Azərbaycandan təmiz heroin apardı, “Land Cruiser”ə dəyişmək istəyəndə tutuldu
11-02-2016, 13:36
Rusiyanın Amur vilayətində 46 yaşlı Azərbaycan vətəndaşı yüksək keyfiyyətli heroini “Toyota Land Cruiser” markalı cipə dəyişmək istəyərkən yaxalanıb.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, narkotik polisi azərbaycanlının bu planından xəbər tutaraq onu yaxalamaq üçün əməliyyat planı qurub. Plana əsasən narkotik maddənin alıcısı kimi Rayçixinsk rayonu üzrə narkotik polisinin əməliyyatçıları çıxış edib.
Azərbaycanlı narkotik maddənin 1 milyon rubl dəyərində olduğunu bildirib və onu “Land Cruiser”ə dəyişmək istədiyini bildirib. Əməliyyatçıların təklif etdiyi avtomobil onu qane edəndən sonra azərbaycanlı üzərində olan 240 qram təmiz heroini çıxararaq polislərə verib və cinayət başında yaxalanıb. Sövdələşməyə əsasən azərbaycanlı narkotik maddənin qalan hissəsini maşını öz adına rəsmiləşdirəndən sonra verməli idi. Əməliyyatçılar onun evində axtarış aparıblar və daha 110 qram heroin tapıblar.