Prezident vətəndaşlara təşəkkür etdi: "Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm."
10-10-2018, 08:12
Teref.az yazır ki, Prezident İlham Əliyev dünənki toplantıda vətəndaşlara təşəkkürünü bildirib. Prezident çıxışında deyib: Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə, bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır.