Ölkədə narkomanların sayında qorxunc artım
7-09-2018, 08:16
18 yaşdan aşağı uşaqların da “ağ ölümə” qurşanması halları var...
Azərbaycanda narkomanların sayı sürətlə artır. Bununla bağlı Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, hazırda Azərbaycanda 30 min nəfər narkoman var. Məsələnin ən acınacaqlı tərəfi budur ki, narkotik istifadə edənlərin böyük əksəriyyəti 18-25 yaş arasında olanlardır.
Hələ 2015-ci ildə baş nazirin müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov rəsmi statistikanın reallığı əks etdirmədiyi bildirmişdi. “Bu gün də o fikirdəyəm ki, ölkədə narkomanların sayı ilə bağlı rəsmi statistika reallığı əks etdirmir ” deyə, Əli Həsənov qeyd etmişdi.
Müstəqil ekspertlər də komissiya sədrinin fikirləri ilə razıdırlar. Narkomanların sayının rəsmi statistikadan 10 dəfədən artıq olduğunu bildirirlər. Qeyd edirlər ki, rəsmi statistikaya alınan narkomanlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılanlar, narkotik aludəçiliyi üzərindən müxtəlif xəstəliklərə yoluxub tibb müəssisələrinə müraciət edənlərdir. Yəni narkomanların sayının müəyyən olunması üçün faktiki real mexanizm yoxdur. Odur ki, say məsələsi mübahisəlidir və rəsmi rəqəmlərdəki artım ümumi mənzərənin acınacaqlı olmasından xəbər verir.
Əli Həsənov komissiya sədri olaraq narkomanlar, bu sahə ilə bağlı ara-sıra açıqlamalar verir. Məsələn, narkotiklərin Azərbaycana haradan daxil olması, konkret olaraq hansı rayonlarda bölüşdürülərək Azərbaycanda satışa çıxması haqda danışır.
Onun dediklərindən sitat: “Azərbaycan bu istiqamətdə tranzit ölkədir. Azərbaycanın iqtisadi inkişafı, dünyada olan mövqeyi beynəlxalq mafiyanın diqqətindədir. Azərbaycandan daşınan narkotiklərin 90 faizi əfqan mənşəlidir. Ölkəmizin beş cənub rayonu, Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarına İran tərəfindən əfqan mənşəli narkotiklər daxil olur. Ölkəyə daxil olan narkotiklərin 80 faizi həmin beş rayondan daxil olur. Ölkəmizə daxil olan narkotik vasitələr Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır”.
Bəs narkoaxının qarşısını almaq, Azərbaycan vətəndaşlarını bu bəladan xilas etmək vəzifəsini daşıyan Dövlət Komissiyası bunun üçün hansı addımlar atıb?
Təəssüf ki, Əli Həsənov mətbuat qarşısına çıxıb narkomanlar və narkotranzitlə bağlı media nümayəndələrinin suallarını cavablandırmaqdan yayınır.
Dövlət Komissiyasının saytında da bu suallara cavab yoxdur. Sayt faktiki işlək deyil. Narkomanların sayındakı qorxunc artımın səbəblərinin izahını verə biləcək rəsmi şəxs susur.
Bundan başqa, bilinmir ki, dövlət büdcəsindən Dövlət Komissiyasının fəaliyyəti üçün nə qədər vəsait ayrılır, həmin vəsaitin xərclənməsi istiqamətləri haqda da məlumatlar yoxdur.
Bunun əvəzində saytda ötən əsrin 80-ci illərini xatırladan tədbirlərdən fotolar, videoxronikalar paylaşılır. İldə 2 dəfə də ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat açıqlamaqla işi bitmiş hesab edirlər.
Dövlət Komissiyasının yaydığı son məlumat 2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri haqdadır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmiş məlumat belədir:
“İlin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1853 fakt aşkar edilib ki, onlardan 525-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1180-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 118-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 585 kq 686,765 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 6958 ədəd çətənə kolu müsadirə olunub.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 510 kq 752,924 qr marixuana, 199 kq 523,602 qr tiryək, 803 kq 880,072 qr heroin, 51 kq 356,945 qr həşiş, 16 kq 215,884 qr digərləri , 2 kq 886,845 qr psixotrop maddələr, 2510,732 prekursorlar, o cümlədən 2 kq 256,4 qr güclü təsir edən maddə, 1 kq 480,2 qr zəhərli maddələr, 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100% və 4961 ədəd həb təşkil edib.
Həmçinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 384 ha 44 sot ərazidən 78 ton 883 kq 897 qr (158 min 034 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.
Cinayət məsuliyyətinə 1287 nəfər cəlb edilib ki, onlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, 3-ü qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvələr cinayət törətmişlər, 10-u əvvəllər xüsusi qeydiyyatda olanlar, 1271-i kişilər, 16-sı qadınlar, 35 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 19-u İran İslam Respublikası, 6-sı Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-si Ukrayna, 1-i Türkiyə, 1-i ABŞ, 1-i isə İrlandiya Respublikasının vətəndaşı olub.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30 min 131 nəfər qeydiyyatda olub ki, onlardan 25 min 139 nəfəri dispanser, 4 min 992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21 min 38 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2 min 115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil edib. Onlardan 298-i Azərbaycan vətəndaşı, 8-i isə əcnəbilərdir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfəri qeydiyyata götürülmüşdür ki, onlardan 6833-ü Azərbaycan vətəndaşı, 228-i isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5137-si kişi, 1924-ü qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 7 min 61 nəfərdən 3 min 103-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2 min 250 nəfər dispanser qeydiyyatındadır. 01.07.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4 min 568 nəfər təşkil edib. Onların da 1853 nəfəri İNİ olub. 2018-ci ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 360 pasiyentdən 48 nəfərində İNİ aşkar edilib.
2018-ci ilin II rübü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7710 nəfər keçmişdir. Onlardan 902 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 447 nəfər istifadəçi aşkar olunaraq qeydiyyata götürülüb. 810 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 183 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 627 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda digər müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 262 xəstə müalicə alır. Onlardan 204 nəfəri Respublika Narkoloji Mərkəzində, 58 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir".
Hesabat yaymaqla narkomanların sayının azalacağına ümid etmək sadəlövhlükdən başqa bir şey deyil. Qorxunc statistik məlumatları nəzərə alıb effektiv tədbirlər görmək vaxtıdır.