Tərtərdə Beynəlxalq Əlillər günü qeyd olundu
4-12-2015, 17:18
teref.az - Tərtərdə Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müxtəlif kateqoriyadan olan 120 nəfər əlil iştirak etmişdir. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək bildirmişdir ki, hər bir ölkədə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət və qayğı, həssaslıq tələb edir. Bunlar daim sosial və mənəvi qayğıya ehtiyacı olan əlillərdir, bu həssas təbəqə cəmiyyətin ayrılmaz hissəsidir.
Teref.infiya daxil olan məlumatda deyilir ki, Birləşmiş Millətlər təşkilatının təşəbbüsü ilə keçirilən-3 dekabr Beynəlxalq Əlillər günü 1994-cü ildən Azərbaycanda da qeyd olunur. İnsan amilini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını gücləndirmişdir. Hazırda bu istiqamətdə işlər onun siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
“Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək”, deyən dövlət başçısının bu sözləri əlillərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Sonra rayon rəhbəri bildirmişdir ki, Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, əlillərə pulsuz mənzil verilir. Əlillərin pulsuz mənzillə təmin edilməsi işinə 1997-ci ildən Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə başlanmışdır.
Rayonumuzda Qarabağ müharibəsi veteranları və əlilləri üçün iki 16 və bir 24 mənzilli, bir 6 mərtəbəli 54 mənzilli yaşayış evi tikilib istifadəyə verilmişdir. Hazırda 10 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilir.
Artıq respublikamızda əlillərin müalicə pansionatı fəaliyyət göstərir, reabilitasiya sistemi tamamilə qurulmuş, əlillərin sosial müdafiəsini daha səmərəli təşkil etmək məqsədi ilə hüquqi baza təkmilləşdirilmişdir.
Rayonumuzda müəyyən qruplardan olan 4682 nəfər əlil vardır. 1946 nəfər əlil əhalinin sosial müdafiəsi mərkəzinin rayon şöbəsindən sosial müavinət, 2736 nəfər isə dövlət sosial müdafiə fondunun rayon şöbəsindən pensiya alırlar. Onlardan 316 nəfərə-Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Əlillərin hamısı rayon mərkəzi xəstəxanasında dispanser nəzarətinə götürülmüşdür. Rayon Mərkəzi Xəstəxanasında həkim məsləhət komissiyası fəaliyyət göstərir. Həkimlərimiz əlilləri diqqətlə müayinə edir, onlara həssaslıqla yanaşırlar.
Müalicəyə ehtiyacı olan əlillər Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən hər il müxtəlif sanatoriyalara göndərilir. 2014-cü ildə 20 nəfər Qarabağ əlilinə Nazirlik tərəfindən “Nazifan” markalı minik avtomobili verilmişdir.
Qarabağ müharibəsi və Böyük Vətən Müharibəsi, Çernobıl qəzasının aradan qaldırılması zamanı əlil olanlara torpaq islahatı zamanı əlavə 1 pay torpaq verilmişdir. Əlil uşaqlar fərdi təhsilə cəlb olunmuşdur.Çenobl əlillərinin hər birinə ildə bir dəfə 160 manat müalicə pulu, 200 manat isə birdəfəlik müavinət verilir.
Möhtərəm Prezdentimiz İlham Əliyevin əlillərin sosial təminatının yaxşılaşdırılması barədə imzaladığı fərman və sərəncamlar onların həyat səviyyəsinin yüksəldilməsi ilə yanaşı, əlillərin digər sosial məişət problemlərinin həllində də mühüm rol oynayır. Rayon rəhbərliyi tərəfindən rayonda digər kateqoriyadan olan əlillərin də sosial məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, rayonun 30 kəndinə mavi yanacaq çəkilmiş, hazırda 13 kənddə qaz çəkilişi davam etdirilir. 48 km məsafədə düşmənlə təmas xətti olan rayonumuzun ön cəbhədə yerləşən Qapanlı kəndində elektirik xətlərinin SİP kabelləşdirilməsi işlərinə başlanılmış, digər kəndlərimizdə isə bununla əlaqədar təxirəsalınmaz işlər aparılır.
Hazırda Tərtər şəhəri və ona bitişik 11 kəndə su kanalizasiya sisteminin çəkilişinə başlanılmışdır. Bu, tərtərlilərin içməli su və kanalizasiya problemini həll edəcək. Sadalanan işlərin mərkəzində insan amili, onun yaşayış səviyyəsinin yüksəldilməsi, əlillərimizə göstərilən diqqət və qayğı durur. Görülən işləri əlillər xüsusi minnətdarlıqla qarşılaylrlar. İnanırıq ki, bu böyük işlər gələcəkdə də uğurla davam etdiriləcəkdir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca əlillərin, aztəminatlı ailələrin sosial problemləri tamamilə aradan qaldırılacaqdır.
Tədbirdə çıxış edən Böyük Vətən Müharibəsi Veteranlar şurasının sədri İman Almuradov, Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov, Qadın Əlillər Cəmiyyətinin sədri Tükəzban Əliyeva, Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Nizami Heydərov, Çernobl Əlillər Cəmiyyətinin sədri Səttar Həsənov, Qarabağ müharibəsi veteranı Pənah Məmmədov, Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev əlilləri təbrik edərək, onlara göstərilən diqqət və qayğıya görə Respublika prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Çıxışlarda 26 noyabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində bir qrup radikal mövqeli dindarın qeyri-qanuni əməlləri nəticəsində baş vermiş xoşəgəlməz hadisələr barədə də söhbət açıldı. Bildirildi ki, din pərdəsi altında dövlətçiliyimizə xəyanət edən dini radikal qüvvələrin çirkin əməlləri bütün ölkə ictimayyəti kimi qəhraman Tərtər sakinlərini də ciddi narahat etmişdir. Hər bir tərtərli nardaran qəsəbəsində baş vermiş hadisələri, müstəqil dövlətimizə qarşı hər hansı xəyanəti qəti şəkildə pisləyir. Onlara qarşı dövlətimiz tərəfindən görülən tədbirlər bizimdə ürəyimizcədir.Hər bir tərtərli bu gün yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycanın mövqeyindən qürur duyur. Rayonumuzun sakinləri ölkə rəhbəri cənab Prezidentin milli maraqlara xidmət edən uğurlu daxili və xarici siyasətini bəyənir və dəstəkləyir.
Tədbir bayram süfrəsi arxasında, konsert proqramı ilə davam edib.