Bağdadinin qardaşı oğlu öldürüldü

4-02-2016, 09:58           

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin yaxın qohumu öldürülüb.

Ans press-in məlumatına görə, Bağdadinin qardaşı oğlu İraqın Ənbar vilayətinin bombardmanı zamanı ölüb.

Ənbar vilayətində ABŞ-ın liderlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin hava hücumu nəticəsində Bağdadinin qardaşı oğlu Əbu Əhməd əs-Samar ilə yanaşı daha səkkiz terrorçu məhv edilib.

Ənbar vilayətinin təhlükəsizlik komissiyasının başçısı İbrahim əl-Fehdavi beynəlxalq koalisiya qüvvələrinin İŞİD terror qruplaşmasının məhkəmə olaraq istifadə etdiyi binaya hava hücumu etdiyini bildirib.

Məhz Fehdavi Bubali bölgəsinə olan hücumda Bağdadinin yaxın qohumu Əhməd əs-Samar adlı qardaşı oğlu və daha səkkiz nəfərin öldürüldüyü qeyd olunur.

Qeyd edək ki, keçən il İŞİD terrorçu qruplaşmasının lideri Əl Bağdadinin öldürülməsi barədə məlumatlar yayılmışdı. Xəbərdə ABŞ-ın döyüş təyyarələrinin İŞİD terror qruplaşmasının liderlərinin toplantı keçirdiyi binaya raket zərbələri endirən zaman yaralanan Əl Bağdadi bir neçə saat sonra öldüyü qeyd olunurdu.

Daha sonra ABŞ-ın döyüş təyyarələrinin bombardmanı zamanı Əl Bağdadinin ağır yaralandığı təsdiq olunmuşdu. Əl Bağdadi təcili Suriyaya yola salınmışdı. Zərbələr nəticəsində İŞİD-in bir neçə səhra komandiri də ölmüşdü. Məlumata görə, qruplaşmanın nümayəndələri yaralı silahlılara qan köçürmək üçün şəhər əhalisinə müraciət edərək qan verməyi xahiş etmişdi.

2014-cü ilin avqustunda ABŞ İŞİD-lə mübarizəyə qarşı koalisiya qüvvələri yaradıb. Elə həmin vaxt prezident Barak Obama İraq hakimiyyətinə dəstəyini bildirərkən bunun "uzunmüddətli layihə" olacağını qeyd edib. Sentyabrın 10-da isə o, Konqresin razılığı olmadan da Suriyanın bir hissəsinə nəzarət edən terrorçulara qarşı hava hücumları keçirəcəyini açıqlayıb.

Başda ABŞ olmaqla koalisiya qüvvələri 2014-ci ilin sonlarından İŞİD terror qruplaşmasına qarşı havadan mübarizə aparır.Təxminən 60 ölkənin iştirakı ilə yaradılmış bu koalisiya Kobanidə peşmərgələrin karına gəlib. Lakin İraqda bu əməliyyatlar effektiv görünmür. Hesablamalara görə, koalisiya qüvvələri İŞİD-in İraqda nəzarət etdiyi ərazilərin bir faizini, təxminən 700 kv km ərazini geri qaytara bilib.

Pentaqon 10 minə yaxın İŞİD silahlısı məhv edildiyinİ açıqlayıb. 100-lərlə neft-qaz obyektləri dağıdılıb. ABŞ Müdafiə Departamentinin hesablamalarına görə, 2015-ci ilədək “İŞİD”lə hava mübarizəsinə 1,3 milyard dollar sərf edilib. Günlük təxminən 8,3 milyon dollar. Bu rəqəm İraq, Əfqanıstan və Pakistandakı ümumi müharibə xərclərinin kiçik bir hissəsini təşkil edir. Döyüşlərin nə vaxt sona çatacağı yaxın üfüqdə görünmür. ABŞ generalı John Allen münaqişəni “Nəsillərin döyüşü” adlandıraraq hələ uzun müddət müharibənin davam edəcəyinə işarə verməsi təsadüfi deyildi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.