Trampın Kim Çenlə yaxınlaşmasının arxasında nə dayanır? – Şərh
10-03-2018, 10:36
ABŞ və Şimali Koreya arasında sərt diplomatik və hərbi ritorikanın davam etdiyi gərgin dövrdə belə Prezident Tramp açıqlamalarının birində qeyd edirdi ki, Şimali Koreya lideri ilə görüşə hazırdır. Qış Olimpiadası günlərində Şimali Koreya liderinin bacısının da daxil olduğu nümayəndə heyəti Cənubi Koreyaya gələrək Olimpiada yarışlarına qatılmışdı. O, zaman Cənubi Koreyada müəyyən təmaslar baş verdi. Məhz bundan sonra Şimali Koreya ilə Cənubi Koreya arasında danışıqların bərpa edilməsi haqda müsbət mesajlar verildi.
Bu fikirləri Teleqraf.com-a təhlükəsizlik eksperti, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.
Mütəxəssis bildirib ki, Şimali Koreya ilə Cənubi Koreya arasında baş tutan danışıqlarda iştirak etmiş Seul nümayəndəsi sonradan ABŞ-da səfərdə olub:
“ABŞ səfəri zamanı həmin diplomat Prezident Donald Trampla görüş zamanı Şimali Koreya ilə aparılan danışıqlar haqqında məlumat verdi. Bundan öncə isə mətbuata deyilmişdi ki, Şimali Koreya lideri əgər şərtlər Şimali Koreyanı təmin edərsə, onlar nüvə proqramını durdurmağa hazırdır.
Görünən budur ki, danışıqlarda elə səviyyəyə çatılıb ki, ABŞ tərəfi danışıqlarda iştirak etməyinin faydalı olacağını düşünür. Çünki Şimali Koreyanın nüvə və raket proqramı danışıqlar yolu ilə dayandırmaq mümkündürsə, indiki halda əsas hədəfi İran, Rusiya və Çin olan Amerika üçün bu, faydalı ola bilər”.
Sülhəddin Əkbər hesab edir ki, əgər söhbət Pxenyanın nüvə proqramını dayandırmasından gedirsə, burada iki şərt var:
“Birincisi, əvvəllər də Pxenyan nüvə proqramını bəlli şərtlər daxilində müəyyən müddətə dayandırıb və belə bir təcrübə var. İkincisi, artıq Şimali Koreya özünün nüvə və raket proqramının inkişafında bəlli mərhələni qət edib, müəyyən inkişaf yolu keçib, müəyyən nəticə əldə edib. Bu səviyyəyə çatdıqdan sonra Pxenyan nüvə proqramına müəyyən qədər fasilə verə bilər. İndi zaman hər iki tərəfə operativ-taktiki baxımdan lazımdır. Bu mənada müəyyən razılaşma əldə edilə bilər. Prinsipcə, bunun üçün zəmin də mövcuddur. Tərəflərin indiki hədəfləri fərqlidir. Strateji baxımdan ABŞ əsas hədəfinin Rusiya, İran və Çin olduğunu nəzərə alaraq razılaşmaya gedə bilər. Pxenyan da öz nüvə proqramında müəyyən inkişaf yolu keçdiyindən fasilə verə bilər”.
Çin və Rusiyanın Şimali Koreyaya müəyyən təsir imkanlarının olduğunu vurğulayan Sülhəddin Əkbər deyir ki, əgər Şimali Koreya danışıqlara və normal şərtlər altında fasilə götürməyə hazırdırsa, bu zaman Moskva və Pekin onu yolundan döndərə bilməz:
“Bu halda Pxenyan-Vaşinqton razılaşmasını digər tərəflər poza bilməyəcək. Əlbəttə, Rusiya çalışır ki, ABŞ onun sərhədlərində deyil, sərhədlərinə yaxın zonada münaqişələrə cəlb edilsin və başı oralara qarışsın. Ancaq Şimali Koreyaya rəhbərlik edənlər də vəziyyəti bilirlər. Üstəlik bu mərhələdə istədiklərinə nail olublar. İndi sosial iqtisadi vəziyyətləri o dərəcədə ağırdır ki, bu durumdan çıxmalıdırlar. Şimali Koreya istədiyinə nail olub. Bundan sonra nə istəyəcək ki? Artıq Şimali Koreya həm uzaqmənzilli raket texnologiyasına, həm də nüvə silahı daxil olmaqla nüvə arsenalına malikdir. Üstəlik həm raket, həm də nüvə sınaqlarını keçirib”.
Bununla belə, mütəxəssis deyib ki, söhbət Şimali Koreya probleminin müvəqqəti olaraq dayandırılmasından gedir:
“Ancaq bu problemin köklü həll ediləcəyini düşünmürəm. Sadəcə olaraq problem ertələnəcək. Bu da Şimali Koreyanın müəyyən mənada iqtisadi sanksiyalardan yayınmağa, iqtisadi-sosial problemlərini hansısa formada həllinə imkan verəcək. Eləcə də ABŞ-a imkan verəcək ki, özünün strateji panlarına konsentrasiya olunsun. Yəni, indiki şəraitdə razılaşma hər iki tərəfə uyğundur. Amma bu, strateji deyil, taktiki razılaşma xarakteri daşıyacaq”.
Xatırladaq ki, beynəlxalq media ABŞ Prezidenti Donald Trampın KXDR lideri Kim Çen İnlə görüşə razılıq verdiyini bildirib. Tramp Kim Çenlə 2018-ci ilin mayına qədər görüşmək niyyətindədir. Bu halda Seulun nümayəndəsi bildirib ki, Şimali Koreya lideri ABŞ-ın müttəfiqləri ilə plan təlimlərinin davam etməli olduğunu anlayır. Donald Trampa təklifi KXDR lideri ilə bir neçə gün əvvəl danışıqlar aparan Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon İn Yön çatdırıb. O, Şimali Koreya liderinin yarımadanın nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib.
“Kim Çen Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib”, - deyə Çon İn Yön bildirib.