Binə qəzasında zərərçəkmişlərə təzminat veriləcəkmi?
9-10-2018, 16:07
Binədə qatar və avtobusun toqquşması nəticəsində zərərçəkənlər üç il ərzində təzminat üçün müraciət edə bilərlər. Hərçənd ki, onlara təzminat ödənilməsi istintaqın nəticəsindən asılıdır.
Teref.az yazır ki, BBC News Azərbaycanca təzminat ödənilməsi ilə bağlı 160 nömrəli maşrut xəttinin icarəçisi Ayşən LTD-dən məlumat ala bilməyib.
Baş Prokurorluq Binə qəzası ilə əlaqədar "istintaqın davam etdiyini" bildirib.
Oktyabr ayının 1-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, Əlixan Şirəliyev idarə etdiyi "Daewoo" markalı 160 saylı avtobus hərəkətdə olan elektrovozla toqquşub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan biri uşaq olmaqla, iki nəfəri vəfat edib.
"Qəzada ölənə beş min, xəsarət alana isə xəsarətin dərəcəsindən asılı olaraq, minimum 750, birinci qrup əlilliyi varsa, 4 min manat təzminat verilməlidir", hüquqşünas Ərşad Hüseynov BBC News Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, təzminatların verilməsində ümumi məbləğ 50 min manatı aşmamalıdır. 4-5 min manat elə də böyük məbləğ olmadığına görə, zərərçəkənlər müraciət edib, təqsirkardan əlavə təzminat tələb də edə bilərlər.
"İcbari Sığorta haqqında Qanun" deyir ki...
İcbari Sığorta haqqında Qanunda deyilir ki, mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər.
Həmin qanunda həmçinin deyilir ki, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərçəkən, eyni zamanda, sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər üçüncü şəxs hesab olunurlar. Fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquqi varisləri üçüncü şəxs sayılırlar.
Hazırda zərərçəkmişlərin vəziyyəti necədir?
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan zərərçəkmiş Aygün Babayevanın vəziyyətinin "yaxşılaşmağa doğru getdiyini bildirib.
Nazirliyinin sözçüsü Səfayə Əhmədova BBC News Azərbaycancaya bildirib ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında daha yeddi nəfər qalıb.
"Elmi Tədqiqat Travmatologiya İnstitutunda isə hazırda bir nəfər müalicə olunur. Onun səhhəti qaydasındadır", xanım Əhmədova əlavə edib.
Hadisəni törətmiş 10TG 106 dövlət nömrə nişanlı marşrut avtobusunu sığortalamış Atasığorta Açıq Səhmdar Cəmiyyəti BBC News Azərbaycancaya bildirib ki, zərərçəkmiş şəxslər hadisədən sonra üç il ərzində onlara dəymiş zərərin ödənilməsi üçün müraciət edə bilərlər.
"Günahkar avtobusun sürücüsü olduğu halda, dəymiş zərəri biz qarşılayacağıq. Yox, avtobus sürücüsünün günahsız olduğu ortaya çıxsa, o zaman günahkar tərəf kimdirsə, təzminatı da həmin şəxs (qurum) ödəməlidir. Hələlik istintaq getdiyinə görə, bilmirik nəticə necə olacaq", qurumun əməkdaşı Orxan Məmmədov deyib.
Baş Prokurorluq Binə qəzası ilə əlaqədar "istintaqın davam etdiyini" bildirib.