Bu gün prezidentliyə namizədlərin dəqiq sayı bəlli olacaq

17-03-2018, 10:21           
Bu gün prezidentliyə namizədlərin dəqiq sayı bəlli olacaq
İctimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq “Tədbirlər planı” təsdiqlənərək xüsusi nəzarətə götürülüb

Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasının başlanmasına iki gün qaldı. Seçki Məcəlləsinə görə martın 19-da saat 8-dən namizədlər təşviqata başlaya bilərlər. Hazırda 7 rəsmi qeydə alınmış namizəd var. 3 nəfərin (Sərdar Cəlaloğlu, Əli Əliyev, Tural Abbaslı) isə namizədliyinin qeydə alınıb-alınmaması məsələsinə isə MSK-nın martın 17-də keçiriləcək iclasında baxılacağı və qərar veriləcəyi gözlənilir. Bu gün qərar veriləcəyi halda seçkidə namizədlərin sayı dəqiq məlum olacaq.

Seçkilərə namizədlər və seçki komissiyaları ilə yanaşı polis də hazırlıq görür. Martın 16-da Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.

Nazir ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşıdakı illərdə xalqımızın və dövlətçiliyimizin taleyinin müəyyənləşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə-Prezident seçkilərində səsvermə hüququna malik 5 milyondan artıq seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlişinin gözlənildiyini xatırladıb. O, bu il aprelin 11-də-səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq “Tədbirlər planı”nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Seçkilərdə bütün səsvermə hüququ olanların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi, son aylar nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və bölgələrdə səyyar xidmətlərin keçirildiyini vurğulayan general-polkovnik R.Usubov belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin bir sıra görüləsi işlərin olduğunu bildirib.

Gündəlikdəki birinci məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edib. Qeyd olunub ki, seçkilərin gedişi, eləcə də qanun pozuntuları barədə daxil olmuş məlumatların yoxlanılaraq zəruri tədbirlərin görülməsi və nəticələrinin vaxtında məruzə olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarələrinin əməkdaşlarından ibarət xüsusi işçi qrupu, Bakı Şəhər Baş Polis İdarəsində isə xüsusi operativ qrup yaradılıb.

Polisin bu mühüm mərhələdə hüquq və vəzifələrinə dair Mərkəzi Seçki Komissiyası ilə birgə hazırlanmış 11.000 ədəd “Yaddaş kitabçası” şəxsi heyətə paylanıb.


Məruzəçi qeyd edib ki, Daxili İşlər Nazirliyinin bütün orqan və hissələri gücləndirilmiş iş rejimində xidmət aparacaq, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin edəcək 12000-dən artıq polis əməkdaşı bütün zəruri xüsusi və digər vasitələrlə tam təchiz olunub, şəhər, rayon polis orqanlarının dislokasiya planlarındakı dəyişikliklər nəzərə alınmaqla ictimai yerlərdə, o cümlədən küçələrdə hüquq qaydasının təmin edilməsinə cəlb olunan naryadarın sayı artırılıb. Təbliğat-təşviqat kampaniyasının keçirildiyi yerlərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında hüquq qaydasına riayət olunmasının vəziyyəti “Təhlükəsiz şəhər” sisteminin müşahidə kameraları ilə fasiləsiz izlənəcək, bütün hüquqazidd hərəkətlərə dərhal reaksiya verilməklə yaxınlığındakı naryadlar hadisə yerinə yönəldiləcək. Bildirilib ki, seçki bülletenləri dairə və məntəqə seçki komissiyalarına daxil olduğu andan dairə və məntəqələr polis orqanları tərəfindən 24 saat müddətinə mühafizəyə götürüləcək.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinov vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti barədə məruzə ilə çıxış edib. Baş idarə rəisi bildirib ki, şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində vətəndaşlara xidmətin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq olunmaqla göstərilməsi ilə bağlı beynəlxalq təcrübə dərindən öyrənilib, dövlət başçısının fərman, sərəncam və tapşırıqlarından, ölkə qanunvericiliyindən, irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılıb, yeni nəsil sənədlərin tətbiqinə dair Dövlət Proqramından irəli gələn tələblər ardıcıllıqla yerinə yetirilib. Nəticə etibarı ilə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilib, həmin sənədin spesifikasiyası, təsviri və nümunəsi təsdiqlənib. Yeni vəsiqələrin çipində fərdi biometrik göstəricilər də daxil olmaqla 20-dən çox məlumatın yerləşdirilməsi nəzərdə tutulur. Bütövlükdə, ölkə Prezidentinin 2017-ci il 8 dekabr tarixli fərmanına uyğun olaraq, biometrik şəxsiyyət vəsiqələrinin tətbiqinə dair DİN-in qarşısında qoyulmuş bütün vəzifələr yerinə yetirilib.

Məruzəçi qeyd edib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat və şəxsiyyət vəsiqəsi qruplarının işi də nəzarətdə saxlanılır. Təkcə ötən il müvafiq mərkəzlərdə ölkə vətəndaşlarına 646.242 şəxsiyyət vəsiqəsi verilib.

11 apreldə keçiriləcək seçkini müşahidə edəcək beynəlxalq müşahidəçilərin sayı isə artmaqda davam edir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin məruzəçiləri bu ilin aprelində Azərbaycana səfər edəcəklər. Sechki-2018.az-ın xəbərinə görə, bu barədə AŞPA Monitorinq Komitəsinin məruzəçisi Sezar Florin Preda məlumat verib. Onun sözlərinə görə, hər iki məruzəçi aprelin 10-da AŞPA müşahidə missiyasının tərkibində Azərbaycanda keçiriləcək Prezident seçkilərinin müşahidə etmək üçün Bakıya gələcəklər. Xatırladaq ki, martın 15-də Parisdə AŞPA Bürosu Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün missiyanın tərkibini təsdiqləyib. 33 nəfərlik missiyaya rumıniyalı parlamentar Viorel Riçard Badea rəhbərlik edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.