Cəbhə bölgəsində dəymiş zərər hesablanır, kompensasiya ödəniləcək

8-04-2016, 21:15           
Cəbhə bölgəsində dəymiş zərər hesablanır, kompensasiya ödəniləcək
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində dinc əhaliyə dəymiş zərərin müəyyən edilməsi məqsədilə araşdırmalara başlanılıb. İlkin nəticələrə görə, ən böyük zərər Tərtər və Ağdam rayonlarına dəyib.

Tərtər rayon icra başçısının birinci müavini Ramiz Şabanov virtualaz.org saytına açıqlamasında bildirib ki, rayonun Qapanlı, Yuxarı Qaradağlı, Qaraçağı, Dəmirçilər kəndi, eləcə də rayon mərkəzində evlər dağılıb. “Tərtər rayon Fövqəladə Hallar Komissiyası hazırda ərazilərdə araşdırma aparır. Zərər müəyyənləşəndən sonra sakinlərə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”, - deyə R.Şabanov əlavə edib.

İlkin araşdırmalara görə, rayonda 162 evə müxtəlif növ dəyib.

Ağdam Rayon İcra Hakimiyyətindən də hazırda araşdırma aparıldığını dedilər. “Hazırda dəymiş zərərin məbləği dəqiqləşdirilir. Dəymiş zərərə görə kompensasiya ödənilməsi məsələsi dövlət səviyyəsində həllini tapacaq. Əkin sahələrinə və mal-qaraya görə kompensasiya ödəniləcək”, - deyə qurumdan qeyd ediblər.

İcra Hakimiyyətindən o da bildirilib ki, ilkin araşdırmalarda 100-ə yaxın evin zərər çəkdiyi məlum olub.

Fizuli Rayon İcra Hakimiyyətindən zərərin hələ ki müəyyənləşmədiyini bildiriblər. Qurumun özünü təqdim etməyən əməkdaşı rayonda əkin sahilərinə, mal-qaraya ciddi zərər dəymədiyini açıqlayıb: “Araşdırmanın nəticəsindən sonra yekun rəy açıqlanacaq”.

Qeyd edək ki, mətbuatda Füzulinin kəndlərində evlərin dağıldığına dair məlumatlar verilib. Məsələn, Fizulidə məskinlaşan laçınlı məcburi köçkün Akif İbrahimov mərminin həyətyanı sahəsinə düşməsi nəticəsində yaşadığı fermaya ciddi zərər dəydiyini söyləyib: “Mən rayonun Əskipara kəndində yaşayırdım. Ermənilər mərmi atdıqda ailə üzvlərimdən xəsarət alan olmasa da, məskinlaşdığım fermaya ciddi maddi ziyan dəyib. Bir baş atım tələf oldu, biri də yaralandı”.

Rayon sakinləri isə sayta deyiblər ki, Alpanlı, Qazaxlar, Əhmədalılar, Mirzənağılı kəndindəki evlərə, əkin sahələrinə zərər dəyib.

Goranboy Rayon İcra Hakimiyyətindən də zərərin həcmi müəyyənləşəndən sonra kompensasiya ödənilməsi məsələsinə baxılacağını bildiriblər. “İlkin araşdırmalar zamanı 100-ə yaxın evin tam və ya qismən zərər çəkdiyi məlum olub. Əhalinin mal-qarası tələf olub”.

Onu da qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda vətəndaşlara külli miqdarda maddi ziyan dəydiyi əksini tapıb. Cəbhə bölgəsində olan məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri, əkin sahələri düşmənin artilleriya zərbələrinə məruz qalıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə virtualaz.org saytına deyib ki, dəymiş zərərlə bağlı yerlərdə araşdırmalar aparılır. “Araşdırmanın nəticələri açıqlanacaq. Bu məsələ dövlətin nəzarətindədir. Yəqin ki, dəymiş zərər tam aradan qaldırılacaq”, - deyə M.Hacıyev əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.