Azərbaycanda banka borcu olan sahibkar özünü asdı
7-04-2016, 13:28
Qəbələdə intihar hadisəsi baş verib. Rayonun Tola kənd sakini özünü asıb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Abdullayev özünü evinin yaxınlığındakı meşə zolağında asaraq intihar edib. Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
Kənd sakinlərinin verdiyi məlumata görə, Elçin Abdullayevin oğlu aprel ayının 1-də hərbi xidmətdən qayıdıb.
Onun kənd ərazisində mağaza işlətdiyi, ancaq banklara kredit borcu olduğu bildirilir.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Ölkə ərazisində sonuncu özünü asma hadisəsi bir neçə gün əvvəl Şəkidə qeydə alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü Məryəm Əyyub qızı Murtuzova martın 25-də örpəklə özünü asaraq intihar edib.
Onun 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 6 il 5 ay müddətinə həbs cəzasına məhkum edildiyi bildirilir.