“Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistana ünvanlı xəbərdarlıq mesajına ehtiyac var...” - Naxçıvan məsələsi...

22-05-2018, 12:56           
“Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistana ünvanlı xəbərdarlıq mesajına ehtiyac var...” - Naxçıvan məsələsi...
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın diqqəti daxili problemlərdən yayındırıb hakimiyyətini qoruyub-saxlamaq üçün cəbhə xəttində gərginliyi artıracağı barədə təxminlərimiz özünü doğrultdu. Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Adil Tatarov şəhid oldu.

Bundan əlavə, Paşinyanın Xankəndinə gəlişindən və burada jurnalistlər qarşısına çıxıb Azərbaycana ultimatum verməsindən sonra işğalçı ölkənin xarici işlər və müdafiə nazirləri də qeyri-qanuni şəkildə işğal altındakı ərazilərimizə gəldilər. Həmçinin işğal zonasında hərbi təlimlər keçirildi. Bütün bunlar Ermənistanın açıq şəkildə Azərbaycanı savaşa çəkmək niyyətinin nümayişidir. Üstəlik, bunlar da kifayət etmədi, Ermənistanın xarici və müdafiə nazirləri Zöhrab Mnatsakanyala Davit Tonoyan Naxçıvanla sərhədə gedib təxribat planını işləyib-hazırladıqdan sonra Azərbaycan əsgəri şəhid oldu.

Elə Azərbaycan Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında da bu barədə bildirilib. Müdafiə Nazirliyi bəyan edib ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Yeri gəlmişkən, işğalçı ölkə son zamanlar bir neçə dəfə Azərbaycan ordusunun guya Naxçıvan, Qazax və Tovuz istiqamətindən qarşı tərəfi atəşə tutması barədə təxribat xarakterli bəyanatlar yayırdı. O zaman da qeyd etmişdik ki, düşmən bununla özünün hansısa təxribatçı hərəkətlərinə, cinayətlərinə zəmin hazırlamaq istəyir, belə halları əvvəllər də müşahidə etmişik. “Erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq yayılacağı istisna edilmir”. Bu isə Müdafiə Nazirliyinin ötən açıqlamalarındandır.

Ancaq görünən budur ki, işğalçı ölkənin təxribatları bununla bitməyəcək. Artıq Ermənistanda həyasızlıq o həddə çatıb ki, Dağlıq Qarabağ və ətraf rayonlarla kifayətlənməyərək Naxçıvanı da “geri qaytarmaq”la bağlı çağırışlar səslənir. Beynəlxalq hüququ tapdayaraq Azərbaycan ərazilərini 25 ildir işğalda saxlayan Ermənistan cəzasızlıq mühitinin davam etməsi şəraitində daha da irəli gedərək, Azərbaycanın digər tarixi ərazilərinə də iddiasını yenidən önə çıxarmağa çalışır. Bu barədə iddialar əvvəllər də olub, hətta bir əsr əvvəl də ermənilər xarici havadarlrının dəstəyi ilə Naxçıvana sahiblənmək istəyiblər.

“Yeni Müsavat” xəbər verir ki, bu dəfə politoloq Levon Şirinyan yerli mətbuata açıqlamasında sərsəm iddialar səsləndirib. O, ölkənin yeni xarici və müdafiə nazirlərinin Naxçıvanla sərhədə getməsini təqdir edərək, nazirlərin sələflərini tənqid edib. Hətta sabiq XİN rəhbəri Edvard Nalbəndyanın aprel döyüşlərindən sonra itdiyini xatırladıb. Bu sərsəm ekspert vaxtilə Rusiyanın Naxçıvanı “türklərə verdiyini” iddia edib və Ermənistanı beynəlxalq səviyyədə bu əraziləri “geri qaytarmaq”la (?!) bağlı hərəkətə keçməyə çağırıb.

Əslində bu kimi iddiaların üzərindən boş verib keçmək də olmaz. Çünki vaxtilə zori balayanlar da Qarabağla bağlı iddialarını bu şəkildə tirajlamışdılar.

*****

Ermənilərin Naxçıvan istiqamətindən sarsıdıcı zərbə alacaqlarından dolayı təşviş keçirdiyi də faktdır. Qarabağ savaşı başlasa, heç şübhəsiz, bu dəfə Naxçıvandakı ordumuz da hərəkətə keçəcək və “əl içində”ki İrəvan hədəfə alınacaq. Odur ki, düşmən himayədarlarının dəstəyini qazanmaq, başının üstündə təhlükəsizlik çadırı qurmaq üçün diqqəti bu cəbhəyə yönəldir. Elə Rusiyanın Ermənistana aşağı radiuslu “Tor M2" zenit-raket komplekslərini göndərmək qərarı həm də bununla əlaqədardır. Rusiya bununla Qərbə meyllənən Ermənistanı növbəti dəfə öz çətiri altına çəkməyə çalışır. Ermənilər də daha çox şivən qoparmaqla ağalarından əlavə dəstək qazanacaqlarını zənn edirlər.

Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda hərbçilərimizlə görüşü zamanı muxtar respublikada uzaqmənzilli raketlərə malik qüdrətli ordumuzun olduğunu bəyan etdi və dolayısı ilə düşməni ağıllı olmağa çağırdı. Lakin görünür, ermənilər havadarlarından aldığı təlimata uyğun olaraq daha irəli getməyə çalışırlar. O da istisna deyil ki, indi ermənilər Naxçıvana olan iddialarını qabartmaqla Qarabağ məsələsini arxa plana keçirməyə cəhd edirlər.

*****

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, cəbhə bölgəsində vəziyyətin gərginləşəcəyi gözlənilən idi: “Ancaq Naxçıvanda atəşkəsin pozulması qeyri-adi idi. Naxçıvan istiqamətində uzun müddət şəhid verməmişdik. Azərbaycan prezidenti Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik. Bu, təsadüfi deyil. Görünür, İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə ”reaksiya" verdilər. Özü də bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhədə baxış həyata keçirdilər. Demək, təxribatı əvvəlcədən planlaşdırıblar. Bu, Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk “mesaj” idi. Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi, bir şəhidimizin qarşılığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana mesaj yollamalıdır. Onların cavabı Naxçıvandan verilməlidir".

Fakt budur ki, Ermənistan Naxçıvana qarşı iddialar irəli sürməklə, yaxud muxtar respublikanın ərazilərini hədəfə almaqla Qars müqaviləsinin şərtlərinə görə bu əraziləri özünün qarantiyası altına alan qardaş Türkiyənin də üzərinə getməyə cəhd edib. Bir müddət öncə Türkiyənin baş naziri Bakıda olarkən “Əgər dost və qardaş Azərbaycana buradan başqa bir təhdid yönələrsə, yaxud Türkiyəyə bu ərazilərdən bir terror təhdidi yönələrsə, qarşılığı mütləq olacaq”, - deyə bəyan etmişdi. Ankara daim Qarabağ məsələsində prinsipiallıq nümayiş etdirib. Hətta N.Paşinyan hakimiyyətə gələndən sonra Ankaraya xitabən heç bir şərt irəli sürmədən danışıqlara başlamaq çağırışı etsə də, Türkiyə Qarabağ torpaqlarını azad etməyin zəruriliyini xatırlatmışdı. İndi Naxçıvan təxribatı da təsadüfi deyil.

Politoloq E.Şahinoğlu da hesab edir ki, Naxçıvanda atəşkəsin pozulması Türkiyəni də narahat etməlidir: “Mənə elə gəlir ki, Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistana ünvanlanan xəbərdarlıq mesajına ehtiyac var. Ermənistan hakimiyyəti yerini bilməlidir”.

Naxçıvan təxribatının arxasında Rusiyadakı dairələrin olması da müzakirə mövzusudur. Ekspertimiz qeyd etdi ki, bu işin içində Rusiyadakı maraqlı mərkəzlərin olmasından da şübhələnir: “Məsələn, bir müddət əvvəl Abxaziyanın ”prezidenti" Raul Xadjimba və Rusiya XİN-in 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski Dnestryanı, Cənubi Osetiya, Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Separatçıların birgə nə müzakirə etdikləri məsələnin başqa tərəfidir. Hələlik görüşün özü haqqında danışaq. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev haqlı olaraq bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib.

Buna cavab olaraq da Rusiya XİN-in məlumatında uzun cümlə yer alıb: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən ”üz-üzə" gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb". Bu açıqlama ilə demək istəyirlər ki, Rusiya rəsmilərinin Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə “təsadüfən üz-üzə” gəlmələrində heç bir qəbahət yoxdur. Birinci, bu “təsadüf” deyil, Rusiya XİN-in diplomatı separatçılarla görüşə bilərəkdən qatılıb. İkincisi, Abxaziyada separatçıların toplaşması da Moskvanın təlimatıyla həyata keçirilib. Bunu Abxaziya özbaşına edə bilməzdi, çünki bu bölgə tamamən Rusiyanın nəzarəti altındadır. Eləcə də Naxçıvanda atəşkəsi pozan Ermənistan da öz havadarına güvənir".

“Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması o deməkdir ki, Ermənistan köhnə siyasətindən əl çəkməyəcək”. Bu sözləri isə axar.az-a Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması ilə bağlı danışan İlqar Vəlizadə deyib.

Ekspert bütün hallarda həm sərhəddə, həm də cəbhədə gərginliyin davam edəcəyini bildirib: “Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsi münaqişə zonasından uzaqdır və bu cür halın baş verməsi çoxlu suallar meydana gətirir. Hadisənin məhz bu ərəfədə baş verməsi təxribatın qəsdən törədildiyini ortaya qoyur. Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması o deməkdir ki, Ermənistan köhnə siyasətindən əl çəkməyəcək. Qarşıda təxribatlar təkcə cəbhədə deyil, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində də gözləniləndir. İndiki Ermənistan hakimiyyəti daha sərt mövqedə dayanır, yaranmış reallıqları dərk etmir və Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin gərinləşməsinə maraq göstərir. Azərbaycan bütün bu təxribatlara lazımı cavab verir və verəcək”.

Politoloq qeyd edib ki, Azərbaycan bu məsələni danışıqlar prosesində gündəmə gətirəcək: “Bununla bağlı danışıqlar prosesində müəyyən korrektələr ediləcək. Hesab edirəm ki, Azərbaycan tərəfindən bundan sonra daha sərt mövqe nümayiş etdiriləcək”.

N.Paşinyan Qarabağda olarkən bir bəyanat vermişdi və həmin bəyanat hətta Ermənistanda da narahatlıq doğurmuşdu. “Mənim Qarabağ tənzimlənməsinə dair bəyanatlarımda çox ciddi yeniliklər vardır, ən ciddisi ondadır ki, mən Azərbaycan prezidenti ilə Ermənistan Respublikası adından danışıqlar aparmağa hazıram, Artsax Respublikası (tanınmamış DQR-red.) adından isə danışıqları respublika prezidenti simasında Artsax hakimiyyəti aparmalıdır”, - Ermənistanın yeni baş naziri bildirmişdi. Bununla da Paşinyan Ermənistanın Qarabağ məsələsində münaqişə tərəfi olduğunu rəsmən etiraf etmişdi və hətta eks-prezident Levon Ter-Petrosyandan sərt təpki görmüşdü. Ancaq Naxçıvan təxribatı və bu istiqamətindən düşmənin silahları işə salması İrəvanın nəinki münaqişə tərəfi olduğunu, hətta Naxçıvana iddia edən, beynəlxalq hüquqa məhəl qoymayan cinayətkarların rəhbərlik etdiyi, islaholunmaz subyektə çevrildiyini nümayiş etdirdi. Bunun qarşılığında isə sərt cavabların verilməsinin alternativi yoxdur artıq. Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərinin bəyan etdiyi kimi, baş verənlərin məsuliyyətini Ermənistan daşıyacaq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.