İsmayıllıda 31 mart Azərbaycanlıların soyqırımı günü kütləvi hüzn mitinqi ilə qeyd edildi.
31-03-2016, 17:13
teref.az - Vaxtilə Şamaxı və Göyçay qəzaları arasında bölünmüş indiki İsmayıllı rayonu da tarixi düşmənlərimizin –ermənilərin törətdiyi soyqırım hadisələrinə məruz qalmış, çoxsaylı insan, çoxmilyonlu maddi itkilər vermişdir. Tircan kəndində 360,Mücü kəndində 230, Bizlan kəndində 200 nəfəri dünya terrorizminin əsasını qoyan ermənilər qətlə yetirmişlər. Sərdahar, Zərnəva, Xankəndi, Maçaxı, Tağlabiyan, Kəlfərəc, Qıçatan, Sulut və Zeyvə kəndlərii də daxil olmaqla 1029 nəfər soyqırıma məruz qalmışdır. Komissiya imkan tapıb Göyçay qəzasına daxil olan kəndlərdəki qətliamları tədqiq edə bilməyib. Lakin həmin ərazidə də ermənilər ağlagəlməz vəhşiliklər törədiblər.
Bunlar barədə bütün zamanlarda millətimizə qarşı aparılan soyqırım siyasəti nəticələrini əks etdirən “Ana harayı” abidəsi önündə (abidə 2014-cü ildə rayon icra hakimiyyəti tərəfindən Mübariz Orucov küçəsi ilə Nizami Gəncəvi küçəsinin qovuşuğunda ucaldılıb) keçirilən 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş hüzn mitinqini giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova müfəssəl məlumat verib. Soyqırım hadisələri zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Azərbaycanda, o cümlədən İsmayıllıda törədilən soyqırımlardan ətraflı danışıb. Qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev 31 martı Azrbaycanlıların soyqırımı günü kimi təsdiq etməklə tariximizdəki səhvi aradan qaldırıb, düşmənlərimizi bir daha özümüzə tanıdıb. Qarabağ müharibəsində qələbəmiz və bir daha soyqırıma məruz qalmamağımız üçün ölkədə səngiməyəcək bir səfərbərlik yaradıb. Keçmişin dərslərindən bu gün üçün düzgün nəticə çıxarmaq yolunu göstərib. Önündə durduğumuz abidə bizi həmişə ayıq-sayıq olmağa, yaddaşımızı daşlaşdırmağa, unutqan olmamağa, milli vəhdətə, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə səsləyir, şəhidlərin ruhunu qələbəyə çatmaqla şad etməyə haraylayır.
Hacıhətəmli kənd sakini, pensiyada olan tarix müəllimi Mehdi Məmmədov İsmayıllının vaxtilə Göyçay qəzasına daxil olan ərazisində ermənilərin törətdiyi qaniçənlikdən, qətliamlardan, qardaş türk ordusunun köməyimizə gəlməsindən, düşmənlərimizi layiq olduğu yerdə oturtmasından faktlar əsasında ətraflı çıxış edib. Bildirib ki, Mollaisaqlı və Hacıhətəmli kəndlərinin yaxınlığında əbədiyyətə qovuşmuş türk əsgərlərinin məzarları ziyarət edilir, soyqırım vəhşətləri öyrənilir və yeniyetmələrə, gənclərə öyrədilir.
Digər çıxış edənlər də soyqırım hadisələrinə ümummilli lider Heydər Əliyevin Azərbaycanlıların soyqırımı gününü təsis edən Sərəncamı baxımından yanaşıblar, bu günümüz və sabahkı fəaliyyətimiz üçün gərəkli fikirlər söyləyiblər.
Hüzn mintiqi iştirakçıları arasında gənclərin çoxluğu və çıxışlardakı ruh bir daha onun sübutu olub ki, ismayıllılar qələbə naminə, torpaqlarımızın bütövləşməsi yolunda səfərbərdilər, Ali Baş Komandanın əmrlərinin icrasına hazırdırlar.
teref.az