"Güzgüdən gördüm ki, həmin adam evin içərisindədir" (VİDEO- FOTO)

14-04-2016, 17:50           
"Güzgüdən gördüm ki, həmin adam evin içərisindədir" (VİDEO- FOTO)
Oğru qadın evə satıcı kimi girdi, evin xanımını bıçaqladı.

Şəmkirin Dəllər qəsəbəsində qəribə bıçaqlanma hadisəsi baş verib. 35 yaşlı qadın yaşadığı mənzildə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisəni qəribə edən isə, soyuq silahdan istifadə edən şəxsin də qadın olmasıdır. Ancaq hələlik həmin qadının şəxsiyyəti məlum deyil.

Şəmkirin Dəllər qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Qəsəbə sakini, 35 yaşlı Ülviyyə Nəsibova hələlik şəxsiyyəti məlum olmayan qadın tərəfindən bıçaqlanıb. Bədəninin müxtəlif nayihələrindən yaralanan qadın, dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Nurlan Qurbanov- həkim: “Xəstə Ülviyyə Nəsibova bu gün səhər saat 11:00 radələrində təcili yardım maşını ilə xəstəxanamıza gətirilib. Onun üzərində çoxsaylı bıçaq yaraları olduğundan dərhal əməliyyat olunub. Hazırda stasionar müalicə alır. Vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur”.

İlkin ehtimala görə, hadisəni törədən qadın oğurluq məqsədi ilə Nəsibovanın yaşadığı evə daxil olub. Bu zaman ev sahibi ilə qarşılaşan oğru, ona xəsarət yetirərək hadisə yerindən qaçıb. Zərərçəkənin sözlərinə görə, həmin şəxs özünü arşınmalçı kimi təqdim edib.

Ülviyyə Nəsibova - zərərçəkən şəxs: “Qapını döydü, dedi ki, kreditə mal satıram. Dedim, evdə heç kimi yoxdur, almırıq. İçəri daxil oldum. Bir qədər sonra güzgüdən gördüm ki, həmin adam evin içərisindədir. Özümü müdafiə etmək istəyəndə vurdu”.

Zərərçəkənin həyat yoldaşı Habil Nəsibovun sözlərinə görə, oğru qadın evdən 500 manat nağd pul, banka məxsus iki plastik pul kartı, eləcə də qızıl-zinət əşyaları götürüb.

Habil Nəsibov- Zərərçəkənin həyat yoldaşı: “Saat 11-də ev telefonundan mənə zəng gəldi. Gördüm yoldaşımdır. Ağlayaraq dedi ki, təcili evə gəl. Evə oğru girdi, məni də bıçaqladı. 2-3 dəqiqə sonra evə çatdım. Gələndə gördüm ki, küçə qapısı bağlıdır. Qonşu həyətindən içəri daxil olanda gördüm ki, yoldaşım qanın içərisində yerdə uzanıb”.

Hazırda yerli hüquq mühafizə orqanları cinayəti törədən qadının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir (Region TV).













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.