Cəbhədə təxribatçı əcnəbi jurnalist ifşa olundu
4-04-2016, 20:59
“Layfnyus” televiziyasının cəbhə xəttində yerləşən Tərtər rayonundan təxribatçı reportaj hazırlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
ANS-in məlumatına görə, televiziya əməkdaşı Tərtər rayon əhalisinin həyəcan içərisində olduğunu qeyd edib.
Tərtərdən reportaj hazırlayan televiziya rayonun çıxış nöqtəsində əhalinin toplanması və onların ermənilərin hücumuna görə öz şəxsi avtomobillərində gecələdiyini bildirib. Daha sonra rayon sakinlərindən birindən müsahibə alan telekanal əməkdaşı onun sözlərini rus dilinə tamam başqa variantda tərcümə edib.
Televiziya rayon sakininin sözlərini ermənilərin hər gün atəş açdığını, guya bu müharibənin onlara lazım olmadığını, bu gecə əhalinin avtomobillərdə gecələmək üçün rayon çıxışına daha çox maşınlarla gələcəyi kimi tərcümə edib.
Rusiyanın “Layfnus” telekanalı (rəhbəri erməni Aram Qabrelyandır - red.) Azərbaycan barədə daima təxribatçı reportajlar hazırlayır. Bundan əvvəl də "Layfnyus" saytının müxbiri Azərbaycanın nəzarətindən kənarda qalan Dağlıq Qarabağ ərazisinə səfər edib.
Daim Azərbaycana qarşı təxribatçı reportajlar hazırlayan televiziya jurnalistinin necə cəbhə xətinə gedib çıxması hər kəs üçün maraqlıdır. Çünki hazırda onlarla azərbaycanlı və xarici jurnalist cəbhədə çəkiliş aparmaq istəyir. Amma o jurnalistlərdən fərqli olaraq bir anda “Layfnyus”un əməkdaşı Yevgeni Zmanovskaya cəbhə xəttində peyda olur.
Jurnalistin ora necə və hansı yollarla gedib çıxmasını öyrənməyə çalışdıq. Yevgeni Zmanovskayadan Tərtərə necə getməyi və çəkiliş aparmaq üçün xüsusi icazəsinin olub-olmaması ilə bağlı sual ünvanladıq. Zmanovskaya isə sualımıza çox sərt şəkildə cavab verdi. “Məni bezdirməyin. Akreditasiyam var. Başa düşə bilmirəm ki, siz kimsiniz axı? Siz xüsusi akreditasiya verən qurumsunuz ki, mən sizə hesab verməliyəm? İşlərim çoxdur, məni narahat etməyin”, - deyə jurnalist bildirdi.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi ki, “Lifenews” kanalının əməkdaşı Xarici İşlər Nazirliyi tərəfindən tətbiq edilən akreditasiya qaydalarını pozaraq Azərbaycana gəlib.
H.Hacıyevin sözlərinə görə, bununla əlaqədar “lifenews” kanalına xəbardalığımız çatdırılıb və məsələnin mahiyyəti də izah edilib: “Azərbaycanda medianın azadlığına göstərilən münasibətin təzahürü kimi “lifenews”un Azərbaycanda fəaliyyətinə şərait yaratmışıq. Onlarda Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmalıdırlar və hazırladıqları süjetlər obyektiv olmalıdır. “Layfnyus”un dünənki verilişində sərhədyanı ərazilərdə yaşayan insanların müsahibələri təhrif edilərək verilir. Bununla əlaqədar Azərbaycan XİN etirazını bildirib”, - deyə Hikmət Hacıyev bildirdi.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirdi ki, “Layfnyus” televiziyasının əməkdaşının cəbhə xəttində çəkiliş aparmalarından xəbərdardırlar. “Amma onlara cəbhə xəttində çəkiliş aparmaları üçün icazə verilməyib”, - deyə Vaqif Dərgahlı bildirib.
Ümumilikdə, adıçəkilən televiziya Azərbaycana qarşı dəfələrlə təxribatçı süjetlər hazırlayıb. Bir müddət əvvəl "Lifenews" əməkdaşı Yelizaveta Xramtsova Dağlıq Qarabağa səfər edib. Jurnalist reportajı separatçı rejimin müstəqilliyinin 25 illiyi ilə əlaqədar hazırlayıb. O, Dağlıq Qarabağda məskunlaşan erməni ailəsində, xalçatoxuma, tikiş fabriklərində olub. O bildirib ki, Dağlıq Qarabağın müstəqilliyi dünya ictimaiyyəti tərəfindən tanınmır.
Yanvar ayında işğal olunmuş Dağlıq Qarabağdan ölkəmizə qarşı süjet hazırlayan “Layfnyus” əməkdaşları indi də Azərbaycanın nəzarətində olan ərazilərdən bunu etməyə çalışıblar. Maraqlıdır ki, Azərbaycana qarşı daima təxribatçı reportajlar hazırlayan televiziya əməkdaşı ora necə gedib və süjet hazırlayanda kimdən icazə alıb? Bu suallar açıq qalır. Çünki müvafiq qurumlar deyir ki, biz onlara çəkiliş aparmaları üçün icazə verməmişik. Buna baxmayaraq Azərbaycana qarşı təxribatçı sujet hazırlayan jurnalist hələ də ölkə ərazisindədir.