Nazirlik xaricdə təhsil təklif edən şirkətlərlə bağlı əhaliyə müraciət edib - Aldanmayın!
10-02-2016, 16:07
“Təhsil Nazirliyi 11 noyabr 2014-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır”.
Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd seçim zamanı heç bir rol oynamır: “Belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir. Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə təqaüd proqramı ilə bağlı məlumatların yerləşdirilməsini nəzərə alaraq, Macarıstanda ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, əsas məlumat mənbəyi olaraq Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilmiş məlumatlara istinad etsinlər”.