Azərbaycanın Türkiyədəki hərbi attaşesinə şok ittiham
15-04-2016, 00:28
İlyas İbrahimovun adı bacısının həyat yoldaşının qətlində hallanır
Keçmiş nazirin məmur qohumunun qətlilə bağlı ilginc təfərrüatlar…
Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi İlyas İbrahimovun adı bacısının həyat yoldaşı, Dövlət Reyestr Xidmətinin rəis müavini olmuş Füzuli İsgəndərovun qətlində hallanır. Mərhumun atası, 83 yaşlı Haqverdi İsgəndərov onu oğlunun qətlilə bağlı həqiqəti ört-basdır etməkdə ittiham edir və onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. O, zərərçəkmişin hüquqi varisi qismində məhkəmədə verdiyi ifadədə bunu deyib.
Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olan Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də səhər evinin qarajında qətlə yetirilib. Ona ümumilikdə 19 bıçaq zərbəsi vurulub. Bu qətllə əlaqədar Füzuli İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova həbs olunub. Halbuki, hadisədən sonra o, səkkiz ay ərzində bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdı. Lakin 2015-ci ilin mayında qəfildən zərərçəkmişdən təqsirləndirilənə çevrilib və həbs edilib.
Xalidə İsgəndərova özünü təqsirli bilmir və ittihamı rədd edir. O, istər zərərçəkmiş, istər şübhəli, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə bildirib ki, sentyabrın 1-də səhər saatlarında xəstə anasına baş çəkməyə getməyə hazırlaşdığı vaxt həyat yoldaşı qaraja düşüb ki, maşından ona xırda pul gətirsin. Həmin vaxt cinayətkar qarajda onu bıçaqlayıb, ardınca da mənzilə daxil olaraq, onun özünə və 15 yaşlı qızı Amanə İsgəndərovaya xəsarət yetirib, evdəki pulları tələb edib.
“Baldızımın ərindən şübhələnirəm…”
Xalidə İsgəndərova məhkəmədə ifadə verməkdən imtina edib. Bu səbəbdən onun iş materiallarındakı ifadələri elan olunub.
“Səhər tezdən bacım zəng vurub dedi ki, anamın hərarəti 30-a enib, tez özünü çatdır. Füzulinin evin ikinci mərtəbəsində yatmışdı, onu oyandırdım, anamgilə gedəcəyimi dedim, yolpulu istədim, 50 manat verdi. Avtobusa vermək üçün xırda pul lazım olduğunu dedim, maşında xırda pul olacağını deyib qaraja düşdü. Ondan əvvəl isə qızım Bülbülün toyundan yığılan 7 min manat pulu mənə verib dedi ki, saxla. Həmin pulu aparıb şkafda dəsmalın arasına qoydum. Dəhlizə çıxanda səs eşitdim. Gördüm səs qaraj tərəfdən gəlir, aşağı endim. Baxdım ki, Füzuli maşına söykənib, əlində iki dənə şiş var, özü də qan içindədir. Onun sağ tərəfində bir nəfər oğlan var idi. Oğlan əlindəki bıçaqla məni hədələyərək dedi ki, səs salıb qonşuları bura yığma, səni də öldürərəm. Oğlanın əli yaralanmışdı. Papaqla əlini sarıyırdı. Bu vaxt səsə qızım Amanə gəldi. Həmin oğlan bıçaqla Əmanəni vurmaq istəyəndə əlimi qabağa verdim, bıçaq əlimi kəsdi. Ayaqlarına qapanıb yalvardım ki, qızıma dəymə. O, bizi dəhlizə çıxarıb pul istəməyə başladı. Ona cəmi 50 manatım olduğunu dedim. Qızıllarım olan qutunu gətirib ovcuna tökdüm. Mənə dedi ki, ərindən maşını istədim, vermədi, ona görə də vurdum. Evdən çıxarkən “ərini elə vurmuşam ki, öləcək, get təcili yardım çağır” dedi. Qan itirmişdim deyə, halsız idim, gözlərim qaralırdı. Amanəyə dedim ki, qaç, qonşu Yaqut xalanı çağır. Gördüm Əmanə gəlib çıxmır, dalınca getdim. Baxdım ki, uşaq küçədə büzüşüb dayanıb. Uşaq bərk qorxmuşdu. Qonşuları çağırdım, baldızımın əri gəldi. Onlara dedim ki, evə oğru girib, Füzulini bıçaqlayıblar. Füzulini tez “Azərsutikinti”nin xəstəxanasına apardıq. Həkim müayinə edib dedi ki, 15-20 dəqiqədir keçinib”, – deyə Xalidə İsgəndərova ifadəsində bildirib.
Xalidə İsgəndərova ifadəsində həyat yoldaşının qətlində baldızının əri Mahirdən şübhələndiyini deyib: “Son vaxtlar Mahirlə Füzuli yola getmirdilər. Hətta Mahir Füzulinin meyitinə də yaxın gəlmədi, dedi qandan qorxuram. Füzulinin əmlakını talamaq üçün Mahirin bu cinayəti planlaşdırdığından şübhələnirəm. Füzuli qapalı adam idi. Ona məxsus evlərin, torpaq sahələrinin və obyektlərin barəsində mənə heç nə demirdi. Həmin evlər, obyektlər atasının, bacısının, bacısının ərinin adına idi”.
Qeyd edək ki, Xalidə İsgəndərova qızı Amanənin ifadəsindən sonra təqsirləndirilənə çevrilib. O, ifadəsində atasının mübahisə zəminində anası tərəfindən qətlə yetirildiyini bildirib. Qeyd edib ki, anası şübhələri özündən uzaqlaşdırmaq və evə cinayətkar daxil olduğu görüntüsünü yaratmaq üçün onun da əlinə yüngül xəsarət yetirib.
İbtidai istintaq zamanı Xalidə İsgəndərovadan qızının ifadəsilə bağlı fikirləri də soruşulub. O bildirib ki, Amanənin dedikləri həqiqətə uyğun deyil.
Sonradan Amanə İsgəndərova özü də təzyiq altında anasının əleyhinə ifadə verdiyini deyib.
“Gəlinimə ən ağır cəza verilsin…”
İfadələr elan olunandan sonra zərərçəkmişin hüquqi varisi kimi, Füzuli İsgəndərovun atası Haqverdi İsgəndərov dindirilib. O bildirib ki, oğlunun ailəsində həmişə qalmaqal, dava olub: “1992-ci ildə ailə qurmuşdular, bir il mənim yanımda qaldılar. Sonra ev alıb köçdülər. Hadisə baş verən gün səhər saatlarında mənə zəng edib Füzulinin öldürüldüyü dedilər. Onların yaşadıqları evə gəldim. Həyətdə 50-60 adam var idi. Xalidədən nə baş verdiyini soruşdum. Gəlinim də mənə bir nəfərin qarajda oğlumu bıçaqla vurduğunu dedi. Mən Xalidəni yaxşı tanıyıram, onun nəyə qadir olduğunu bilirəm. O, daha əvvəl bir dəfə Füzuliyə xəsarət də yetirmişdi. Hətta oğlum gəlinimdən qorxurdu…”
Haqverdi İsgəndərov deyir ki, qətldən səkkiz ay sonra – mayın 6-da oğlunun obyektlərindən birində nəvələri Amanə və Bülbüllə rastlaşıb və orada Amanə ona atasının anası tərəfindən qətlə yetirildiyini deyib: “Nəvələrim obyektdən pul almağa gəlmişdilər. Amanəni kənara çəkib dedim ki, bala, düzünü de, mənə həqiqəti danış. Ağlaya-ağlaya dedi ki, “baba, bütün gecəni anamla atam dalaşdılar, səhər pis səs eşitdim, durub gördüm ki, anam atamı bıçaqla vurub”. Uşağa deyib ki, bu iş gedib məhkəməyə, hökumətə düşsə, ikimizin də axırına çıxacaq. Ona görə qalan zərbələri də vurub öldürüb. Oğru söhbəti-filan yalandı. Özü evə oğru girməsi görüntüsünü yaratmaq üçün qarajın qapısını açıb, qonşuları çağırıb”.
Haqverdi İsgəndərov hesab edir ki, qətlin ört-basdır edilməsində Xalidənin qardaşının da rolu olub: “Qardaşı Türkiyədə yaşayır, Azərbaycanın oradakı səfirliyində işləyir. Hadisəni törədəndən sonra qardaşı İlyas İbrahimova zəng vurub ondan məsləhət alıb. Qardaşı da ona qətli başqa şəxsin törətməsi görüntüsü yaratmağı başa salıb. Bunlar Füzulini xəstəxanaya çatdıranda həkim deyib ki, bu adam 2-3 saat əvvəl ölüb. İlyasla oğlumun əvvəl də mübahisəsi olmuşdu. Bülbülün toyundan əvvəl bunlar Türkiyəyə getmişdilər, İlyasın evində qalmışdılar. Orada İlyas deyib ki, nəyin var, sat, gəl burada yaşa. Buna görə aralarında mübahisə düşüb, oğlum gecə ilə çıxıb gedib oteldə qalıb”.
Atası iddia edir ki, oğlunu sahib olduğu var-dövləti ələ keçirmək üçün aradan götürüblər.
Haqverdi İsgəndərov gəlininə ən ağır cəza verilməsini, həmçinin Azərbaycanın Türkiyədəki hərbi attaşesi İlyas İbrahimovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Zərərçəkmiş bildirib ki, o, bunun üçün dövlət başçısına, Müdafiə Hazirliyinə və Baş Prokurorluğa da müraciət edib.
Məhkəmə aprelin 19-da Amanə və Bülbül İsgəndərovaların ifadələrilə davam edəcək.