Diktatura rejimlərinin qisas mexanizmi - qəddar cəzalar
13-10-2018, 09:00
Camal Qaşıqçının başına gətirilənlər göstərir ki, diktatura rejimləri tənqidçiləri dünyanın hansı yerində olsa da, tapıb cəzalandıra bilirlər
Dünyanın əsas gündəmi Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının taleyidir. Artıq ABŞ, Türkiyə dövlət başçıları bu hadisəyə münasibət bildirib. Türkiyədə yerli xəfiyyələr, o cümlədən ABŞ-dan gələn müfəttişlər Qaşıqçının istintaqında iştirak edir. Ötən gün isə Səudiyyə Ərəbistanından xüsusi heyət Qaşıqçı işini araşdırmaq üçün Türkiyəyə gəlib.
Xatırladaq ki, son bir ildə “Vaşinqton Post” qəzetində yazılar yazan tanınmış səudiyyəli jurnalist oktyabrın 2-də İstanbuldakı Ərəbistan konsulluğuna daxil olub və bundan sonra ondan xəbər almaq mümkün olmayıb.
Amerika və Türkiyə mediası isə müxtəlif mənbələrə istinadən Qaşıqçının İstanbul konsulluğunda Ərəbistandan gələn 15 nəfərlik heyət tərəfindən qətlə yetirildiyi barədə yazıb. O da bildirilir ki, ələ keçən kadrlarda Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin bir qrupunun konsulluğa rəsmi sənəd almaq üçün gələn Qaşıqçını saxladığı, daha sonra öldürərək vücudunu parçalara ayırdığı görünür. O da iddia olunur ki, Türkiyə xüsusi xidmət orqanlarının əlinə keçən səs yazısında Qaşıqçının dindirildiyi, bu zaman işgəncəyə məruz qaldığı və nəhayət öldürülməsi eşidilir.
Qeyd edək ki, uzun illər Ərəbistanda nüfuzlu media orqanlarında çalışan, bəzilərinə rəhbərlik edən Qaşıqçı son illərdə hakimiyyətə müxalif olub. Xüsusən də hazırkı iqtidar sahibi olan vəliəhd-şahzadə Məhəmməd bin Salmana qarşı cəbhədə yer aldığı bilinir. Camal Qaşıqçının itməzdən 3 gün əvvəl BBC-yə verdiyi və itkin düşdükdən sonra yayılan müsahibədə deyir ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu, insanları qorxudur. Eyni zamanda o, ölkəsinə geri dönə bilməyəcəyini deyib.
Hələlik taleyi dəqiq bəlli olmasa da, Qaşıqçı işi bir daha diktatura rejimlərində jurnalistlərin həyatının necə təhlükəli olduğunu göz önünə gətirir. Özü də təkcə Yaxın Şərqdə deyil, həm də Avropada.
Ötən həftə şənbə günü Bolqarıstanda araşdırmaçı jurnalist Viktoriya Marinova qətlə yetirilib. Jurnalistin işgəncəyə məruz qaldığı və daha sonra öldürülüb Dunay çayı yaxınlığında Ruse şəhərindəki bir parka atılıb. Viktoriya Marinova 2017-ci ilin əvvəlindən bəri Avropa İttifaqında öldürülən dördüncü jurnalistidir.
2017-ci ilin avqustunda Kopenhagendə İsveç müxbir Kim Wall müsahibə almaq üçün görüşdüyü danimarkalı ixtiraçı Peter Madsen tərəfindən öldürülüb. 2017-ci ilin oktyabrında maltalı jurnalist Daphne Caruana Galizianın avtomobili evinin yaxınlığında partladılıb. Bu ilin fevralında isə slovakiyalı jurnalist Jan Kuciak və nişanlısı Martina Kusnirova öldürülüb.
Bu hadisələr qələm adamlarının dünyanın hər yerində təhlükədə olduğunu isbatlayır. Camal Qaşıqçı hadisəsi isə siyasi proseslərə qarışan jurnalistlərin həm də klanlar arası mübarizənin qurbanı olması riskini göstərir. Məsələ ondadır ki, uzun illər Səudiyyə Ərəbistanında nüfuzlu media orqanlarına rəhbərlik edən, parlaq layihələrə imza atan Qaşıqçı sonradan, daha dəqiqi “ərəb baharı” prosesində mərkəzi hökumətlə fikir ayrılığına düşüb. Onun yaxın olduğu qrup daha sonra gözdən düşüb.
Bir müddət müşaviri olduğu keçmiş kəşfiyyat naziri və ABŞ-da səfir işləmiş Türki bin Faysal vəzifədən uzaqlaşdırılıb. Bundan başqa Qaşıqçını dəstəkləyən, 2015-ci ildə “Al-Arab” kanalını yaradan (kanal yaradılqıdan az sonra bağlanıb - K.R.) şahzadə Vəlid bin Talal 2017-ci ildə həbs olunub. Ötən il isə Qaşıqçının kral sarayındakı adamı, daxili işlər naziri və vəliəhd-şahzadə Məhəmməd bin Naif vəliəhd vəliəhd-şahzadə vəzifəsindən geri çəkilib, bu vəzifəyə Məhəmməd bin Salman gətirilib. Jurnalist Qaşıqçı isə saraydakı bütün dayaqlarını itirib və az sonra ölkəni tərk edərək ABŞ-a sığınıb. Ancaq eyni zamanda uzun müddət Türkiyədə yaşayıb və “Vaşinqton Post” qəzetində yazılar yazıb.
Bəzi müşahidəçilərə görə, Qaşıqçının qəzəbə gəlməsinin əsas səbəbi məhz saraydakı münaqişədir. Səudiyyə Ərəbistanı Qərb blokunun Yaxın Şərqdə ən yaxın müttəfiqi, Türkiyə ilə isti münasibətləri olan ölkədir. Ancaq bu yaxınlığın səbəbi Ərəbistandakı demokratiya deyil, daha çox böyük enerji ehtiyatları və hüdudsuz sərvətdir. Bir də təbii ki, strateji seçim. Səudiyyə Ərəbistanı regionun güclü ölkəsi, həmçinin yerləşdiyi coğrafiya, İslam dininin meydana çıxdığı ölkə olması səbəbindən müsəlman aləmində böyük nüfuza malikdir. Bu səbəbdən də Səudiyyə Ərəbistanı hələ də daxili siyasi vəziyyət, antidemokratik qərarlarına rəğmən Qərbin əsas müttəfiqi, eləcə də müsəlman aləminin lider ölkələrindən biridir. Lakin son hadisələr, xüsusən də əgər Qaşıqçının ölümü təsdiqlənsə, bu təkcə Səudiyyə Ərəbistanının indiki hakimiyyəti üçün deyil, həm də Qərb, o cümlədən ABŞ, eləcə də Türkiyə üçün ciddi problem olacaq.
Qaşıqçı hadisəsi göstərir ki, müasir dünyada qəddar rejimlər üçün artıq dünyanın hər hansı nöqtəsi əlçatmaz deyil. Onlar öz tənqidçilərini istənilən ölkədə yaxalayıb cəzalandıra bilirlər. Bu isə ümumilikdə təkcə media deyil, siyasi fəallar, müxalif fikirli insanlar üçün ciddi təhlükə deməkdir. Bəzilərinə görə Qaşıqçı hadisəsi həm də krallığın düşmənlərinə bu qorxunu aşılamaq məqsədi güdür. Bu isə dünya demokratiyası, tənqidi fikir üçün ciddi təhdiddir.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”