Cəbhədə qanlı döyüş, ölənlər var
20-12-2015, 19:03

Ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə qarşı tərəfin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.
Düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə nəzarət etməklə düşmənin bütün hərəkətlərinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.
Ümumilkdə Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 95 dəfə pozub.Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 96 dəfə atəş zərbəsi endirib.
Bu, son dörd gündə Azərbaycan Ordusunun verdiyi dördüncü itkidir.Bir neçə gün öncə Azərbaycan daha bir neçə hərbi qulluqçusunu itirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Belə ki, dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub.
Dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.