Gədəbəydə kartof zirzəmilərdə çürüyür, Bakı bazarlarında isə…

12-03-2018, 00:07           
Gədəbəydə kartof zirzəmilərdə çürüyür, Bakı bazarlarında isə…
Bu ilin əvvəllərindən etibarən bazarlarda xarici ölkələrdən idxal edilmiş kartofun bollaşması Azərbaycanın yerli məhsulunu-Gədəbəy kartofunu piştaxtalardan sıxışdırıb

Gədəbəydə kartofçuluqla məşğul olan kiçik fermerlər və fərdi təsərrüfat sahibləri becərdikləri məhsulun bir qisminin zirzəmilərdə qalıb çürüməsindən şikayətlənirlər. Çünki təxminən yanvarın ortalarından başlayaraq kəndlərdə onların məhsulunun alıcısı kəskin azalıb, yaxud ümumiyyətlə yoxa çıxıb. Paytaxt bazarlarına məhsulu çıxarıb satmaq isə kəndlilərə sərf eləmir.

Gədəbəyin Düzrəsullu kəndindən Tofiq adlı kəndli deyir ki, təxminən 6-7 ton kartofu zirzəmidə çürüyür. Çünki alıcı yoxdur. “Yanvarın ortalarına qədər alverçilər gəlirdi, maraqlanırdı, indi heç maraqlanan da yoxdur. Ötən həftə bir neçə ton kartof apardıq Tovuza, fikirləşdik ki, bəlkə toxum kimi alan ola. Kilosunu 10 qəpiyə istədilər, qaytarıb gətirdik. Heyvan yemi kimi istifadə eləmək bu qiymətə satmaqdan daha sərfəlidir”-kəndli deyir.

Rayonun digər kəndlərində də məhsulu qalıb çürüyənlər çoxdur. Gədəbəy kartofuna tələbatın bu cür kəskin azalması isə daxili bazarda İran, Pakistan, Ukrayna kimi ölkələrdən idxal edilən, qiyməti daha ucuz olan kartofun bollaşması ilə əlaqəlidir.

Kəndlilər deyirlər ki, onların məhsulunu kəndlərdə kilosunu əvvəllər 40-50 qəpiyə alırdılar. “Məhsulu Bakı bazarlarına çıxarmağa imkanımız yoxdur. Çünki əlavə xərc tələb edir. Düzdür, Bakı bazarlarında Gədəbəy kartofunun kilosunu 80 qəpiyə, 1 manata alıcılara təklif edirlər. Amma biz məhsulu yerində heç 30 qəpiyə də sata bilmirik”-kəndlilər deyir.

Gəbəyədə soyuducu anbar tikilib, amma istifadəsizdir. Çünki kəndlilərə məhsulu anbarda saxlamaq da sərf eləmir. Bu, əlavə xərc deməkdir.

İlin əvvəllərindən xaricdən Azərbaycana nə qədər kartof idxal edildiyinə dair statistik məlumatları əldə edə bilmədik. Amma bazarlarda apardığımız müşahidələr göstərir ki, “İran kartofu” adı ilə satılan idxal məhsul həqiqətən bollaşıb. Qiyməti isə 50-60 qəpikdir. Satıcılar deyirlər ki, idxal kartofu satmaq daha sərfəlidir. Çünki qiymət ucuz olduğuna görə tələbat daha çoxdur. Gədəbəy kartofu isə baha olduğundan az satılır.

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, dövlət kartofçuluqla məşğul olan fermerlərə güzəştlər edir, yanacaq və sürtkü yağlarına görə subsidiyalar verilir. Amma fermerlər məhsulunu özü satmalıdır. Nazirlik fermerlərə yalnız həftəsonları və bayramqabağı keçirilən yarmarkalarda yer ayıra bilər.

“Bazarlar özəl müəssisə olduğundan onlara müdaxilə etmək səlahiyyətimiz yoxdur. Biz yalnız bazara keyfiyyətli məhsul çıxarılmasına nəzarət edə bilərik. Eləcə də sahibkardan xaricdən məhsul gətirməməsini, yalnız yerli məhsul alıb satmasını tələb edə bilmərik. Bazarda Gədəbəy kartofuna təlabat böyükdür. Təklif edirik ki, məhsullarını kənd təsərrüfatı yarmarkalarına çıxarsınlar. Məsələn, bayramqabağı 4 gün yarmarka olacaq”, -nazirlikdən əlavə ediblər.

Nazirlik fermerlərə anbar tapmaqda da köməklik göstərmir. Çünki anbarlar özəl şirkətlərə məxsusdur, qiymətləri onlar özləri müəyyən edir.

Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələ şöbəsinin müdiri Nicat Nəsirli isə bildirib ki, dövlət tərəfindən alınan ərzaq məhsullarının, o cümlədən kartofun qiyməti müəyyənləşdirilib və qiymətlər internet portalında yerləşdirilib. Qaydalara görə, dövlət tərəfindən təsdiqlənmiş məbləğə və ya ondan ucuz məhsul alına bilər. Bəzən isə fermer məhsulunu ucuz satmaq istəmir.

Nəsirli deyib ki, səhmdar cəmiyyəti 2 minə yaxın dövlət müəssisələrinin təlabatına uyğun məhsul alır. Məsələn, uşaq bağçası və ya məktəblərin ərzağa olan illik təlabatı öyrənilir, təlabata uyğun ərzaq alınır. “Buna baxmayaraq fermerlərə köməklik göstərilir. Məhsulunu sata bilməyən fermer bizim “çarğı mərkəzi”nə müraciət edə bilər. Biz həmin fermerləri maşınla təmin edə bilərik. Bundan əlavə, cəmiyyətin ayrıca yarmarkası var, fermerlər məhsullarını yarmarkalara çıxara bilərlər. Fermerlərlə iri ticarət mərkəzləri arasında vasitəçi ola bilərik. Məsələn, fermer bizə məhsulunu təqdim etdi, biz isə ticarət şəbəkəsi ilə danışdıq. Nəticədə onlar fermerə sərf edən qiymətə məhsulunu aldılar”, -şöbə müdiri əlavə edib.

N.Nəsirli onu da qeyd edib ki, fermerlərə məhsulunu saxlamaq üçün anbar tapmaqda köməklik edə bilmirlər. Çünki Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin anbarları yalnız dövlət müəssisələri üçün alınan məhsulları saxlamaq üçündür. Buna baxmayaraq fermerlər çarğı mərkəzinə müraciət etdikləri halda hərtərəfli araşdıraraq yardımçı olacaqları vəd edilir.

Ekspertlər isə hesab edirlər ki, bazarda azad rəqabət yoxdur. Yerli məhsul daha keyfiyyətsiz idxal məhsullar tərəfindən qiymət baxımından bazarda sıxışdırılır. Yerli məhsulu qəpik-quruşa satmaq isə kəndliyə sərf eləmir. Çünki onu becərmək üçün xərc, əziyyət çəkir. Hədəf ölkə əhalisinin ərzaq məhsullarına olan təlabatını yerli istehsal hesabına ödənilməsidirsə, bu, fermerlərin bazara çıxışını asanlaşdırmadan mümkün deyil.

“Xaricdən məhsul gətirilməsinə qadağan qoyula bilməz. Amma yerli məhsul satanlara güzəştlər tətbiq edilə bilər, dövlət yerli məhsulun xarici bazarlara çıxışını da təşkil etməlidir”, -adını söyləmək istəməyən ekspert bildirib.

Habelə bölgələrdə kiçiktutumlu anbarların tikilməsinə ehtiyac var. Ekspert qeyd edib ki, böyüktutumlu anbarlarda 5-10 ton məhsul saxlanılması nə fermerə, nə də anbarın sahibinə sərf etmir. Çünki 5-10 ton məhsula görə 100 min tonluq anbarın işlədilməsi sərf etmir. Buna görə də kiçik tutumlu anbarlar tikilməlidir ki, məhsul saxlanılsın, təlabat yaranandan sonra satışa çıxarılsın.

Fia.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.