Daha iki ailə təyyarə qəzası ilə bağlı "Boeing 737"-i məhkəməyə verib - VİDEO
30-04-2019, 07:15
Kanadanın Efiopiyada təyyarə qəzası zamanı ümumilikdə 10 qohumunu itirmiş iki sakini "Boeing 737" şirkətini məhkəməyə verib.
"Report" xəbər verir ki, bu barədə CTV telekanalı bildirib.
Qeyd edilir ki, iddiaçılar təyyarələrin istehsalçısını təhlükəyə etinasız yanaşmaqda ittiham edirlər.
"Şəxsi xəsisliklə kor olmuş "Boeing" ABŞ-ın Federal Aviasiya İdarəsinin susqun razılığı ilə avtomatlaşdırılmış sistemin qüsurları gizlədərək, tələsik şəkildə bazara "737 MAX 8"i çıxarıb", - deyə məhkəmə iddiasının mətnində bildirilir.
İddiaçılardan biri - Manant Vaydya qəzada valideynlərini, bacısını, ögey qardaşını və iki qardaşı qızını itirib. İkinci şəxs Pol Noroqe isə qəzada arvadını və üç uşağını itirib.
İddialarda həmçinin iddia edilir ki, qəzaya şirkət rəhbərliyinin tamahkarlığı gətirib çıxarıb. "Boeing" öz rəqibini qabaqlamaq cəhdində də ittiham edilir.
Qeyd edək ki, bu, "Boeing"ə qarşı növbəti məhkəmə iddiasıdır.
Martın 10-da Efiopiyada baş vermiş təyyarə qəzası zamanı 157 nəfər həlak olub.