə də müraciət edə bilərlər. Bayram yarmarkalarımız 4 gün olacaq. Bundan başqa hər həftənin şənbə və bazar günləri yarmarkalar keçirilir. Fermerlər məhsullarını gətirib sata bilərlər. İstənilən problemlər bağlı bizim rayon kənd təsərrüfatı idarələrimiz də fermerlərə köməklik göstərə bilərlər”.


“Yeni Müsavat”ın suallarını cavablandıran “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli də vurğuladı ki, məhsulların satışı məsələsində fermerlərə kifayət qədər dəstək olunur: “Bizim cəmiyyət ərzaq məhsullarının tədarükü və satışı ilə bağlı bir neçə istiqamətdə tədbirlər həyata keçirir. Birincisi, bizim ASC-nin əsas funksiyası dövlət təşkilatlarının ərzaq məhsullarına olan tələbatını ödəməkdir. Ona görə də, il ərzində əsasən də yerli məhsullar tədarük olunaraq təxminən 2000-ə yaxın dövlət təşkilatının ehtiyacları təmin olunur. Bu təxminən il ərzində 150 milyon manatlıq bir dövriyyə deməkdir. Bizim qurum 1 ildir ki, fəaliyyət göstərir və 2017-ci ilin nəticələrinə görə artıq, 150 milyon manatlıq kənd təsərrüfatı məhsulları həmin müəssisələrin tələbatının təmin olunmasına yönəldilib. İl ərzində bu proses gedir. Bizim qurumun tedaruk.gov.az portalı var. İqtisadiyyat Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi orada bütün məhsulların qiymətini müəyyən edir. O qiymətlər üzərindən səhmdar cəmiyyət fermerlərdən məhsulları alır. Tələbat isə belə formalaşır ki, ilin əvvəlində həmin müəssisələr öz tələbatlarını tədarük.gov.az portalına elektron formada göndərirlər. Nəticədə onların tələbatı formalaşır. Eyni zamanda paralel şəkildə istehsalçılar öz təkliflərini həmin portala yerləşdirirlər. Biz onların istehsal gücünü şəffaf şəkildə görürük. Bu sayt virtual bir bazar rolunu oynayır. Həmin portal vasitəsilə məhsulları onlardan alıb satın alan təşkilatlara yönəldirik”.

Nicat Nəsirli vurğuladı ki, bu qurumun tədbirlərinin ikinci istiqaməti fermerlərdən məhsulları tədarük edib bazara çıxartmaqdır: “Bildiyiniz kimi, hazırda ölkədə prioritet siyasət xırda və orta sahibkarlığın inkişafıdır. Xüsusən aqrar sektorda buna üstünlük verilir. Regionlarda məşğulluğu, o cümlədən iqtisadi aktivliyi artırmaq əsas məqsədlərdən biridir. Ona görə də, biz il ərzində kənd təsərrüfatı məhsullarını orta bazar qiymətinə fermerlərdən tədarük edərək həm regionlarda, həm də paytaxt rayonlarında fəaliyyət göstərən yarmarkalara öz maşınlarımızla aparırıq. Artıq bir aya yaxındır ki, bizim özümüzün də Bakının bir neçə rayonlarında ayrıca yarmarkalarımız açılıb. Orada həm məhsulları gətirib özümüz satırıq, həm də şərait yaratmışıq ki, fermerlər özləri gətirib sata bilsinlər. Onlara da təşkilati dəstək göstərilir, o cümlədən yerpulu alınmır. Fermerlər hər həftə təxminən 150 tona yaxın məhsul gətirib bu yarmarkalarda sata bilirlər”.

Onun sözlərinə görə üçüncü istiqamət isə maddi stimullaşdırma tədbirlərinin həyata keçirilməsi, avans verilməsidir: “2017-ci ildə 3 milyon 500 min manat avans verilib. Bu təxminən 130-140 fermeri əhatə edib. Onlara müxtəlif həcmlərdə, 1000 manatdan 250 min manata qədər məbləğdə avans vermişik. Bunun qarşılığında 11 adda məhsul ölkənin regionlarında istehsal olunub. O məhsullar ki, ölkəmiz 100 faiz idxaldan asılı idi. Həmin məhsulların ölkədə istehsalını təmin etmək və idxalı aradan qaldırmaq üçün avans proqramı həyata keçirilir. Avansın birinci mərhələsi başa çatıb. İndi isə biz ikinci mərhələsinin başlamasını gözləyirik”.

Bazarda xarici məhsulların yerli məhsulları üstələməsinə gəlincə, N.Nəsirli bildirdi ki, bəzi hallarda bunun səbəbi yerli məhsulun maya dəyərinin baha olmasıdır: “Eyni problem Ağsuda da baş vermişdi, indi Gədəbəydə də baş verir. Fermerlər problemi belə əsaslandırırlar ki, məhsulun maya dəyəri çox baha başa gəldiyindən biz məhsulu ucuz satmaq istəmirik. Qusarda, Biləsuvarda və digər rayonlarda da analoji hallar baş verir. Məsələ bundan ibarətdir ki, iki nazirlik bu məhsulların qiymətini müəyyən edir. Biz məhsulu həmin qiymətdən aşağı ala bilərik, ancaq baha almamalıyıq. Gədəbəydəki fermerlər isə deyirlər ki, onların becərdiyi kartofun maya dəyəri 45-50 qəpikdir. Bu isə bu gün bazardakı qiymətlər düz gəlmir. Biz onu 45 qəpikdən alsaq, gətirib Bakıda neçəyə sata bilərik? Nəticədə bazar rəqabətini uduzmuş məhsullar ortaya çıxır. Digər bir amil odur ki, fermerlərin əlindəki məhsul azdır, bəzən heç 500 kq deyil. Həmçinin onların saxlanma şəraiti elə olur ki, bir müddət sonra keyfiyyətini itirir, müəyyən xəstəliklər yaranır. Yəni heç də bütün məhsullar həmişə bazara yararlı olmur. Biz fermerlərə təklif edirik ki, sizə şərait yaradaq, pulsuz nəqliyyatla təmin edək, bazarlarda pulsuz yer ayıraq, məhsullarınızı özünüz satın. Bu zaman fermerə daha çox xeyir qalır, nəinki vasitəçilərə. Hazırda bazarda minlərlə vasitəçi var, onlar fermerlərə təzyiq edirlər ki, məhsulu filan qiymətə verməlisən. Bu, ölkənin ümumi siyasətinə uyğun deyil. İstehsalçıları ən çox narahat edən məsələ də budur ki, alverçi gəlib məhsulu su qiymətinə alıb, aparıb kiloqramını 1 manata satır, bizə xeyir qalmır. Biz həmin fermerlərə müraciət edirik ki, qaynar xəttimiz olan "16-59"a zəng vursunlar, maraqları varsa onlara kömək edirik".

ASC sözçüsü mətbuatda yayılan iddialara da aydınlıq gətirərək, onun iqtisadi əsasının olmadığını vurğuladı: “Gədəbəydə kartofun zirzəmidə çürüməsinə məsələsi ilə bağlı məsələni biz operativ şəkildə araşdırdıq. Bizim regional struktur bölmələrin rəhbərləri, eyni zamanda Gədəbəy rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Bu qurumların xətti ilə, Gədəbəydə kartof istehsalı və satışı ilə məşğul olan bütün insanlara çıxış əldə etdik. Hazırda rayonda qeyd edilən miqdarda kartof yoxdur. Biz ”Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti olaraq kartof istehsalçılarına müraciət edirik ki, kimin əlində məhsulu varsa, bazar qiymətinə uyğun olaraq o məhsulu almağa hazırıq. Qaynar xəttimiz olan “16-59"a zəng vursunlar, 1 gün ərzində bizim cəmiyyət onlardan məhsulu alacaq. Ancaq bizim araşdırmamıza görə hazırda rayonda o qədər kartof yoxdur, bazarlara və yarmarkalara çıxarılaraq satılıb”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.