Sahibkar üstünə benzin töküb Bakıya gəlir – “Özümü yandıracağam”
5-02-2016, 12:24
“Mənim başqa yolum qalmayıb. Bütün hazırlıqlarımı görmüşəm, gedirəm. Özümü yandırmaq üçün əlimdə hər şey var. Uzağı 1 saata, 40 dəqiqəyə gedib özümü yandıracağam” - bu sözləri “Yeni Müsavat” əməkdaşına Qarabağ veteranı, “Amal-D” MMC şirkətinin rəhbəri olan sahibkar Dönməz Abutalıb oğlu Məmmədov deyib.
Son dərəcə əsəbi, gərgin olan sahibkar deyib ki, artıq dözümü qalmayıb: “Üstümə benzin töküb gəlirəm Bakıya. Özümü yandırmazdan əvvəl sizə zəng vuracağam. Çəkin və hamıya göstərin ki, sahibkar haqsızlığa dözməyib özünü yandırır. Mənim bir sahibkar kimi başqa yolum qalmayıb. Gürcüstana keçib aclıq etdim. Geri çağırdılar. Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində 2 maddə ilə cinayət işi başlayıblar. Ölümə təhdid və korrupsiya ilə bağlı. Yanvarın 2-də marşurutumu qərarla özümə qaytardılar. Son günlər mənə təzyiq göstərirlər ki, get istintaqda ifadələrini dəyiş. Mən də getmədim. Mənə təzyiqlər var. Artıq bezmişəm. Bu gün səhər tezdən dövlət başçısına, baş prokurora teleqram vurdum. Uzağı 40 dəqiqəyə qədər – Prezident Adminstrasiyasınınmı, alınmasa baş Prokurorluğun və ya hansasa səfirliyin qarşısında özümü yandıracağam”.
Sahibkar ona təzyiq edənlərin bağlı bunları deyib: “Sahibkar kimi bezar oldum. Bu qədər haqsızlıq olmaz. 1 ildir ki, işimi əlimdən almaq üçün başıma açmadıqları oyun qalmadı. Dövlət Avtomobil Nəqliyyatı Xidməti, 8 saylı Regional şöbəsi və bir keçmiş MTN-çi Vüqar məndən əl çəkmirlər. Mənim qanım bunların üzərindədir”.
Qeyd edək ki, Dönməz Məmmədov Azərbaycanda ona edilən təzyiqlər səbəbindən ölkəni bir neçə dəfə tərk edib, Gürcüstana aclıq aksiyaları keçirməklə ona edilən təzyiqlərə diqqət çəkib. Dönməz Məmmədov ölkəyə qayıtdıqdan sonra onun şirkətinə məxsus Bakı-Saray-Sumqayıt xətti üzrə işləyən 501 nömrəli marşrut avtobusları Nəqliyyat Departamentinin cərimə meydançasından buraxılıb, sürücülər eyni xətt üzrə fəaliyyətlərinə davam ediblər. Bir sözlə, Dönməz Məmmədovun şikayəti təmin olunub və 501 nömrəli marşrut xətti bərpa edilmişdi...