İmkanlılar ehtiyacı olanlara şərait yaratsın - Prezident

24-05-2018, 17:32           
İmkanlılar ehtiyacı olanlara şərait yaratsın - Prezident
Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib.

Prezident bildirib ki, məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir.

“Yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Qeyd etdiyim kimi, hər il minlərlə ailə evlərlə təmin olunur. Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə köçəcək”, - İlham Əliyev bildirib.

Dövlətin bu istiqamətdə öz siyasətini davam etdirdiyini deyən prezident vurğulayıb ki, özəl sektor da bu işlərə qoşulub.

“Bu da təbiidir. İmkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün gərək şərait yaratsın. Bu gözəl təşəbbüs əminəm ki, Azərbaycanda geniş vüsət alacaq. Dövlət isə öz tərəfindən bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün çalışacaq. Həm bu il, həm gələn il sosial layihələr icra ediləcək. Biz, qeyd etdiyim kimi, bu işlərdə böyük uğurlara nail ola bilmişik. Salınan şəhərciklər arasında Cocuq Mərcanlı qəsəbəsinin bərpasını mən xüsusilə qeyd etmək istərdim. Keçən il o qəsəbənin yenidən qurulmasının açılışında iştirak etmişəm. Orada hazırda 150 ev, məktəb, uşaq bağçası, məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıda inşa etdik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.