Azərbaycanın iri banklardan biri müflis oldu - BÖHRAN
17-12-2015, 20:25
“Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib. Musavat.com xəbər verir ki, bu barədə bankın qanuni nümayəndəsi, vəkil İradə Cavadova Facebook-da yazıb. Onun sözlərinə görə, bankın müflis olması ilə bağlı Mərkəzi Banka müraciət göndərilsə də, müraciətə hələ baxılmayıb.
“Mərkəzi Bank “ciddi” arqument gətirərək (məktubdan çıxarış ....vəsatətdə adları qeyd olunmuş şəxslər tərəfindən Sizə verilmiş etibarnamələrin təsdiq edilmiş surətləri Mərkəzi Banka təqdim edildikdən sonra müraciətinizə mahiyyəti üzrə baxılaçaqdır ) bankla bağlı qərarın uzadılmasına müvəffəq olmuşdur. Mərkəzi Bankın bu marağını anlaya bilmirik. Bizə müracət edən (və etmək istəyən) əmanətçilərin nəzərinə çatdırırıq ki, sənədləşmə işləri dekabrın 24-ünə qədər davam edəcək. Mərkəzi Bankın qərarından asılı olaraq məhkəməyə müraciət olunacaq”, - hüquqşünas yazıb.
Qeyd edək ki, “Bank of Azerbaijan”ın əsası, Azərbaycanın Mərkəzi bankı tərəfindən verilmiş 166 №-li lisenziya əsasında 1993-cü ilin dekabr ayının 1-də qoyulub. 2004-cü ildə Bank öz təşkilati-hüquqi strukturunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinə çevrilir. 2006-cı ildə səhmdarların ümumi iclasında Bankın adının "Bank of Azerbaijan" ASC adına dəyişdirilməsi haqda qərar qəbul edilib. Bankın 16 filialı, 3 şöbəsi, 29 bankomatı və 500 POS-terminalı var.