Vicdanı və imanı olmayanların məhşər ayağına çəkilməsinə sayılı günlər qaldı...
10-10-2018, 08:03
Vicdanı və imanı olmayanların məhşər ayağına çəkilməsinə sayılı günlər qaldı...
Prezidentdən "Qaçqınkom"un keçmiş rəhbərliyi haqqında adsız ittiham...
Moderator.az xəbər verir ki, bu gün dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı zamanı məcburi köçkünlərin mənzillə təminatı zamanı buraxılan səhvlərlə bağlı konkret adlar çəkməsə də olduqca sərt danışıb və qanunsuzluqlara yol vermiş səlahiyyət sahiblərini vicdansızlıqda, imansızlıqda suçlayıb:
"Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək”.
Qeyd edək ki, prezident məcburi köçkünlərin mənzillə təminatı məsələsində ilk dəfə olaraq belə kəskin ritorikadan istifadə etmək məcburiyyətində qalıb. Bu da onunla bağlıdır ki, "Qaçqınkom"un əvvəlki rəhbərliyi dönəmində baş vermiş qanun pozuntuları və dövlət büdcəsinin talanması halları barədə ölkə prezidentinin sərəncamında müfəssəl dosye olub. Belə ki, əldə etdiyimiz məlumata görə, hələ ötən ildən dövlət başçısı tərəfindən məcburi köçkün rayonlarından ölkə boyu 98 qaçqın şəhərciyində mənzillə təmin edilmiş şəxlslərin siyahıya alınması tələb edilib və bu zaman tükürpədici faktlar ortalığa çıxıb. Üstəlik, baş verən cinayətin miqyasının daha dəqiq müəyyənləşdirilməsi üçün məhz daxili işlər naziri Ramil Usubova ölkə rəhbərliyinin sonsuz etimadının ifadəsi olaraq həmin rayonların polis şöbələrinin rəislərinə də ciddi tapşırıqlar verilib. Həmin polis rəislərinin nazirliyə, nazirin də dövlət başçısına təqdim etdiyi dosyedə didərginlərə ev verilməsi zamanı mütəşəkkil cinayətkar dəstənin törətdiyi cinayətin miqyası öz əksini tapıb və dövlət başçısı məhz bundan sonra "Qaçqınkom" rəhbərliyində dəyişiklik etmək qərarına gəlib.
Bizdə olan məlumata görə, artıq Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb və hələlik ictimaiyyətə məlumat verilməsə də cinayətkar şəbəkənin tamamilə ifşa olunması prosesi sonuncu mərhələsinə qədəm qoyub. Çox böyük ehtimalla dövlət başçısının bugünki çıxışından sonra prokurorluq orqanları prosesi sürətləndirərək cinayət işinin materiallarını məhkəməyə göndərəcəklər.
Sonda qeyd edək ki, "Qaçqınkom"un yeni rəhbərliyi sələfinin buraxdığı kobud səhvlərin aradan qaldırılması üçün çox ciddi çaba xərcləyir və etiraf edilməlidir ki, ötən 5 aya yaxın müddətdə bu qurumla bağlı cəmiyyətə hakim kəsilmiş neqativ rəyin dağıdılması istiqamətində xeyli işlər görülüb. Dövlət başçısı yeni rəhbərlik qarşısında "kolxoz bazarı"ndan heç nə ilə fərqlənməyən bu qurumun cəmiyyətin etimadını qazanması üçün təxirəsalınmaz tələblər qoyub və görünən odur ki, Rövşən Rzayev bu neqativ sterotipi dağıtmaq iqtidarındadır.
Biz də prezidentin köməkçiləri olaraq prosesi izləməkdə davam edəcəyik və ümid edirik ki, Rövşən Rzayev qısa zamanda bu qurumun üzərinə çökmüş qara buludların dağıdılmasına nail olacaq, məcburi köçkünlərin mənzillə təminatında əsas amil vicdana və imana söykənəcək.