İbrahim Mehdiyev istefaya göndərilir
22-04-2015, 15:40
Yasamal rayon icra başçısı istefaya göndərilə bilər. İbrahim Mehdiyevin töhmət almasına səbəb olan tikintidən sonra ona qarşı hirs soyumayıb. İcra başçısının prezidentin tapşırığı ilə cəzalandırılması növbəti dəfə təyinat alacağını istisna edir.
İbrahim Mehdiyevin yenidən başçı olacağı qeyri-müəyyəndir. Ona verilən töhmətdən sonra “Lake Residence” MMC tikinti işlərini həyata keçirmək üçün icazə sənədi alınmasına çalışır. Sənədləşmə işləri müsbət həllini tapdıqdan sonra qurudulmuş gölün yerində abadlıq işləri görüləcək, park salınacaq, sakinlərin istirahəti üçün şərait yaradılacaq. Bu məsələlər artıq razılaşdırılıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı “Lake Residence” MMC tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadığı müəyyən edilib. Yasamal rayonu, 593-cü məhəllə, General Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlanılmışdı və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilmişdi.
Bununla əlaqədar olaraq, MMC rəhbərliyinə xəbərdarlıq edilmiş, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata tapşırılıb.
Tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyinə görə Yasamal icra başçısına töhmət verilmişdi.
Vertikal.az