Dollarla kredit verilməsi rəsmən dayandırıldı
6-04-2016, 10:05
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının keçirilən iclasında qərar qəbul edilib; səbəb...
Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsi bir ay müddətinə dayandırılıb. ANS PRESS-in məlumatına görə, bu barədə aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının keçirilən iclasında qərar qəbul edilib. Bildirilib ki, xarici valyutada istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.
Bununla əlaqədar qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.
MBNP-nin qəbul etdiyi bu qərar, heç şübhəsiz, bütün banklara və bank olmayan kredit təşkilatlarına aiddir. Yəni onlar bir ay ərzində vətəndaşlara xarici valyuta ilə kredit verə bilməyəcəklər. Bu qərarın verilməsi, heç şübhəsiz ki, kommersiya banklarının ötən günə qədər əhaliyə yalnız dollarla kredit təklif etməsinin qarşısını almaq məqsədi daşıyır.
Bankların əhaliyə yalnız dollarla kredit təklif etməsinə bir neçə gün əvvəl Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev də münasibət bildirmişdi. Sədr deyib ki, bankların əhaliyə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir: “Manat və dollar kreditləri məsələsini banklar özləri həll edir. Fikrimcə, vətəndaş krediti dollarda götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir. Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsi vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”.
Ümumiyyətlə, bankların əhaliyə yalnız xarici valyuta ilə kredit təklif etməsinin qanuni olub-olmadığı əsas müzakirə mövzusu olan məsələlərdən biridir.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, əvvəllər banklar əhaliyə kreditləri yalnız 10% valyuta fərqi ilə təklif edə bilərdi: “”Banklar haqqında qanun"da “açıq valyuta mövqeyi” adlı müddəa vardı. Lakin təəssüflər olsun ki, bu qanun Mərkəzi Bank tərəfindən 2015-ci ilin birinci rübündə ləğv edildi. Ötən günə qədər banklar istədiyi valyuta ilə 100%-ə qədər kredit verə bilirdi. Qanunun ləğv edilməsi ölkənin əsas bankının kommersiya bankları üzərindəki nəzarətini itirməsinə gətirib çıxarıb".
Əkrəm Həsənov deyir ki, bu qanun boşluğundan istifadə edən kommersiya bankları Mərkəzi Bankdan manatla kredit götürərək dərhal ABŞ valyutasına çevirirdilər və əhaliyə də elə həmin valyuta ilə kredit təklif edirdilər: "Həm də qanunvericiliyə əsasən, mərkəzi bank kommersiya təşkilatlarına krediti yalnız milli valyuta ilə verə bilər. Bunu görən banklar da Mərkəzi Bankdan manatla kredit alırdı. Daha sonra hərraclarda həmin manatlarla yenidən dollar alır və aldığı həmin xarici valyutanı əhaliyə baha təklif edirdi".
Prezident İlham Əliyev fevral ayının 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Ölkədə bankların əhaliyə xarici valyuta ilə kredit verilməsini dayandırmasının əsas səbəbləri ehtimal ki, kommersiya banklarının özbaşınalığının qarşısını almaq və iqtisadiyyatın inkişafına dəstək göstərmək mahiyyəti daşıyır. Çünki iqtisadiyyatın əsas qanunlarından biri də odur ki, milli valyutayla kreditləşmə həyata keçirilmədiyi halda hər hansı ölkənin iqtisadiyyatında geriləmə müşahidə edilməsi labüd olur.
MBNP-nin bazarda maliyyə balansını yenidən tənzimləmək üçün belə bir addım atması labüd idi. Eyni zamanda Mərkəzi Bank kommersiya banklarına dollar kreditlərindən daha çox manatla verməlidir. Belə olan halda manat qıtlığı ortadan qalxmış, iqtisadiyyat inkişaf etmiş olar.