İrəvan, Xankəndi, Göyçə adlı batalyonların yaradılmasına ehtiyac varmı? - “Bu barədə ciddi-ciddi düşünməliyik”

13-04-2016, 12:36           
İrəvan, Xankəndi, Göyçə adlı batalyonların yaradılmasına ehtiyac varmı? - “Bu barədə ciddi-ciddi düşünməliyik”
Məlum olduğu kimi, 2-5 aprel döyüşləri Qarabağın müharibə yolu ilə işğaldan azad edilməsi məsələsinin daha da aktuallaşmasına, problemin praktiki həlli ilə bağlı ümid və gözləntilərin artmasına səbəb oldu. Azərbaycanın 90-cı illərin əvəllərində işğal edilən ərazilərinin bir qarışının belə düşmənə güzəştə getməyəcəyi ilə bağlı verilən siyasi bəyanatlar, geniş xalq kütlələrinin, ölkə müxalifətinin bu məsələdə hakimiyyətə verdiyi dəstək beynəlxalq aləmdə də ciddi rezonansa səbəb oldu.
Fəqət təəssüflər olsun ki, məlum hadisələr fonunda İrəvan, Xankəndi, Göyçə, Zəngəzur kimi tarixi torpaqlarımızın azadlığı məsələsinə o qədər də diqqət çəkilmir. Halbuki, Qarabağla yanaşı bu torpaqların azadlığı məsələsinin gündəmə daşınması hər şeydən əvvəl Naxçıvanın düşmən blokadasından çıxması, eləcə də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.
Maraqlıdır, Azərbaycanın İrəvan, Göyçə kimi tarixi torpaqlarına olan haqlı iddiasını gündəmə gətirmək, xalqımızın bu torpaqların azad edilməsinə Qarabağ qədər prinsipial yanaşdığını ortaya qoymaq üçün bu adda batalyonların yaradılması məqsədəuyğundurmu? Bu cür batalyonların formalaşması düşmənə psixoloji təzyiq göstərməklə yanaşı, cəmiyyətin bu məsələyə daha içdən, daha ciddi köklənməsinə səbəb ola bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov bu təklifin reallaşmasının faydalı ola biləcəyini vurğuladı:
“Hesab edirəm ki, son vaxtlar cəbhədə baş verən gərgin və narahatverici, bəzən qürürverici hadisələr hələ uzun müddət geniş müzakirə, təhlil mövzusu olacaq. Əlbəttə ki, Silahlı Qüvvələrimiz 1994-cü ildən bu yana əsl tarix yazdı. Dünənə kimi Azərbaycana və onun şanlı, mətin, cəsarətli əsgərinə o qədər də ciddi baxmayan dövlətlər və vəzifəlilər anladılar ki, artıq bu "xına o xınadan" deyil.
Yenə ermənilərin havadarları ortalığa girib bu şərəfsizləri vəziyyətdən xilas etməyə əl atdılar. Amma düşünürəm ki, bu dəfə onlar çox ciddi və sağalmaz zərbə və yara aldılar. İnşallah belə bir qətiyyətlə biz təkcə işğal altında olan torpaqlarımızı deyil, inşallah gələcək üçün tarixi Azərbaycan torpaqları olan, Xankəndi, İrəvan, Göyçə, Zəngəzur kimi ərazilərimizin də geri qaytarılması üçün məsələ qaldıra və hətta bunu realığa da çevirə bilərik. Və mən də düşünürəm ki, bu məsələnin ilk addımı kimi biz İrəvan, Xankəndi, Göyçə və s. adlı batalyonların yaradılması haqqında da ciddi-ciddi düşünməliyik. Və bu adda olacaq hərbi hissə və ya bölmələrimizin olması ölkəmizin tarixi torpaqlarına haqlı iddiasını bir daha ortaya qoymaq baxımından məqsədəuyğun sayılmalıdır.
Mən onu da anlıyıram ki, indi Ermənistan bu xəbərləri əlində bayraq edib bizə qarşı müəyyən xoşagəlməz addımlar ata bilər. Yaxud bəzi şəxslər hələ Qarabağın işğal altında olan torpaqların geri qaytarılmadığı bir vaxtda bu haqda düşünməyin belə lazımsız olduğunu da dilə gətirə bilərlər. Razıyam. Amma biz bütün yuxarıda dediklərimizi inşallah Qarabağla bağlı bütün məsələləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra başlamağı düşünməliyik. Bu, bizim necə deyərlər, doğal haqqımızdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.