Nardaran hadisələrindən zərər çəkən sakinlər polisə müraciət ediblər

15-12-2015, 15:50           
Nardaran hadisələrindən zərər çəkən sakinlər polisə müraciət ediblər
Nardaranda noyabrın 26-da polislə dindarlar arasında baş verən silahlı qarşıdurmadan sonra kənd sakinlərinin keçirdiyi etiraz aksiyaları zamanı ziyan görən sakinlər polisə müraciət ediblər.

Musavat.com-un əldə etdiyi məlumata görə, Nardaran qəsəbəsi, 84-cü döngə, ev 5-də yaşayan 1972-ci il təvəllüdlü Hafiz Abbasovun evinin arxa divarına benzinlə dolu şüşə qab (molotov kokteyli) atılıb. Yanğın nəticəsində evin divarı zədələnib.

Ev sahibi bununla bağlı Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib. Hadisənin kənd sakinlərinin Nardarana girişi bağladığı, postların qurulduğu gün - noyabrın 27-də gecə saat 1 radələrində baş verdiyi bildirilir.

Başqa bir kənd sakin Svetlana Mahmudova da Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, həyətinə “molotov kokteyli” atıldığını bildirib.

1945-ci il təvəllüdlü Svetlana Mahmudova Nardaran qəsəbəsi, 768 nömrəli bağ evinə benzinlə dolu şüşə qab atıldığını, lakin alışmadığını bildirib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, noyabrın 26-da iki polis əməkdaşının və 4 dindarın ölümü ilə nəticələnən, Tale bağırzadə ilə yanaşı, daha 13 nəfərin saxlanıldığı hadisədən sonra kənd sakinləri etiraz aksiyaları keçirmişdilər.

Noyabrın 30-dan kəndə giriş-çıxışa kənd sakinləri nəzarət edirdilər. Hökumətlə danışığa gedən kənd ağsaqqalları kənd meydanını boşaltdılar. Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru