Ağ atlı Hacı Nuran: yataqda reklam, yoxsa?..

27-06-2018, 09:55           

Xəstəlik çox həssas məsələdir. Doğrusu, bir az çəkinirdim bu haqda yazmağa, amma bütün mümkün mənfi reaksiyaları nəzərə alıb, yazmağa qərar verdim.

Demək olar ki, hər on insandan doqquzu xəstəlikdən əziyyət çəkir. Fiziki olmasa da, mənəvi, mənəvi olmasa da, psixoloji. Necəsə bu xəstəlik zilləti hər an hər birimizin bir addımlığındadır. Bəlkə də çoxdan qapıdan içəri girib, xəbərimiz yox.

Hər şeyi başa düşmək olar, çarəsizlikdən pul dilənməyi belə. Təki əzizlərimiz, doğmalarımız, sevdiklərimiz xəstəliyə məğlub olmasın. Lazım gəlsə, canımızı da fəda edərik ki, sevdiyimiz insan sağlığına qovuşsun.

Amma xəstəlikdən istifadə edib, insanların duyğularını sömürmək, bu xəstəlikdən həyasızca reklam düzəltmək, şou yaratmaq çox iyrəncdir.

Hacı Nuran illərlə aparıcılıq etdiyi veriliş vasitəsiylə ehtiyac sahiblərinin dərdlərini işıqlandırıb, yardım edilməsi üçün çapalayıb, bu öz yerində.

Məsələ budur ki, hətta bunları edərkən belə, kim fərqində olmasa da, özü bunun bir iş olduğunu bilib. İş varsa, demək ki, ortada maaş da olacaq. Yəni bu adam gördüyü işin qarşılığını bu və ya digər şəkildə alıb.

Bizim millət belədir də: uşaqlıqdan nağıllarla böyüməyimiz şüuraltımızda bir qəhrəman obraz sevdasını gizlədib. Elə bunun nəticəsidir ki, bu saat səsini kütləyə çatdırmağı bacaran hər kəs, məhz şüuraltımızdakı o qəhrəman obrazı hədəf seçir.

Elə ilk qəhrəmanlaşdırılan fiqurlardan biri də Hacı Nuran olmuşdu.

O “zaurlar” - elə şit olanı da, əlinə banan alıb meymunluq edəni də sonradan çıxdı meydana. Hansı ki, zaman hər ikisinin mahiyyətini açıb tökdü ortalığa.

Sonuncu hələ də, dələduz həkimi cəmiyyətə peyğəmbər kimi sırımağının üzrxahlığını etməyib. Niyə də üzr istəsin axı, biz ki çox mərhəmətli xalqıq.

İnsanların sağlamlığıyla “klas-klas” oynayan həkimi də, Zauru da unutduq getdi. Elə bildik ki, bir küləyiydi, əsdi keçdi.

İndi isə bütün şou əhli ağciyərində onkoloji şiş olan bir xəstənin başına yığışıb, selfi çəkməklə məşğuldur. Bu şou-biznes simalarının, lap ən ucuz reklam tutmaq ehtimalını görməzdən gəlsək də, ortada çox ciddi bir məqam var. Nə etməyə çalışırlar: məqsəd Hacı Nuranın xəstəliyini ictimailəşdirib, müalicəsinə pul yığmaqdırmı?

Bu deyil, əlbəttə, hər biri, minlərlə dollar xərc çəkdikləri ən köhnə paltarlarını belə satsalar, əldə olunan məbləğlə on ağciyər xəstəliyindən əziyyət çəkən xəstəni sağaldarlar. Məsələ nədir bəs? Bir xəstə palatasını toyxanaya çevirmək, gül bağlamalarıyla, hədiyyələrlə doldurmaq nə deməkdir?

Ümumiyyətlə, o xəstəxanada həkim varmı, varsa hansı əsasla bir palatanı toyxanaya çevirib? Bu suallar öz cavabını alacaq mütləq.

Amma cavab tapa bilməyəcəkləri tək sual o ağ atın palatada nə itinin azmasıdır? Yəqin, Hacı Nuranı o ata mindirib, indi də başqa xalqların “ağ atlı oğlan” həsrətinə son qoymağa göndərəcəklər.

İlk dəfə Hacı Nuranın palatasının şəklini, şoumenlərin selfisini görəndə əmin oldum ki, ora doğrudan da “xəstə xana”dır.

Allah şəfa versin!
axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.