İnkişaf meyarı ümumbəşəri dəyərlər olarsa…
12-03-2018, 00:21
"Səhiyyədə zorakılığın qarşısını almaq mümkün deyil", "Qadınlara qarşı zorakılıq artıb", "İdman əxlaqı və zorakılıq problemi", "Heç bir şəkildə qarşısı alınmayan utanc", "Üç silahlı hücum daha"...
Başlıqlar tanışdır, inkişaf edib etməməsindən asılı olmayaraq hər bir ölkədə… Vəziyyət o qədər dəhşətlidir ki, zorakılıq mövzusu inkişaf meyarlarına da təsir edəcək səviyyəyə gəlib çatıb.
Səhiyyə və təhsil xidmətlərinin vəziyyəti, işsizlik nisbəti, gəlir bölgüsü ən prioritet inkişaf meyarlarındandır. Adambaşına düşən milli gəlir, regional bərabərsizlik də həmçinin. Son dövrlərdə uzun və sağlam həyat, informasiya əldə etmək imkanı, siyasi azadlıq kimi meyarlar da inkişaf indeksinə daxil edilib. Bəs inkişaf meyarına insan davranışları daxil edilərsə, dünyadakı vəziyyət necə olar?
Bu sualın cavabı çox dəqiqdir. İctimai davranışlar bir çox ölkəni "az inkişaf etmiş" kateqoriyasına daxil edə bilər. Nəqliyyatdakı şiddət, əlillərə təcavüz, silahlı hücumlar, qadınlara zorakılıq, irqçi qətliamlar kimi əxlaqa zidd davranışlar göstərici qəbul edilərsə, bir çox ölkə inkişafda “sinifdə qalacaq”. Dünya Səhiyyə Təşkilatı tərəfindən dərc olunan bir hesabata görə, "zorakılığın olmadığı qitə və ölkə yoxdur. Bundan isə cəmiyyətlərin bir çoxu təsirlənir".
(http://www.who.int/violence_injury_prevention/violence/world_report/en/summary_en.pdf)
Dünya miqyasında 10 milyonlarla qadın evdən iş həyatına qədər hər yerdə sözlü və ya fiziki təcavüzə məruz qalır, şiddət görür, hətta öldürülür. Qadına şiddət "demokratiyanın beşiyi" kimi tanınan Avropada olduqca geniş yayılıb. Belə ki, hər üç qadından biri fiziki və ya psixoloji zorakılığa məruz qalır. Qadınların 5%-nə təcavüz edilir. Avropa İttifaqının Fundamental Hüquqlar üzrə Agentliyinin (FRA) Avropa İttifaqı ölkələrində apardığı araşdırmaya görə, hər 10 qadından biri 15 yaşından əvvəl cinsi zorakılığa məruz qalır, hər 20 qadından biri isə təcavüzə məruz qalır. Hər 5 qadından biri də ərləri tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. (http://fra.europa.eu/en/speech/2014/violence-against-women-across-eu-abuse-home-work-public-and-online)
İnkişaf etmiş ölkələr arasında 10-cu yerdə olan Danimarkada qadınların 52%-i şiddət görür. Danimarkadan sonra 47%-lə Finlandiya, 46%-lə İsveç gəlir. (http://www.bbc.com/news/world-26444655)
Avropa Komissiyasının Türkiyə nümayəndə heyəti maliyyə əməkdaşlığı, koordinasiya və investisiya üzrə sədr müavini Andreas Laggisin bu mövzudakı bir araşdırmasında İngiltərə və dünyanın 4-cü inkişaf etmiş ölkəsi kimi tanınan Hollandiya ilə bağlı təəccüblü nümunələr var:
"Birləşmiş Krallıqda ailədaxili zorakılıq nəticəsində hər 3 gündə 1 qadın ölür. Hollandiyada, bütün qadınların beşdə biri əri və ya keçmiş əri tərəfindən zorakılığa məruz qalır". (http://www.hurriyet.com.tr/42-percent-of-turk-women-facing-abuse-10991382)
Həmin ölkələrdə "demokratiya, insan hüquqları, azadlıq və ədalət" kimi dəyərlərin beynəlxalq sülh və əməkdaşlıq baxımından əhəmiyyəti tez-tez vurğulansa da, həmin dəyərlərə zidd olan zorakılıq hallarında çox artım var. Amerika küçələrində insanlar hər gün silahlı münaqişlərə girir, irqçi davalar, bıçaqlaşmalar olur.
Dünyanın başqa yerlərində də vəziyyət eynidir. Mərkəzi Afrikadakı silahlı hücumlarda bir gündə 100-150 insan həyatını itirir. Kəşmirdə, Myanmada onlarla insan terror hadisələrində qətlə yetirilir. Yaxın Şərqdə zorakılıq hər gün can alır. Filippin və Tailandda vəhşiliklər səngimək bilmir.
Hər il 1,6 milyondan çox insan zorakılıq nəticəsində həyatını itirir. Zorakılıq dünya miqyasında 15-44 yaş arası insanlarda 14% kişi, 7% qadın olmaqla ən başlıca ölüm səbəblərindəndir.
(http://www.who.int/violenceinjuryprevention/violence/worldreport/en/summaryen.pdf) Zorakılıq nəticəsində ölən insanların əksəriyyəti zehni və fiziki baxımdan zərər görən və ciddi sağlamlıq problemləri yaşayan insanlardır.
Dünya miqyasında zorakılığın qarşısını alacaq köklü həll yolları tapmaq əvəzinə şiddəti qismən azaltmağı hədəfləyən, səthi tədbirlərin görülməsi də düşündürücüdür.
Zorakılığın cəmiyyətin sağlamlığına və nəticədə ölkə büdcəsinə yükü də olduqca çoxdur. 2004-cü ildə zorakılığın iqtisadi dəyərinin Tailandda ÜDM-nin (Ümumi Daxili Məhsul) 0,4%, Braziliyada 1,2%, Yamaykada 1,2%-ə bərabər olduğu təxmin edilir. Uşaqlara pis rəftarla bağlı illik iqtisadi yük ABŞ-da 124 milyard dollar təşkil edir. (WHO, Global status report on violençel prevention 2014) (http://www.who.int/violenceinjuryprevention/violence/statusreport/2014/report/report/en/)
Bir insanın heç tanımadığı birini nə üçün bıçaqladığını və ya nə üçün atəş etdiyini anlamaq çox çətindir. Problem qətiyyən bu insanların savadsızlığında deyil. Nəqliyyatda silahlı davaya başlayıb terror aktı törədənlərin, nalayiq rəftar edənlərin çoxu təhsilli və yol hərəkəti qaydalarından xəbərdar olan insanlardır. Dünya öz həyat yoldaşlarına zorakılıq tətbiq edən universitet məzunları ilə doludur.
Zorakılıq cəmiyyətin vərdiş etdiyi bir problem olmaqdan çıxarılmalı, köklü analiz etməklə qarşısının alınması üçün tədbirlər görülməlidir. Hər kəsin qəbul etdiyi həqiqətdir ki, zorakılığı yalnız təhlükəsizlik tədbirləri ilə dayandırmaq qeyri-mümkündür. Zorakılığa qarşı yeni üsullar, müxalifət-iqtidar ayrı-seçkiliyi olmadan birgə anlayışlar, qlobal perspektivlər inkişaf etdirmək məcburiyyətindəyik. Siyasətçilər, yazıçılar, pedaqoqlar, aktiv fəaliyyət göstərən QHT-lər, araşdırma mərkəzləri, universitetlər, bir sözlə, cəmiyyətin hər bir qurumu və qrupu zorakılığın dayandırılmasına üstünlük verməlidir. Siyasi baxışı, ideologiyası və ya inancı nə olursa olsun, hər kəs bu məsələdə üzərinə düşəni etməlidir.
Mediada zorakılığa baş vurmadan problemləri həll etməyin vacibliyi təlqin edilməli, məktəblərdə bu istiqamətdə maarifləndirmə aparılmalıdır. Gözəl əxlaq, şəfqət, qadına hörmət aşılanmalı, gözəl həyat üçün ictimai davranış qaydalarına riayət edilməsinin zəruriliyi izah edilməli, yaşlı və uşaqların qorunması təşviq edilməlidir. Bunlar görüləcək tədbirlərdən yalnız bir neçəsidir. Unutmayaq ki, zorakılıq ciddi problemdir və həyatın hər sahəsinə təsir edərək heç gözləmədiyimiz bir anda bizim də qarşımıza çıxa bilər.
Adnan Oktar
Fia.Az