AGBank ASC yazımıza reaksiya verdi
1-03-2016, 02:45

Hörmətli redaktor,
29 fevral, 2016-cı il tarixində portalınızda MTN-də yığılan xərac kisələrlə “Azəriqazbank”a daşınırmış - "MTN işi"...adlı məqalə yerləşdirilib. AGBank ASC olaraq məqalədə bank və bank rəhbərliyinə qarşı səsləndirilən ittihamları qəbul etmirik. Məqalədə bank və bank rəhbərliyinin ünvanına yönələn fikirlər ictimaiyyət qarşısında bankımızın işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Təəssüf hissi ilə bildirik ki, materialda həqiqətə uyğun olmayan məqamlar yer alıb.
Yazıb nəzərinizə çatdırırıq ki, AGBank, tək Çingiz Əsədullayevə deyil, 64 nəfər səhmdara məxsusudur ki, onların içində 17,5 faiz payı olan Beynəlxalq Maliyyə Korporasiyası, 10 faiz payı olan “Kazimir Partners” kimi nüfuzlu beynəxalq maliyyə qurumları var. Çingiz Əsədullayev isə bankın ən böyük səhmdarı olsa da (23,270%) onun səhm payı 50 faizdən aşağıdır. Çingiz Əsədullayev son 10 ildə Milli Məclisin üzvü olduğu üçün, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. O, bankın Müşahidə Şurasına rəhbərlik edib ki, bu da ictimai vəzifədir. AGBank Azərbaycan Respublikasının qanunvericiliyi, Mərkəzi Bankın lisenziyası və beynəlxalq mühasibatı uçotuna uyğun idarə olunur.
Yazıb bildiririk ki, KİV həqiqətə uyğun olmayan məlumatları əvvəl yayıb, sonra isə qarşı tərəfin mövqeyini işıqlandırmaq və ya daim təkzibini verməklə öz borcunu yerinə yetirmiş saya bilməz. KİV ilk növbədə yoxlanılmış məlumatı balanslaşdırılmış şəkildə dərc etməlidir. Bankın da işi sonsuz olaraq haqqında dərc olunan yalan və böhtan xarakterli məlumatların təkzib olunması ilə məşğul olmaq deyil. Hazırda Bank öz fəliyyətini Azərbaycan qanunvericiliyinə uyğun şəkildə yerinə yetirir. Sizin yazdıqlarınızın hətta 5 faizi doğru olmuş olsa idi, Bank fəaliyyət göstərə bilməzdi.
Hesab edirik ki, məqaləni dərc etməmişdən öncə mətbu orqan məsələni diqqətlə araşdırmalı, tərəflərin mövqeyini diqqətlə öyrənməlidir. Bütün bu göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilənləri AGBank-ın mövqeyi kimi qəbul edib, onu olduğu kim yerləşdirməyi və gələcəkdə AGBank-ın adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik.
Hörmətlə,
AGBank ASC
Mətbuat Xidməti
29.02.2016