BDU-da tələbələrlə mühafizəçilər arasında narazılıq- BİABIRÇILIQ
16-12-2015, 13:42
Mehman Hüseynov: «Mahir Höccətov digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini əllərindən alırlar, sonra da 10-15 manat pul istəyirlər»
Bakı Dövlət Universitetinin (BDU) tələbələri ali təhsil ocağının Mühafizə Xidmətinin rəisi Mahir Höccətovdan şikayətçi düşüblər. Daha doğrusu, bu tələbələrin ondan ilk şikayəti deyil. Bu haqda tanınmış blogger Mehman Hüseynov sosial şəbəkələrdə məlumat yayıb.
Blogger yazır ki, tələbələr Höccətovla bağlı dəfələrlə sosial şəbəkələrdə çoxlu sayda şikayətlər ediblər. Lakin bunun heç bir xeyri olmayıb. «Tələbələrin dediklərinə görə, BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höccətov digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini bir bəhanə ilə əllərindən alırlar. Əgər 10-15 manat verməsələr vəsiqəni qaytarmayacaqları, ailələrini çağıracaqlarını deyərək hədələyirlər. Etiraz edən tələbələrə də “ölkədə krizis var, bəs necə dolanaq?” deyə səbəb gətirirlər».
Hüseynov tələbələrin dediklərinə istinadən yazır ki, dəfələrlə məsələni ictimailəşdiriblər, hətta problemi BDU-nun rəhbərliyinə belə çatdırıblar. Lakin baş verənlərə diqqət ayrılmayıb. «BDU-nun rəhbərliyi mütləq problemi araşdırıb, özbaşınalığın qarşını almalıdır. Əgər qarşısı alınmasa, tələbələrlə birləşib bu bığlı supermarionu bir təhər özümüz yerinə otuzduracıyıq».