Ağsafada 40 inəyi necə oğurladılar: - “Kalaşnikov”u dirədi qarnıma, dedi cınqırını çıxarma...”

26-02-2016, 20:45           
Ağsafada 40 inəyi necə oğurladılar: - “Kalaşnikov”u dirədi qarnıma, dedi cınqırını çıxarma...”
Təxminən iki həftə əvvəl Ağstafanın Ceyrançöl ərazisində baş vermiş silahlı quldurluq hadisəsinin təfərrüatları məlum olub. Həmin hadisə zamanı avtomatla silahlanmış quldurlar fermaya basqın edərək 40 inəyi oğurlamışdı və deyilənə görə hadisə yerindən Gürcüstan istiqamətində uzaqlaşmışdı.

İndi inəkləri oğurlanan çoban, Qazax rayonundan olan və 12 ildir mal-qara saxlamaqla dolanan İsrafil Abdullayevlə Maqsud Əliyev başlarına gələni danışıblar. “Azadlıq” radiosunun xəbərinə görə, həmin gün çobanlar fermaya yaxınlaşan 4 atlını görüblər və onları yol adamı zənn edərək fermanın qarşısına çıxıblar.

İsrafil Abdullayev danışır: “Axşam saat 8 olardı, itlər hürüşdü, səsə çıxdım. Gördüm, fermaya 4 atlı yaxınlaşıb. Salamlaşdılar, hal-əhval tutdular, süd istədilər, dedim, varımızdır. Elə aralanıb süd gətirməyə getmək istəyəndə, biri geyiminin altından avtomatı tuşladı qarnıma. O birilər də daraşdılar mal-qaraya...».

Hadisədən duyuq düşən başqa çobanlar da fermaya tərəf gəliblər. Ancaq atlılardan birinin İsrafil Abdullayevə silah tuşladığını görəndə əllərindən heç nə gəlməyib.

İsrafil Abdullayev isə həyatının fəna gedəcəyini görüncə keçib yalvar-yaxara: «Avtomatı qarnıma dirəmişdi, dedi, «tərpənsən, cınqırını çıxarsan, öldürəcəm». Yalvardım, dedim, «dörd balam var, onlara yazığınız gəlsin, məni öldürməyin...»».

ÇOBANLARI FERMADA BAĞLAYIBLAR

Çoban sözünü tutub, cınqırını çıxarmayıb. Atlılar da sözlərini tutublar, onu öldürməyiblər. Çoban yoldaşı Maqsud Əliyevi də onunla birlikdə fermanın içərisinə salıblar, qapını da üzlərinə bağlayıblar. Atlılar gedəndən sonra çoban yoldaşlarının köməkliyi ilə fermadan çıxanda görüblər ki, atlılar 41 inəkdən yalnız birini onlara saxlayıblar, qalanını özləri ilə aparıblar.

Çobanlar ferma sahibi olduqları 12 ildə belə əhvalatla ilk dəfə qarşılaşdıqlarını deyirlər.

Ağstafa polisi silahlı basqınçıları hələ də tapmayıb. Rayon polis şöbəsindən bildirilib ki, onları müəyyənləşdirmək hələlik mümkün olmayıb.

HƏR AN QAYIDA BİLƏRLƏR...

Elə çobanları narahat edən də budur. İsrafil Abdullayev deyir, nə qədər ki, basqınçılar azadlıqdadır, onun və çoban dostunun həyatı hər an təhlükədədir: «Hadisəni görmüşük, şahidik, ələ keçməmələri üçün bizi hər an aradan götürməyə cəhd edə bilərlər».

Çobanların polisdən tələbləri budur ki, basqınçıları tez tapsınlar. Çünki həyatlarını təhlükədə hiss edirlər.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.