Faktları yoxlayırıq: İlham Əliyev "AXC-Müsavat cütlüyü 1992-ci ildə çevriliş etdi" deyərkən haqlı idimi?

28-06-2018, 00:00           

İyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda etdiyi çıxışında, Azərbaycan prezidenti İlham Əliyev 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat partiyasının dövlət çevrilişi həyata keçirdiyini və bunun nəticəsində ölkədəki vəziyyətin daha da ağırlaşdığını deyib.

Lakin 1992-ci ildə baş verən hadisələri çevriliş kimi qiymətləndirmək doğrudurmu?

Bunu öyrənmək üçün BBC News Azərbaycanca 1991-1992-ci illərdə baş verən hadisələrə bir daha nəzər salıb.
Nə baş verib?
1991-ci il avqust ayının 30-da Azərbaycan Sovet İttifaqından öz müstəqilliyini elan etdi və bununla da, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Ayaz Mütəllibov Azərbaycan Respublikasınn ilk prezidenti oldu.

1991-ci il, sentyabrın 8-i vahid partiya sistemi altında keçirilən prezident seçkisində, Ayaz Mütəllibov, yeganə namizəd olaraq qalib gəlib. Oktyabrın 18-i Azərbaycan Respublikası yaradılıb.

Lakin Qarabağ müharibəsində hökumətin məğlubiyyətlərinə qarşı etirazlar nəticəsində, Ayaz Mütəllibov 1992-ci il, martın 6-sı öz vəzifəsindən istefa verir.

Ayaz Mütəllibovun istefasından sonra, prezidentin vəzifəsini Ali Sovetin sədri Yaqub Məmmədov icra etməyə başlayıb və ölkədə prezident seçkisi iyun ayına planlaşdırılıb.

1992-ci il, mayın 14-ü, o vaxtki qanunvericilik orqanı, Ali Sovet, Ayaz Mütəllibovun istefasına dair qərarını etibarsız hesab etidyini bəyan edən qərarını qəbul edərək, onu prezident vəzifəsinə bərpa edir. Ali Sovetdə çıxış edərək, Ayaz Mütəllibov prezident olduğunu qeyd edir və iyun ayına təşkil olunmuş prezident seçkilərini ləğv edir.

Lakin başda AXC olmaqla, buna qarşı on minlərlə insan və silahlı birləşmələr etiraz aksiyalı keçirir və müxtəlif hökumət qurumlarını ələ keçirir. Mayın 16-sı Ayaz Mütəllibov ölkəni tərk edərək Rusiyaya mühacirət edir.

Mart ayında istefa
Ayaz Mütəllibovun mart ayındaki istefası kütləvi etiraz aksiyalarının yaratdığı təzyiqlərin nəticəsi idi və istefa verməklə etdiyi çıxışında, Mütəllibov vəzifəsini öz təşəbbüsü ilə tərk etmişdi.

Lakin bu qərarından sonra verdiyi müsahibələrdə, Ayaz Mütəllibov istefa qərarını "qeyri-qanuni" adlandırıb və martın 5-i və 6-sı baş verən hadisələri "çevriliş" kimi qiymətləndirib.

1992-cu ilin dekabr ayında Komsomolskaya Pravda qəzetinə verdiyi müsahibəsində isə, o, qərarını, "qan tökməkdən" qaçınmaqla əsaslandırmışdı.

Buna baxmayaraq, onun istefası Ali Sovet tərəfindən 6 mart tarixli qanunda təsdiqlənib və yeni prezident seçkisi iyun ayına təyin edilib.

May ayının müvəqqəti dönüşü
Ayaz Mütəllibovun may ayının 14-ü öz vəzifəsinə dönüşü Ali Sovetin səs çoxluğu ilə onun istefa qərarına dair Ali Sovetin 6 mart tarixli qanunu ləğv etməsinin nəticəsi olub.

Ayaz Mütəllibovun özü ölkəni mayın 16-sı tərk etdikdən sonra Azərbaycan Baş Prokurorluğu tərəfindən hökumət çevrilişini həyata keçirməkdə ittiham olundu.

O, müsahibələrdə prezidentliyə dönüşünü qanuni saydığını və ona qarşı etirazlarda iştirak edən silahlı bölmələrin çevriliş keçirdiyini iddia edir.

Bu dövrdə AXC sədrinin müşaviri, sədrin müavini və 1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Fazil Mustafa, bu iddiaları rədd edərək, məhz Ayaz Mütəllibovun hakimiyyətə qayıtmağa çəhdini "çevriliş" kimi qiymətləndirib.

Ali Sovetin qərarları
Bu dövrdəki hakimiyyət dəyişikləri Ali Sovetin qərarları ilə təsdiqlənib. Lakin Ayaz Mütəllibovun istefası, istefasının qəbuluna dair qərarın ləğvi və bu qərarın da 19 may tarixli qərarla etibarsız sayılması, bu dövrün gərginliyini əks edir.

14 may tarixində Ayaz Mütəllibovun hakimiyyətə dönüşü hüquqi baxımdan Ali Sovetin tərəfindən təsdiqlənməsinə baxmayaraq, o, praktiki baxımdan öz səlahiyyətlərini icra etməyə tələb olunan qüvvəyə sahib deyildi.

1991-ci il prezident seçkisi nəticəsində bu vəzifəni öz üzərinə alan Ayaz Mütəllibov yeganə namizəd idi və onun seçilməsi hətta Azərbaycan Respublikasının 18 oktyabrda yaradılmasından əvvəl baş vermişdi.

Bu keçid dövründə, Ali Sovet də Azərbaycan SSR dövründən qalmış bir qurum olaraq öz səlahiyyətlərini yaradılması nəzərdə tutulmuş Milli Məclisə ötürməli idi. Azərbaycan Kommunist Partiyası üzvləri isə Ali Sovetin 360 nəfərlik yerlərinin əksəriyyətinə sahib idilər.

Ayaz Mütəllibovun hakimiyyətdən kənarlaşması, müstəqillikdən sonra yeni Respublkanın hakimiyyət strukturları üçün seçkilərin hələ təşkil edilmədiyi dövrə düşmüşdü.

1992-ci ilin iyun ayına planlaşdırılan prezident seçkisinin Ayaz Mütəllibov və onun müttəfiqləri tərəfindən ləğv edilməsi cəhdi, müxalifətdəki AXC fəallarının təyziqi ilə uğursuzluqla nəticələnib.

Çevriliş yoxsa hakimiyyətin bərpası?

Bu dövrdə çevriliş baş verib-verməməsi o vaxtki hakimiyyətin legitimliyinə dair mövqeyinizdən asılıdır. Aydındır ki, Ayaz Mütəllibov və AXC tərəfdarları, müxtəlif anlarda Ali Sovetin qərarlarına öz təsirlərini göstəriblər.

Ayaz Mütəllibovun mart ayındakı istefası qismən AXC təzyiqinin nəticəsi olsa belə, könüllü şəkildə irəli sürülüb və seçkidən sonra Kommunist Partiyası tərəfindən idarə olunan Ali Sovet tərəfindən təsdiqlənib. Ayaz Mütəllibov bu hadisəni bir müddət sonra çevriliş kimi qiymətləndirsə də, onun hakimiyyətdən gedişi zor tətbiqinin nəticəsi yox, bəyan etdiyi qərar və onun Ali Sovet tərəfindən təsdiqi ilə qanuniləşib.

Onun may ayındakı hakimiyyətə dönüşünün legitimliyini isə müəyyənləşdirmək daha çətindir.

Əgər Ayaz Mütəllibovun may ayında hakimiyyətə dönüşünü qanuni və onun dövlət başçısı olaraq təyin olunmasını legitim sayırsınızsa, mayın 16-sı ölkəni tərk etməsini bir çevrilişin nəticəsi kimi qiymətləndirmək olar.

Lakin Ayaz Mütəllibovun 14 may hakimiyyətə dönüş cəhdini, demokratik seçkilərə müdaxilə və hakimiyyətin zəbti cəhdi kimi qiymətləndirirsinizsə, AXC-nin silahlı və sivil fəaliyyətini çevriliş yox, mövcud olan siyasi şəraitin bərpa olunmasına yönəlmiş addım kimi qiymətləndirmək olar.

Buna baxmayaraq, AXC silahlı birləşmələrinin qeyri-rəsmiliyi onların fəaliyyətinin qanuni olmadığını sübut edir.

Ayaz Mütəllibovun rəqabətli seçkidə iştirak etməməsi və rəqabətli prezident seçkisinin keçirilməsinin qarşısını almaq cəhdi, gənc respublikanın yeni dövlət təsisatlarının qanunlarda nəzərdə tutulmuş şəkildə yaradılmasına maneə yaradıb.

Beləliklə, İlham Əliyev "AXC-Müsavat cütlüyü 1992-ci ildə çevriliş etdi" deyərkən haqlıdırmı sualının cavabı üçün öncə bu sualın cavabını özünüz üçün müəyyənləşdirməlisiniz- siz Ayaz Mütəllibovun 14 may hakimiyyətə dönüşünü legitim sayırsınızmı?













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.