Rüsumlar azaldıldı, amma qiymət enmir — Kərə yağı müəmması davam edir

12-03-2018, 00:03           

2017-ci ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 15 faizdən 5 faizə salınması ilə bağlı qərar qəbul edib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.
“Ölkə.Az” xəbər verir ki, qərarın 4 aydır, qüvvədə olmasına baxmayaraq, kərə yağının qiymətində gözlənilən ucuzlaşma baş vermir. İllərdir qüvvədə olan ənənəyə uyğun olaraq, əksinə qarşıdan gələn Novruz bayramı ilə əlaqədar qiymətlərin daha da bahalaşacağı gözlənilir.

İdxal azalır, qiymət isə yüksək olaraq qalır. Bunu rəsmi rəqəmlər də təsdiqləyir.

Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında göstərilib ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 9 mln. 876,59 min ABŞ dolları dəyərində 1705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Bu, həcm baxımından 2017-ci ilin ilk iki ayı ilə müqayisədə 702,91 ton və ya 29,18% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 392,28 min dollar və ya 16,41% çoxdur.

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 8 mln. 483,81 min dollar dəyərində 2408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Bu barədə Modern.az-a danışan iqtisaçı Natiq Cəfərli bildirib ki, kərə yağına tətbiq olunan gömrük rüsumları azaldıldıqdan sonra idxalda ciddi artım olacağı, vəziyyətin sərfəli hala gələcəyi gözlənilirdi:

“Amma vəziyyət bunun əksini göstərir. Bildiyiniz kimi, rüsumlar 15 faizdən 5 faizə endirildi. Bundan sonra həm qiymətlərin enəcəyi, həm də idxalda artım olacağı proqnozlaşdırılırdı. Çünki idxalın daha sərfəli hala gələcəyi düşünülürdü. Amma proses gözlətilərin əksinə cərəyan etdi”.

Ekspert deyib ki, bunu 2 səbəblə izah etmək olar:

“Birincisi, ölkədə kərə yağının baha olması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi tələbatın azalmasına gətirib çıxarıb. Digər tərəfdən, bazardakı inhisarçılıq rəqabətin yaranmasına imkan vermir. Kərə yağının idxalı ilə məşğul olan 5-6 firma daha az məhsul gətirməklə müəyyən tələbata uyğun qiymət siyasəti həyata keçirmək niyyətindədirlər. Məntiqlə ölkəyə gətirilən kərə yağının həcmi artmalı idi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.