Fəlsəfə və Hüquq İnstitutunda dava – polis müdaxilə edib

6-04-2016, 21:21           
Fəlsəfə və Hüquq İnstitutunda dava – polis müdaxilə edib
Aprelin 6-da AMEA Fəlsəfə və Hüquq İnstitutunda qarşıdurma olub. Bu haqda musavat.com-a institutdakı mənbə məlumat verib. Məlumatda bildirilir ki, Fəlsəfə və Hüquq İnstitutunun aparıcı mütəxəssisi Xaliq Əhmədzadə ilə institutun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri Sakit Hüseynov arasında insident yaranıb.

Qaynağımızın iddiasına görə, X.Əhmədzadə S.Hüseynovdan istefa ərizəsi yazmasını tələb edib. Bu zaman tərəflərin arasında qarşıdurma yaranıb və nəticədə Sakit Hüseynovun səhhəti pisləşib. Mənbə bildirir ki, bundan sonra institutun binasına təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlib. Deyilənə görə, polis Xaliq Əhmədzadənin haqqında akt tərtib edib, sənədi institutun bir neçə əməkdaşı imzalayıb.

Mənbə bildirir ki, son aylar ikinci dəfədir ki, Fəlsəfə və Hüquq İnstitutuna polis çağrılır. Bu il Xocalı soyqırımının il dönümü ilə bağlı keçirilən tədbir zamanı da Xaliq Əhmədzadə Politologiya və siyasi sosiologiya şöbəsinin əməkdaşı Ruşan Ruşanzadə ilə dalaşıb. R.Ruşanzadə DİN 102 xidmətinə zəng edib hücuma məruz qaldığını deyib. Mənbə bildirir ki, hər iki halda X.Əhmədzadə barəsində heç bir ölçü götürülməyib.

Mənbənin bildirdiyinə görə, Sakit Hüseynov səhhətinə görə məzuniyyətdə olub. İşə qayıtdıqdan sonra ondan istefa ərizəsi yazmasını tələb ediblər. İnstitutdan musavat.com-a verilən məlumata görə, X.Əhmədzadənin bu davranışı qanunvericiliyə ziddir.

Deyilənə görə, onun institutun əməkdaşlarından istefa ərizəsi tələb etməyə hüququ yoxdur. Mənbə deyir ki, Xaliq Əhmədzadə rəsmi şəkildə Fəlsəfə və Hüquq İnstitutunda heç bir rəhbər vəzifədə təmsil olunmur. Deyilnə görə, o, müəmmalı şəkildə direktor İlham Məmmədzadənin bir sıra səlahiyyətlərini qeyri-rəsmi şəkildə mənimsəyib.
Xatırladaq ki, ötən ay tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev Fəlsəfə və Hüquq İnstitutunda baş verənlərlə bağlı Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, akademik Ramiz Mehdiyevə mətbuatda müraciət etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.