İqtidarın böyük islahat planı - Kim postunu itirəcək, kimlər yeni vəzifələrə gedəcək?

5-10-2015, 11:45           
İqtidarın böyük islahat planı - Kim postunu itirəcək, kimlər yeni vəzifələrə gedəcək?
İqtidar seçkidən sonra komandasında böyük dəyişikliklərə imza atacaq.

Mia.az xəbər verir ki, artıq səlahiyyətləri məhdudlaşdırılan nəqliyyat naziri Ziya Məmmədov, barəsində narazılıqların və beynəlxalq qalmaqalların artan xətlə davam etdiyi baş nazirin müavini Abid Şərifovla yolların ayrılması an məsələsinə çevrilib. Bundan başqa, dünyada yaranan iqtisadi böhranın Azərbaycana təsirini minimuma endirmək üçün iqtidar bir-birinin təkrarlayan qurumların ixtisarını da aparacaq.

Bu barədə Mia.az-a iqtidara yaxın dairələrdən daxil olan məlumatda bildirilir ki, son aylar nəqliyyat naziri Ziya Məmmədovla baş nazirin müavini Abid Şərifov və onlara bağlı olan daşınmaz əmlaklar, o cümlədən şirkətlərinin üzləşdiyi problemlər də göstərir ki, vəziyyət həddən artıq mürəkkəbləşib:

«Diqqət edirsinizsə, son həftələr Ziya Məmmədovun mülkləri də mətbuatın gündəminə çıxarılıb. Hətta onun Göyçaydakı möhtəşəm malikanəsi ilə bağlı kənd sakinləri də ayağa qaldırılıb. Sözsüz ki, malikanənin yerləşdiyi hektarlarla torpaq sahəsi illər əvvəl alınıb. Ancaq camaat indi ayağa qalxaraq, təzyiqlərlə torpaq sahələrinin çox ucuz qiymətə zorla alındığını deməyə başlayıblar. Bütün bunlar isə Ziya Məmmədovun əvvəlki güc sahibi olmadığından irəli gəlir. İş o yerə çatıb ki, rayon prokuroru, Ədliyyə Nazirliyi açıq şəkildə bu məsələni araşdırmağa başlayıblar. Ziya Məmmədovun dəstəyi ilə yüksələn rayonun icra başçısı, Mübariz Ağayev isə "Bu hadisə mənim dövrümdə olmayıb” deyərək, gərginliyə müdaxilədən nəniki ehtiyat edib, hətta "yaxası"nı kənara çəkib. Sözsüz ki, bunlar büdrəyən Ziya Məmmədova xoş günlər vəd eləmir. Açıq görünür ki, bu məsələdən istifadə edərək, nazirə son zərbə vurulacaq”.

Mia.az xəbər verir ki, Ziya Məmmədovun yaşadığı eyni halı baş nazirin müavini Abid Şərifov haqda da demək olar:

"Onun qardaşının rəhbərlik elədiyi şirkətin simasında baş verənlər də baş nazirin müavininin karyerasını sona yaxınlaşdırır. Çünki hamı bilir ki, "Evrascon” ASC-yə qardaşı rəhbərlik eləsə də, bu biznes qurumu faktiki Abid Şərifov və ailə üzvlərinə məxsusdur. Həmin şirkətin isə Moldava və Qazaxıstanda yaratdığı beynəlxalq qalmaqalla yanaşı, Azərbaycanda yol çəkilişində yaşatdığı problemlər isə günün əsas mövzularından birinə çevrilib. Üstəlik, Abid Şərifovun Binəqədidə yanan binanın təmirini də səs-küysüz apara bilməməsi də, onun karyerasına ağır zərbə vurmaqdadır. Düzdür, yanan binanın təmiri rəsmi olaraq deputat Ağalar Vəliyevə həvalə olunub. Lakin bu prosesə rəsmi nəzarət isə baş nazirin müavininin səlahiyyətindədir. Prezident sərəncamı ilə yanan binanın təmirinə 5 milyon manat pul ayrılsa da, orada fəhlələrin əmək haqqı ala bilməməsi, üstəlik, Çinin keyfiyyətsiz qapıları və materiallarından istifadə olunması da narazılığı böyüdüb. Əlbəttə, siyasi hakimiyyətə kələk gələrək, pul qapazlanması da baş nazirin müavininə müsbət dvident gətirə bilməz».

Məlumatlı şəxs deyir ki, adıçəkilənlərlə yanaşı, qarşıda aparılacaq struktur islahatı nəticəsində də bir sıra nüfuzlu məmurlar mövqelərini itirəcək:

«Məsələn, «Azərenerji», «Azərsu», Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumların ləğvi gözlənilir: «Ancaq bu qurumların rəhbər şəxslərinin işsiz qalacağını güman etmirəm. Məsələn, mənim bildiyimə görə, Etibar Pirverdiyevi energetika naziri Natiq Əliyevin müavini təyin edəcəklər. Bu məntiqlə Nazim İbrahimovun Xarici İşlər Nazirliyində müavin görmək mümkün olacaq Bəzi mənbələr isə onun Elmar Məmmədyarovu əvəz edəcəyini desələr də, bu, ağlabat görünmür».

Ancaq komitə sədri Ramiz Həsənov və Qorxmaz Hüseynovla bağlı fərqli qərarların da olması mümkündür:

«Çox böyük ehtimalla hər iki şəxs daha böyük vəzifələrə təiynat alacaqlar. Hətta Ramiz Həsənovun baş nazir təyinatı məsələsi də gündəmdədir. Qorxmaz Hüseynov isə «Azərsu» ilə birləşdiriləcək «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin bazasında yaradılacaq yeni qurumun rəhbər vəzifəsinə təyinat ala bilər. Əhməd Əhmədzadə gəldikdə isə, onun baş nazirin müavini vəzifəsinə gətirilməsi müzakirə olunur. Hər halda iqtidarın indiki əsas müzakirə etdiyi plan bundan ibarətdir».

Məlumatlı şəxs onu da bildirir ki, gələn ilin mart ayına qədər 25-ə yaxın icra başçısı ilə də yollar ayrılacaq: "Artıq onlardan 15-i haqda demək olar ki, qərar verilib. Sadəcə seçki və onun nəticələrinin təsdiqindən sonra sərəncamları fasilələrlə oxunacaq...”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.