İlhamə Quliyevanın oğlu prokurorluqda dindirildi – Rəsmi açıqlama
10-02-2016, 16:15
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun adının cinayət işində hallanmasının bəzi detalları məlum olub.
AzNews.az-a daxil olan məlumata görə, cinayət işi fakt üzrə açılıb. Sözügedən cinayət işində Orxan Nadirovun və dostu Vüqar Bəkirovun da adı hallanır. O.Nadirov məsələ ilə bağlı prokurorluğa çağırılıb və ifadəsi alınıb. Onun və dostunun təqsirli olması artıq sübuta yetirilib.
Məlumata görə, O.Nadirovun da adının keçdiyi cinayət işinə Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Mehman Ələkbərov baxır. Məsələ ilə bağlı M.Ələkbərovla əlaqə saxlamaq istəsək də, müstəntiq telefonlarımıza cavab vermədi.
Binəqədi rayon prokurorunun köməkçisi Fəridə Bayramova AzNews.az-a açıqlamasında İlhamə Quliyevanın oğlunun adının cinayət işində hallanması faktını təsdiqləyib: “Orxan Nadirovun adı başqa bir cinayət işində hallanır. Adı hallanan cinayət işiylə bağlı O.Nadirov prokurorluğa çağırılıb və dindirilib”.
Xatırladaq ki, dünən AzNews.az Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılması ilə bağlı məlumat yayıb. Məlumata görə, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur.
Onu da bildirək ki, O.Nadirovun dostu Vüqar Bəkirov barəsində də cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.